Gerçək adı Faiqə Atəşin olsa da, tamaşaçılar onu məlahətli səsi, gözəlliyi və artistlik qabiliyyəti ilə insanları valeh edən Ququş kimi tanıyırlar. Ququşun valideynləri Sovet Azərbaycanından İrana gəlmiş mühacir ailəsinə mənsub idi. Atası Sabir İbrahim oğlu Atəşin (1926 – 1988) əslən Bakıdan, anası Nəsrin Sübhi qızı Nuri (1932- 2003) isə Gəncə şəhərindən idi.
Doğum haqqında şəhadətnaməsində Faiqənin 7 fevral 1950-ci ildə anadan olduğu göstərilsə də, o, anasının sözləriini əsas gətirərək, həmin ilin may ayının 5-də doğulduğunu söyləyir. Valideynləri körpəliyindən onu “Ququş” deyə çağırırdılar. Ququş sözü, “qumru, alabaxta, ügeyik” kimi, göyərçinin bir növü olan “quğu” sözündəndir. Ümumiyyətlə, dilimizdə kiçiltmə və əzizləmə mənasında sözlərin sonuna “ş” şəkilcisi artırmaq ənənəsi var. Məsələn: Əli – Əliş, Qara – Qaraş, Miri – Miriş, Nuru – Nuruş, Cəbi – Cəbiş, ana – anaş, bəbə – bəbəş, nənə – nənəş, qağa – qaqaş və s.
Çox təəssüf ki, erkən yaşlarından Faiqə Atəşin – Ququş ana nəvazişindən məhrum böyüyüb. Ailə münaqişəsi zəmnində onun valideynləri ayrılıblar və körpə Faiqə atasının himayəndəsində qalıb. Qeyd edək ki, Faiqə – Ququşun özündən bir yaş kiçik, İbrahim adlı doğma qardaşı da olub. Qardaşı İbrahim özünə anası Nəsrin xanımın soyadını götürüb (Sübhi Nuri) və onun yanında böyüyüb, 24 yaşında isə vəfat edib. Doğma ana şəfqətindən məhrum qalan Faiqə Atəşin – Ququş isə ögey anasından çox zülmlər çəkib.
Balaca Faiqə əyləncə mərkəzlərində akrobatik hərəkətlər icra edən atası Sabir Atəşinin tərəf müqabili kimi çıxış etməyə başlayıb.
Atası hər yerdə tamaşaçılara onu Ququş adı ilə təqdim edərmiş. Qeyri-adi musiqi duyumu və bacarığı sayəsində Faiqə – Ququş tədricən tamaşaçıların sevimlisinə çevrilir. Faiqə – Ququş müxtəlif müğənniləri bacarıqla təqlid etmək bacarığına da sahib idi. Fitri istedadına görə çox keçmədən onu Tehran radiostudiyasına çağırırlar.
Oxuculara təqdim olunan bu şəkildə 6 və ya 7 yaşlı Ququş studiyada o dönəmin məşhur xanəndəsi Mustafa Payanı təqlid edir. Məlumat üçün bildirək ki, Ququşun təqlid etdiyi Mustafa Reza oğlu Cahangiri (1908- 1979) əslən Zəncan şəhərindən olan bir türk idi. Yeniyetmə zamanında iş tapmaq ümidi ilə dayısına qoşulub Bakıya gəlmişdi. Tale üzünə gülmüş, bir çörəkçi dükanında işə düşəlmiş, bir müddət də Bakıda çörəkçi işləmişdi. Daha sonra Bakıda musiqi təhsili almış, Azərbaycan radiosunun solisti kimi çox konsertlər vermişdi. 1941-ci ildə isə Mustafa Payan siyasi şərait səbəbindən İrana qayıtmaq məcburiyyətində qalmışdı. İrana geri dönüşündə oranın rəsmiləri ona “iş gününün axırıdır, sənə də “son, axırıncı, qurtarmış” anlamına gələn “Payan” soyadı ilə yeni pasport veririk” deyərək bu adı rəsmiləşdirmişdilər. Mustafa Payan və Ququşun atası Sabir Atəşin səmimi dost olublar. Təqdim olunan lent yazısında proqram aparıcıları Ququşa “artıq yorulduq” deyirlər. O isə “yox, heç yorulmadım; indi sizə ağay-e Mustafa Payanın bir mahnısını oxumaq istəyirəm” söyləyir. Aparıcı da “axı bizim Azərbaycan musiqisi ifa edən orkestrimiz yoxdur” deyəndə Ququş, “eybi yox, oxuyanda özüm-özümü müşayiət edəcəyəm” deyir və başlayır:
Qızıl üzük taxan oğlan,
Hey uzaqdan baxan oğlan.
Qəhrəmanlıq nişanıyla
Bəzənmişdir yaxan oğlan.
Eldən aldın qüdrəti sən
Kəndimizin şöhrətisən…
(Bax: //www.youtube.com/watch?v=RPi8vWB1Wy0 )
Faiqə – Ququş Tehranda “Dilşad” məktəbində dərsə gedirdi. Axşamları atası ilə birlikdə əyləncə mərkəzlərində çıxışlar etdiyi üçün dərsə hazırlaşmaq bir yana qalsın, normal yuxulamaq imkanından da məhrum qalırdı. Özünün sözlərinə görə, səhnə arxasında həmişə mürgüləyərmiş, çıxış sırası ona gələndə atası gəlib onu oyadarmış: “Oyan, sənin növbəndir”. Erkən yaşda mahnı oxumaq, rəqs etmək Faiqənin qayğısız uşaqlıq illərini əlindən alıb. Məktəbdə müəllimlərin ona yazığı gəldiyi üçün dərsdə yatmasına bir söz deməzlərmiş. Bir sözlə, konsertlər Ququşun yaxşı təhsil almasına mane olub. Bütün bunlar azmış kimi, ögey anası onu məcbur edərmiş ki, Faiqə – Ququş ögey bacı-qardaşlarının qulluğunda dursun.
Ququş ləqəbi ilə sürətlə şöhrətlənib sevilən Faiqə Atəşin müxtəlif studiyalar tərəfindən dəvətnamələr almağa başlayır, filmlərə çəkilir, səsi qrammafon vallarına yazılır. Onun 15 yaşında lentə aldırdığı “Evləri Maralanda” mahnısını dinləmək hörmətli oxucular üçün çox maraqlı olar. Məlumat üçün bildirək ki, Maralan, Təbrizin cənubi-şərqində yerləşən qədim bir məhəllə adıdır. Bu məhəlləyə türklər Maralan, farslar Ahuvan deyirlər. Bu paralelliyin səbəbi, “maral”ın türkcə, “ahu”nun farsca olmasıdır; “an” isə cəmlik mənası ifadə edən şəkilçidir. Ququş “Evləri Maralanda” mahnısını iki dildə oxuyub. Gənc Faiqə – Ququş mahnıya “Üzüm bağı” ( باغ انگور ) ilə başlayır, davamını Təbriz ləhcəsiylə, ana dilində tamamlayır:
Evləri Maralanda, ay gözəl,
Evləri Maralanda.
Məni də yadıva sal, gözəlim,
Heyvalar saralanda.
Ölürəm, ölürəm yar,
Qəribəm, aman yar.
Yazığam, aman yar…
(Bax: //www.youtube.com/watch?v=FqBAaFcIJuM 2.50 dəqiqədən)
Ququş o dövrdə Mərziyyə, Dilkeş, Puran, Hümeyra kimi tanınmış müğənnilərin, Əli Təcvidi, Mehdi Xalidi, Cavad Ləşkəri kimi bəstəkarların repertuarlarına müraciət etməklə bərabər, Sovet Azərbaycanından olan bəstəkarların Təbriz radiosunda səsləndirilən musiqilərini də imkanı daxilində öyrənib oxumağa səy göstərirdi. Onun bu qəbildən öyrəndiyi mahnılardan biri “Ay işığında” əsəridir. Şair Zeynal Xəlilin və bəstəkar Qənbər Hüseynlinin birgə əməyinin möhtəşəm nəticəsi olan “Ay işığında” mahnısı gənc Ququşun ifasında əla alınmışdır. Urmiyədə canlı ifa zamanı lentə alınmış həmin ifanı dinləmək çağdaş musiqisevərlər üçün maraqlı olardı:
(Bax: //www.youtube.com/watch?v=HaSTxOZhKsI )
Şair Rəcəb İbrahiminin sözlərinə bəstəkar Əli Səliminin özəl olaraq SSRİ xalq artisti Rəşid Bəhbudovun İran səfəri münasibətilə bəstələdiyi və təkrarsız Rəşid Behbudovun böyük məhəbbətlə oxuduğu “Ayrılıq” mahnısına Ququş da müraciət etmişdir. “Ayrılıq” elə əsərdir ki, ayrılığı yaşayanların hamısı kimi, Ququş da o mahnıya biganə qala bilməzdi. Ququşun səsində “Ayrılığ”ın nisgili, təsəlliolunmaz acısı dinləyicilərdə fərqli ovqat yaradır:
Gecələr fikrünnən yata bilmirəm,
Bu fikri, başımnan ata bilmirəm…
( Bax: //www.youtube.com/watch?v=S3JWtDgHeDY )
Faiqə Atəşin Fransanın Kann şəhərində keçirilən beynəlxalq müsabiqədə ifa etdiyi “Şəhərdən dönüş” (Retour de la Ville) ve “Səni sevirəm qışqırığını duyuram” (J’entends Crier Je T’aime ) mahnılarına görə “Qızıl val” mükafatına layiq görülmüşdür. İtaliyanın Kantaciro şəhərində keçirilən beynəlxalq festivalda Faiqə – Ququşun ingilis dilində oxuduğu “Mən sevgiyə inanıram” ( I believe in love) mahnısı dillər əzbəri olmuşdu. Geri döndüyündə minlərcə gənc qız onu təqlid edərək, saçlarını qısa kəsdirməyə başlamışdı. Bu sportiv qısa saç tərzinə indiyədək də İranda “Ququşi saç” ( موی گوگوشی ) deyirlər.
Faiqə – Ququşun ifasında “Qal, qal, əzizim” adlı Azərbaycan mahnısını izləmək olduqca xoşdur. Sağ əli ilə balağını tutaraq sol əlini mahnının ahənginə uyğun şəkildə hərəkət etdirərək oxuması səmimi təsir bağışlayır və tamaşaçılar da onunla bərabər mahnının sözlərini təkrarlayırlar:
Mən bir ALLAH bəndəsi, sevgiyə möhtac
Mən sənnnən, sən mənnən tapmışıq əlac.
İki qəlbin istəyi birgə döyünsün,
Bu hicranın sonluğu vüsala dönsün…
( Bax: //www.youtube.com/watch?v=-Z2VY3lRNjg )
Faiqə – Ququş bəstəkar əsərləri ilə yanaşı, xalq mahnılarını da çox məharətlə ifa edir. Səsi, əl-qol hərəkətləri və mimikası ilə oxuduğu mahnının tamaşaçıya daha təfərrüatlı şəkildə çatdırmağı bacarır. Bu xüsusda onun icrasında “Səkinə dayıqızı” mahnısı xüsusi kolorit qazanıb:
Bir dəsmal verib mənə.
Xuda elə iş düzəltsin,
Bir tuman alım sənə…
( Bax: //www.youtube.com/watch?v=CkilVLcPupU )
Faiqə Atəşin – Ququş 30-dan artıq filmə çəkilmişdir. Onun əsas rol aldığı filmlərdən ikisi bizim tamaşaçılara yaxşı tanışdır. Tamaşaçılarımız onun “Həmsəfər” ( همسفر ) filmində oynadığı Atifə rolunu və “Uzun gecə” kimi bildiyimiz “Gecə boyunca” ( در امتداد شب ) adlı filmində canlandırdığı Pərvanə surətini yaxşı xatırlayırlar. Ququşun hər iki filmdə oxuduğu mahnılar indi də şadlıq saraylarında keçirilən şənliklərdə bəzi müğənnilər tərəfindən ifa olunur. “Araz” kino-teatrında “Həmsəfər” filmi nümayiş etdiriləndə tamaşaçılar arasından bir dəstə gənc anidən Ququşla bərabər filmdəki məşhur mahnını xorla oxuyanda çox təəccüblənmişdim. Gənclər heytətamiz bacarıqla bir ağızdan Ququşun mahnısını təkrarlayırdılar:
Sən hansı nağıldansan? Səni duymaq adətim;
Yoxluğun faciəmdir, varlığın əmniyyətim.
Hansı yerdən gəlmisən həyatıma bixəbər?
Mənim yaxınlarımdan uzaqsan göylər qədər…
(تو از كدوم قصه ای كه خواستنت عادته
نبودنت فاجعه بودنت امنیته
تو از كدوم سرزمین تو از كدوم هوایی
كه از قبیله ی من یه آسمون جدایی)
(Bax: //www.youtube.com/watch?v=1IXC9vEOg94 )
Bizim tamaşaçılarımıza, xüsusən yaşlı nəslə “Uzun gecə” kimi yaxşı tanış olan “Gecə boyunca” ( در امتداد شب) filmində Ququşun böyük məharətlə səsləndirdiyi “Mərhəm” ( مرحم ) mahnısı bu gün də uğurla ifa olunmaqdadır. Məsələn, Xalq artisti Zülfiyyə Xanbabayeva Ququşun həmin məşhur mahnısını bacarıqla oxuyub:
Dərdim tüğyan etdi, qəddimi əydi qürbət,
Nicata yetmək üçün etdim səni ziyarət.
Getdim göz yaşı töküb ağlayıb edəm fəryad.
Muradım mərhəm idi, Kəbə, sən qıldın imdad…
(با قامتی شکسته از کوله بار غربت
در جستجوی مرهم راهی شدم زیارت
رفتم برای گریه رفتم برای فریا د
مرهم مراد من بود کعبه تو رو به من دا د)
( Bax: //www.youtube.com/watch?v=FjzcImMyBhA )
Bu gün mühacir həyatı yaşayan Faiqə Atəşin – Ququş haqqında müxtəlif ağlasığmaz və əsassız şayiələr mövcuddur. Bu şayiələrin bir qismi onu daha da ucaltmaq üçün sevənləri və sevdikləri tərəfindən uydurulmuş, gerçəkliklə heç bir bağılığı olmayan əfsanələrdir, bir qismi isə müğənnini ləkələyib gözdən salmaq məqsədi güdən böhtanlardır. Məsələn, bəstəsi Pauls Raymonda, sözləri Andrey Voznesenskiyə aid olan və Alla Puqaçovanın oxuduğu “Milyon qızılgül” (“Миллион алых роз”) mahnısının guya, ilk dəfə 1969-cu ildə Ququş tərəfindən oxunması haqqında fikirlər əfsanədən başqa bir şey deyildir. Bəzi kələkbazlar bu əfsanəni “sübut” etmək üçün müğənni Fərzanənin 2008-ci ildə səsləndirdiyi “Melyon gol-e sorx” variantını “dəlil” də göstərirlər. Bəziləri də bizim milli məsələdə duyğularımızın həssaslığından sui-istifadə edərək onun məlum etnik nümayəndə ilə evlənməsi barədə iftiralar söyləyirlər. Öz böhtanlarını “sübut” etmək üçün, “elə deyilsə, niyə burada konsert vermir?” sualını ortaya atırlar.
Öz səsi, ifa tərzi ilə dünyanın əzəmətli konsert salonlarını alqışlardan lərzəyə gətirən Faiqə Atəşin – Ququş, harada oxumasından asılı olmayaraq, mütləq Azərbaycan mahnılarına müraciət edir, Azərbaycan mahnılarını da öz tamaşaçılarına ərmağan edir. Kanadanın Vankuver şəhərində düzənlənən konsert programının açılışında Ququşun səhnəyə gəlişini ayaqda alqışlayan tamaşaçılara minnətdarlıq edən müğənni ingilis dilində onlara “Sizi sevirəm” deyir, sonra da birdən farsca “yaxşı, burada mənim yerlilərim də varmı? İkisini özüm görürəm”, – deyə soruşur. Salondan təsdiq səsləri gələndə Ququş öz ana dilində həyəcanla “Yaşasın Azərbaycan, gözəl yurdum, qurban olum!” söyləyir.
(Bax: //www.youtube.com/watch?v=n6SO45k5H7M 16- 41-ci saniyələr )
Bizcə, Şərq musiqisinin parlaq ulduzu Faiqə Atəşinin – Ququşun çoxsaylı tamaşaçı auditoriyası qarşısında ürəkdən söylədiyi “Yaşasın Azərbaycan, gözəl yurdum, qurban olum!” ifadəsi ona böhtan atanların hamısına tutarlı cavabdır.
prof. Ramazan SİRACOĞLU