image-rt-reklam
image-1backend

Partiya sədrliyinə görə atası və bacısı ilə dalaşan Elçin Ağamalı: “Anam bitərəfdir, qardaşım isə…” – MÜSAHİBƏ

image-728x90
Ana Vətən Partiyasının (AVP) oktyabrın 25-də keçirilən qurultayı təşkilatın yaradıcısı və sədri Fəzail Ağamalının ailəsində qarşıdurmaya səbəb olub. Toplantıda təşkilatın yeni sədrinin seçilməsi məsələsi müzakirə edilib. F.Ağamalı namizəd olmayıb. Onun yerinə iki övladı – oğlu Elçin Ağamalı və qızı, Milli Məclisin deputatı Günay Ağamalı namizədliyini irəli sürüb. Elə qalmaqal da bundan sonra başlayıb. F.Ağamalı qızının tərəfinin tutub, oğlunun sədr olmasına qəti etiraz edib.

Lakin Elçin Ağamalı atasının narazılığına məhəl qoymayıb, sədr olması məsələsini səsverməyə çıxarıb. Qurultaydan yayılan görüntülərdən məlum olur ki, xeyli nümayəndə ona səs verib. Belə olanda Fəzail Ağamalı tədbiri dayandırmalı olub. Bəs indidən sonra nə olacaq?

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan Elçin Ağamalı baş verənlərdən, partiyanın hazırkı vəziyyətindən və gələcək planlardan danışıb.

– Ana Vətən Partiyasının qurultayından sonra nələr baş verib?

– Qurultaydan sonra biz tərəfdən hüquqi sənədlərin hazırlanması və sənədlərin Ədliyyə Nazirliyinə təqdim edilməsi yönündə işlər gedir. Hazırda əsas işimiz bundan ibarətdir. Sənədləri Ədliyyə Nazirliyinə təqdim etdikdən sonra artıq gələcək planlarımız barədə müzakirələr edib açıqlama verəcəyik.

– Siz özünüzü Ana Vətən Partiyasının sədri hesab edirsinizmi?

– Bəli. Ana Vətən Partiyasının oktyabrın 25-də keçirilən qurultayında seçilmiş yeni sədriyəm.

– Hazırda sədr kimi fəaliyyətinizi necə davam etdirirsiniz? Partiyanın qərargahı varmı? Qurultaydan sonra ora getmisinizmi?

– Partiyamızın qərargahı var. Amma hələ ki, ora gedib fəaliyyət göstərmirik, kənardan fəaliyyətimiz davam etdiririk. İşimizin başındayıq.

– Partiyanın qərargahına getmək, orada oturmaq niyyətiniz varmı?

– Zamanla bu məsələlər də öz həllini tapacaq.

– Bu hadisələrdən sonra Fəzail müəllimlə görüşüb danışmısınızmı?

– Qurultaydan sonra Fəzail müəllimlə danışmışam. Hələ ki, fikir ayrılığımız mövcuddur, amma düşünürəm ki, zamanla bu məsələ də öz həllini tapacaq.

– Partiyanın üzvü kimi fəaliyyətiniz nə vaxtdan başlayıb?

– Ana Vətən Partiyası 1990-cı ildə yaranandan. Mən o zaman orta məktəbin sonuncu sinif şagirdi olaraq – 16 yaşımda partiyaya gəlmişəm. Partiya üzvlüyü 18 yaşından olduğuna görə, 2 il partiyanın təəssübkeşi kimi fəaliyyət göstərmişəm.

18 yaşım tamam olduqdan sonra üzv kimi ilk işim partiyanın Gənclər Təşkilatı olan “Gənc Bozqurdçular” Təşkilatını yaratmaq olub. İşə bununla başlamışam. Növbəti illərimi də (dövlət qulluğunda olduğum və son illər xaric) partiyanın işində fəal iştirak etmişəm. Ümumilikdə, həyatımın 25 ilini Ana Vətən Partiyasına həsr etmişəm.

– Partiyada hansı vəzifələrdə çalışmısınız?

– Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri, təşkilati məsələlər üzrə katib, beynəlxalq məsələlər üzrə müavin, Mərkəzin Aparatının rəhbəri, Mərkəzi Şuranın üzvü, İdarə Heyətinin üzvü kimi vəzifələrdə çalışmış. Hər zaman partiya quruculuğunda böyük rolum olub.

– Ailədaxili söhbətlərdə sədr postu ilə bağlı sizin adınız çəkilirdimi?

– Fəzail müəllim mənə daim öz dəstəyini verib. Həmişə mənim siyasi fəaliyyətimi dəstəkləyib və bir çox partiya üzvləri də Fəzail müəllim istefa verəcəyi təqdirdə məni lider kimi görmək istədiklərini bildiriblər. Onlar məni partiya rəhbəri kimi öncədən görür və bu barədə fikirlərini ifadə edirdilər.

– Elçin bəy, bacınız Günay Ağamalı niyə sizin sədr olmağınızı istəmir? Yaxud siz niyə bacınızı partiya rəhbəri kimi görmürsünüz?

– Bir mövzu bir az yanlış kontekstdə şərh olunur. Bu bacı-qardaş, ailə məsələsi deyil, partiya ailə təsərrüfatı deyil. Fəzail müəllim 35 ildir ki, partiyanın sədridir. Mən də 16 yaşımdan Ana Vətən Partiyasının fəaliyyətinə qoşulmuşam. 35 illik partiya fəaliyyətinin 25 ilini rəhbər orqanlarda vəzifə tutmaqla təşkilatın işində yaxından iştirak etmişəm.

Günay Ağamlı 2021-ci ildə, məndən 30 il sonra partiyaya gəldi və fəaliyyətini burada davam etdirmək isdədiyini dedi, kifayət qədər də uğurlu fəaliyyət göstərdi. Ətrafına da xeyli tərəfdaş topladı, effektiv fəaliyyət göstərdi. Fəzail müəllimin getmək məsələsi gündəmə gələndə Günay Ağamalının  tərəfdarları kimi, Fəzail Ağamalı özü də onu sədr kimi gördü, bununla bərabər, 35 il ərzində Ana Vətən Partiyasında mənimlə birgə yol gəlmiş partiya üzvləri fərqli düşündülər. Onlar  partiyaya daha çox fayda verəcək sədr kimi məni görürlər. Bu konflikt deyil, bizim soyadımızın eyni olması heç nəyi dəyişmir, buna iki insan arasındakı rəqabət kimi baxmaq lazımdır. Fəzail müəllimin hər iki övladı partiyada olub, hər ikisi partiya işində fəal iştirak ediblər, indi də Fəzail müəllim getdikdən sonra hər iki tərəfin adamları öz nümayəndələrini sədr kimi görmək istəyirlər. Məsələyə bu kontekstdən yanaşmaq daha düzgün olar.

– Bəs necə oldu ki, 30 ildən çox partiyada olan Elçin Ağamalı yox, təqribən 3 ilə yaxın partiyada olan Günay Ağamalı deputat oldu?

– Günay Ağamalı deputat olmağa layiqli namizəd idi. Bu səbəbdən də deputat seçildi. Həmin dövrlərdə mənim şəxsi işimlə, biznesimlə bağlı çətinliklərim olduğuna görə, ona daha çox vaxt ayırırdım, partiya işlərində yaxından iştirak edə bilmirdim. Ona görə də parlament seçkilərində namizədliyimi vermək fikrində olmadım.

– Atanız sizə deputatlığa namizəd olmağı təklif etmişdi?

– Fəzail müəllim həmişə mənə diqqətlə yanaşıb, öz dəstəyini verib. Amma son seçkilər zamanı namizədliklə bağlı aramızda danışıq olmadı. Mən əvvəlcədən bildirmişdim ki, namizəd olmaq niyyətində deyiləm.

– Elçin bəy, Ana Vətən Partiyasının parçalanma ehtimalı varmı?

– Partiyanın parçalanacağını düşünmürəm. Ana Vətən Partiyası kifayət qədər əzmli siyasi təşkilatdır, 90-cı illərin çətinliyindən keçib bu günə qədər gəlib çıxıb. Düşünürəm ki, hər şey qanuni olarsa, qurultayın nəticələri kölgə altına alınmazsa, partiyada ciddi parçalanma və itki olmayacaq. Baxmayaraq ki, qurultayın sonunda bir sıra rayon təşkilatlarının sədrləri nəticələrin kölgə altına salınacağı təqdirdə partiyadan istefa verəcəklərini bildirdilər.

– Qurultay digər təşkilati məsələlərə baxa bildimi? Siyasi Şuranın, İdarə Heyətinin, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının yeni tərkibi formalaşdırıldımı?

– Bəli, hər biri seçildi. Səsvermə oldu, hər birinin videogörüntüləri də var. Onlar da Ədliyyə Nazirliyinə təqdim olunacaq.

– Ədliyyə Nazirliyinin nümayəndələri qurultaya dəvət olunmuşdu?

– Xeyr.

– Hazırda İdarə heyətində neçə nəfər var?

– 5 nəfər.

– Neçə nəfər sizi dəstəkləyir?

– Qurultayda mənə səs verən şəxslərin sayı 95 nəfər oldu. 155 Qurultay nümayəndəsindən 95-i məni dəstəklədi.

– Elçin bəy, bu qurultay sanki bir az gizli keçirildi, mətbuata xəbər verilməmişdi. Bunun səbəb nə idi?

– Qurultayın yerini, vaxtını Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi müəyyənləşdirib. Amma mən prosesdə iştirak etməmişəm.

– Niyə?

– Məni bu proseslərdən kənarda saxlayıblar. Baxmayaraq ki, mən partiya sədrinin təşkilatı məsələlər üzrə müavin idim. Bütün işləri gizli görüblər. Ona görə də qurultaya kimin dəvət olunub-olunmamasından məlumatım olmayıb.

– Sizi kim kənarda saxlamışdı?

– Məncə, bunun cavabı hər kəsə məlumdur.

– Bəs qurultaydan necə xəbər tutub getdiniz?

Mən Ana Vətən Partiyasının Nərimanov rayon təşkilatından qurultay  nümayəndəsi seçilmişdim. Eşitdim, qurultay olacaq, getdim.

– Siz və bacınız sədr olmaq istəyirsiniz. Atanız bacınız Günay Ağamalını dəstəkləyir, özü də qəti formada. Bəs ananızın bu məsələlərə münasibəti necədir? Onunla danışırsınızmı?

– Təbii ki, anamla danışıram. Ətlə-dırnağın arasına girmək mümkün olmadığı kimi, anam da bu məsələlərdə tərəf tutmur, özünün bitərəfliyini qoruyur.

– Fəzail müəllimin 3 övladı var, bəs qardaşınız bu məsələdə hansı mövqedədir?

– O, qarışmır. Ümumiyyətlə bu proseslərdən kənarda dayanmağı seçir.

– Bəs şəxsi işləriniz necədir? Borclarınızı ödəyə bilmisinizmi? Biznesiniz davam edir?

– Biznesim davam edir. Bir çox borcları ödəmişik. Borclarla bağlı çətinliklərin bir qismi hələ də davam edir, amma inşallah ki, onların da yaxın zamanda öhdəsindən gələcəyimizə inanıram.

– Nə qədər borcunuz var?

– Elə də çox borcum yoxdur.

– Bəlkə siz Ana Vətən Partiyasına borclarınızı ödəmək mənbəyi kimi baxırsınız?

– Qətiyyən! Mən Ana Vətən Partiyasına qoşulanda 1990-cı il idi və 2010-cu ilə qədər heç yerdən maliyələşmirdi. Əksinə, mən zaman-zaman partiyanın çətin vaxtlarında maddi dəstək olmuşam.

– Son olaraq soruşum: Fəzail Ağamalı, Günay Ağamalı, Elçin Ağamalı – kim-kimə kompramisə getməlidir?

– Qurultayın nəticələrinə baxsaq, hesab edirəm ki, qarşı tərəf kompramisə getməlidir. Çünki qurultay öz işini sona çatdırıb, 155 nümayəndənin 95-i mənə səs verib və güzəştə gedəcək tərəf qarşı tərəf olmalıdır. İlk növbədə bu, Ana Vətən Partiyasının nümayəndələrinə hörmətdən irəli gəlməlidir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90