“Bakı Metropoliteni” QSC-nin “Ulduz” stansiyasında işıqlandırma sistemi tamamilə yeni əsaslarla qurulub.
Ulusal.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, stansiyanın bütün sərnişin sahələrində qulluğu və təmiri böyük əmək qüvvəsi, müntəzəm nəzarət tələb edən işıqlandırma sistemi müasir standartlara cavab vermədiyindən yenidənqurma zamanı müasir, daha effektiv və qənaətcil sistemlərin tətbiqi mərhələli şəkildə həyata keçirilib. Yeni quraşdırılan LED lampalar stansiyanın platformasını, vestibül və keçidlərini tam əhatə edib.
Təmir müvəqqəti işıqlandırmadan istifadə olunmaqla hərəkət təhlükəsizliyi və sərnişindaşıma prosesinə maneə törətmədən gecə növbəsində təşkil olunub.
Platformada orta zal və stansiya yolarını əhatə edən köhnəlmiş və enerji sərfiyyatı daha çox olan 36 Vt güc vahidində olan 740 lüminisent lampa sökülərək çıxarılıb. Yeni işıqlanma sistemi əsasında 40 Vt-lıq LED tipli 357 ədəd lampa quraşdırılıb. Yeni lampalar qulluq baxımından daha əlverişli, həmçinin daha keyfiyyətli və uzunömürlüdür. Yeni işıqlandırma sistemi qurularkən stansiyanın memarlıq üslubuna uyğunluğuna diqqət yetirilib və bu stansiyanın tərtibatına yeni çalar gətirib.
Stansiyanın vestibüllərinin hər birində 32 ədəd 100 Vt gücündə lampalar da yenilənib. Lampaların sayı eyni qalmaqla gücü 48 Vt-dır. Keçidlərin də hər birində 72 Vt olan 32 lampa çıxarılıb. Onlar 32 ədəd 48 Vt lampa ilə əvəzlənib.
Buna qədər əsaslı təmir işləri aparılan stansiyalarla yanaşı, “Nizami”, “Elmlər Akademiyası” və “20 Yanvar” stansiyalarının işıqlanma sistemi dövrün tələblərinə uyğun yenilənib. Bu işlər dövrü olaraq davam etdiriləcək.