image-rt-reklam
image-vasif_kafarov_deputatbackend

Azərbaycan-İtaliya strateji tərəfdaşlıq əlaqələrinin yeni mərhələsi

image-728x90

Azərbaycan və İtaliya arasındakı münasibətlər son illərdə təkcə ikitərəfli müstəvidə deyil, həm də regional və qlobal kontekstdə strateji əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin və İtaliya Prezidenti cənab Sercio Mattarellanın Bakıda sentyabrın 30-da keçirdikləri görüş bu münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Azərbaycanla İtaliya arasında əməkdaşlığın yalnız enerji ilə məhdudlaşmaması və çoxşaxəli xarakter alması iki ölkə arasında strateji tərəfdaşlığın dayanıqlılığını artırır.

Energetika sahəsi Azərbaycan-İtaliya münasibətlərinin əsasını təşkil edir. 2020-ci ildən fəaliyyət göstərən Trans-Adriatik Qaz Kəməri Azərbaycan qazını birbaşa İtaliyaya çatdırmaqla ölkəmizin Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş rolunu daha da möhkəmləndirdi. Bu layihənin reallaşmasında Prezident Mattarellanın siyasi dəstəyinin xüsusi rol oynaması dövlət başçıları arasında qarşılıqlı etimadın praktiki nəticəsidir. Hazırda Azərbaycan 14 ölkəyə qaz ixrac edir və ixrac coğrafiyasının genişliyinə görə dünyada lider mövqedədir. İtaliyanın enerji balansında Azərbaycanın nefti birinci, qazı isə ikinci yerdədir ki, bu da ölkəmizin Avropanın enerji təhlükəsizliyində strateji tərəfdaş statusunu gücləndirir. Bununla yanaşı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın elektrik enerjisi ixracı üzrə Avropa İttifaqı ilə yeni layihələr həyata keçirməsi Xəzər hövzəsindən Avropaya qədər enerji körpüsünün formalaşmasına imkan verəcək və ölkəmizi yalnız xammal ixrac edən tərəfdaşdan daha çox regional enerji logistikası mərkəzinə çevirəcək.

Azərbaycanla İtaliya arasında iqtisadi münasibətlər yüksələn xətlə inkişaf edir. İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır və illik ticarət dövriyyəsinin artması ikitərəfli iqtisadi əməkdaşlığın dayanıqlı olduğunu sübut edir. İtaliya şirkətlərinin Azərbaycanda sənaye müəssisələri inşa etməsi, əməkdaşlığın enerji ilə məhdudlaşmadığını göstərir və iqtisadi əlaqələrin şaxələnməsinə şərait yaradır. Bu, həm Azərbaycanın qeyri-neft sektorunun inkişafına, həm də Avropa təcrübəsinin ölkəyə gətirilməsinə xidmət edir.

Azərbaycanla İtaliya arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də təhsil və humanitar sahədir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan İtaliya-Azərbaycan Universitetinin rəsmi açılışı oldu. Hazırda İtaliya-Azərbaycan Universitetində tədris olunan 8 bakalavr və 2 magistr proqramında 538 tələbə bakalavr, 102-si isə magistr səviyyəsində təhsil alır. İxtisaslardan 3-ü ikili diplom proqramıdır. Tədris proqramları elektrik və elektronika mühəndisliyi, memarlıq, interyer və kommunikasiya dizaynı, şəhərsalma, kənd təsərrüfatı və qida texnologiyaları, heyvandarlıq və müxtəlif menecment ixtisaslarını əhatə edir. Bakalavr və magistr proqramlarından əlavə, peşəkarlar üçün mütəmadi ixtisasartırma və sertifikat proqramları da həyata keçirilir. Müasir laboratoriyalar, ikili diplom proqramları və beynəlxalq tədqiqat imkanları universiteti regionda unikal təhsil layihəsinə çevirir. ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali məktəbi arasında qurulan bu əməkdaşlıq təkcə elm və təhsil üçün deyil, bu universitet həm də xalqlar arasında mədəni körpü rolunu oynayır. Burada yetişən gənclər gələcəkdə Azərbaycan-İtaliya münasibətlərinin intellektual və mədəni elçilərinə çevriləcəklər.

Avropa İttifaqı ilə əlaqələr müstəvisində İtaliyanın rolu da diqqətəlayiqdir. Roma uzun illərdir Azərbaycanın Avropa ilə yaxınlaşmasına dəstək verir və hazırda münasibətlərdə müsbət dinamikanın müşahidə olunması Azərbaycanın Avropa İttifaqı üçün strateji əhəmiyyətini artırır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Avropa İttifaqı ilə əlaqələrdə müsbətə doğru addımlar atılması həm Azərbaycanın maraqlarına uyğundur, həm də Avropa üçün yeni əməkdaşlıq imkanları yaradır. İtaliya burada vasitəçi və dəstəkçi kimi çıxış edərək, həm Bakının Avropa ilə əlaqələrini möhkəmləndirir, həm də özünün Avropadakı mövqelərini gücləndirir.

Bütün bunlar göstərir ki, coğrafi baxımdan uzaq yerləşən ölkələrin bu qədər səmərəli əməkdaşlıq etməsi beynəlxalq münasibətlərdə örnək ola bilər. Azərbaycan-İtaliya strateji tərəfdaşlığı sübut edir ki, yaxın münasibətlər yalnız coğrafi yaxınlıqdan deyil, siyasi iradədən, qarşılıqlı inamdan və ortaq maraqlardan asılıdır. Bu model digər regionlar üçün də nümunə ola bilər və beynəlxalq münasibətlər sistemində yeni əməkdaşlıq xəritəsinin formalaşmasına təkan verəcək.

Bütövlükdə Azərbaycan-İtaliya münasibətləri enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, təhsil və humanitar inteqrasiya, eləcə də Avropa İttifaqı ilə əlaqələrdə qarşılıqlı dəstək əsasında çoxşaxəli və dayanıqlı strateji tərəfdaşlıq modelinə çevrilib. Siyasi təhlillər göstərir ki, Azərbaycan-İtaliya strateji tərəfdaşlığı həm ikitərəfli, həm də regional və qlobal səviyyədə sabitlik və inkişaf üçün nümunəvi model kimi çıxış edir.

Vasif Qafarov

Milli Məclisin deputatı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90