Xəbər verildiyi kimi, Qurban Pirimov Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru təyin edilib. Bu barədə mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb. Mədəniyyət Nazirliyi faktı təsdiqləyib.
Qeyd edək ki, kinostudiyanın direktorunun vəzifələrini Azər Quliyev icra edirdi.
Qurban Pirimov bundan əvvəl Azərbaycan Kino Agentliyində direktor müavini vəzifəsini icra edib. O, Azərbaycanın tanınmış tarzəni Qurban Primovun nəvəsidir.
Xatırladaq ki, “Azərbaycanfilm” kinostudiyasının rəhbər heyətində dəyişikliklər son illərdə tez-tez baş verir. Təkcə ötən il kinostudiyanın direktoru Nazim Hüseynov və onun müavini Aydın Hüseynov öz ərizələri ilə işdən çıxmışdılar.
“Azərbaycanfilm”in əvvəlki direktoru, rejissor Cəmil Quliyev 2019-cu ilin sonlarında vəzifəyə təyin olunsa da, bir il tamam olmamış istefa vermişdi. Sonra kinostudiyaya Fariz Əhmədov direktor gətirildi, lakin o da çox qısa müddətdən sonra rəhbərlikdən ayrıldı.
Bəs yeni təyinat özü ilə hansı yenilkləri gətirəcək? Azərbaycan kinosu ilə bağlı gözləntilər var?
Mövzu ilə bağlı Xalq artisti Rasim Balayev danışıb. Xalq artisti yeni təyinatdan heç bir gözləntisi olmadığını deyib:
“Bu təyinatların yerini dəyişməklə heç nə dəyişməyəcək. Vəlinin yerinə Əlini qoysunlar, yenə də nəticə eyni olacaq. Əgər təyin olunan direktorun əlində real səlahiyyət, yetərli güc yoxdursa, o nə edə bilər ki? Kinomuzu dirçəltmək istəyiriksə, bu işə kompleks şəkildə yanaşmaq lazımdır. Ora kifayət qədər maliyyə ayrılmalıdır.
Mədəniyyət Nazirliyinə böyük məbləğdə vəsait verilib, amma hələ də kinostudiyaya bir film belə sifariş edilməyib. Neçə ildir ki, kinostudiyanın rəhbərliyini tez-tez dəyişirlər, amma nəticə yoxdur, heç bir real dəyişiklik müşahidə olunmur. Ora kim təyin olunsa da, fərq etmir.
Elə bir idarəetmə strukturu yaradılmalıdır ki, ora rəhbərlik edən şəxs həmin qurumu işlədə, inkişaf etdirə bilsin. Təəssüf ki, hazırda belə bir struktur mövcud deyil”.

Şeyx Əbdül Mahmudov
Xalq artisti, tanınmış kinorejissor Şeyx Əbdül Mahmudov isə kinostudiyaya yeni təyinatı böyük sevinc və ümidlə qarşıladığını bildirib:
“Kinostudiyaya yeni rəhbər təyin olunması xəbərini böyük sevinclə qarşıladım. Qurban Pirimovun ora təyin olunmasını mən öz mübarizələrimin nəticəsi kimi görürəm. Milli kinostudiya bizim kino məbədimizdir, o, bərpa edilməlidir, əvvəlki şöhrətinə qovuşmalıdır.
Qurban Pirimov azərbaycanlı kino adamıdır, bu sahəni dərindən bilir. O, daha əvvəl Azərbaycan Kino Agentliyində çalışıb, kinoya canı yanan, bu sənətə ürəkdən bağlı insandır. Üstəlik, onun sənət cameəsində əlaqələri var, bu da işlərin irəliləməsi baxımından çox vacibdir.
Mən inanıram ki, Qurban Pirimovun rəhbərliyi dövründə kinostudiya yenidən nəfəs alacaq, illərdir unudulmuş potensial dirçələcək. Biz də əlimizdən gələni edəcəyik ki, ona dəstək olaq, çünki məqsədimiz birdir – Azərbaycan kinosunu dirçəltmək.
Allah kömək olsun, inşallah, bu təyinat kino sahəsində yeni bir başlanğıca çevriləcək”.“Yeni Müsavat”






















