“SBC Otomasyon Sistemləri” şirkətinin ofisinə gələn hər bir kəs burada sanki incəsənət aləminə düşür
Xəbər verdiyimiz kimi, ötən həftə “SBC Otomasyon Sistemləri Sənaye və Ticarət A.Ş.” şirkətinin Azərbaycanda fəaliyyətə başlamasının 15-ci ildönümü tamam oldu. Şirkət həm bu yubiley, həm də Azərbaycan mətbuatının 150 illiyi münasibətilə jurnalistlərlə görüş keçirdi.

Həmin görüşdə verilən rəsmi açıqlamalar barədə 23 oktyabr tarixli “15 illik fəaliyyətin dəyərləndirilməsi” adlı yazımızda məlumat vermişdik. Həmçinin, şirkətin ofisində ulu öndərlər Heydər Əliyev və Mustafa Kemal Atatürkün fotoları olan guşə, ofisdəki “Qarabağ atı” rəsminin tarixçəsi, o cümlədən BAYRAQDAR MEDİA-nın suallarına verilən cavab, ən nəhayət şirkətin ofisinin divarlarını bəzəyən rəsmlərin müəllifi haqqında növbəti saylarımızın birində geniş toxunacağımızı da qeyd etmişdik.
Beləliklə, öncə başlayaq Şirkətin ofisinin baş guşəsində yerləşdirilən, ulu öndərlər Heydər Əliyev və Mustafa Kemal Atatürkün nəhəng portlərinin, o cümlədən iki qardaş ölkə olan Azərbaycanla Türkiyənin bayraqlarının yerləşdiyi guşədən.
Serkan Kamer Cemal oğlu: Bu, həm dahi şəxsiyyətlərə ehtiramın nümayişi, həm də şirkətin “Bir millət, iki dövlət” fəlsəfəsinə sadiqliyinin nümunəsidir
Məlumat üçün bildirək ki, guşə üçün elə bir yer seçilib ki, ofisə daxil olan hər bir kəs ilk olaraq o guşəni görür. “SBC Otomasyon Sistemləri Sənaye və Ticarət A.Ş.” şirkətinin rəhbəri Serkan Kamer Cemal oğlu dedi ki, bu həm dahi şəxsiyyətlərə ehtiramın nümayişi, həm də şirkətin “Bir millət, iki dövlət” fəlsəfəsinə sadiqliyinin nümunəsidir: “Azərbaycanda 15 ildir fəaliyyət göstərən şirkətimiz ilk fəaliyyətə başladığı andan bu gün kimi bir məsələni əsas tutub. Fəaliyyətində “Bir millət, iki dövlət” fəlsəfəsinə sadiq olmaq. Ulu öndər Mustafa Kemal Atatürk deyirdi ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdi”. Ulu öndər Heydər Əliyev isə bəyan etmişdi ki, “Azərbaycanla Türkiyə bir millət, iki dövlətdir”. Biz də şirkət olaraq 15 il ərzində iki qardaş ölkənin sevincli günlərində sevindik, kədərli günlərində kədərə şərik olduq, həmçinin dar günlərdə əlimizdən gələni dəstəyi göstərdik. Eyni zamanda, bir millətin iki dövlətinin vətəndaşları olaraq Azərbaycanın 44 günlük Vətən savaşındakı tarixi Zəfəri bizlərə də sonsuz qürur və sevinc bəxş etdi. Bunu hər kəs bilsin ki, bundan sonra da eyni əzmkarlıq və dövlətlərimizə sadiqlik ruhu ilə yolumuzu davam etdirəcəyik”.
Serkan bəy, eyni zamanda ofisi bəzəyən böyük bir rəsm əsəri haqqında da məlumat verdi. Bu min bir rəng çaları ilə çəkilmiş “Qarabağ atı” rəsm əsəridir. Qeyd edildi ki, əsərin müəllifi Türkiyədən olan Binnur Ersoy xanımdır: “Bu əsər bir xeyriyyə gecəsi üçün çəkilmişdi. Biz də onu aldıq. Həm aksiyaya dəstək olduq, həm də özündə sevgini, qətiyyəti, sabaha inamı ehtiva edən bu əsəri şirkətin ofisində yerləşdirdik. Çox pozitiv ruhlu bir əsərdir. Xaricdən gələn qonaqlarımız tərəfindən də maraqla qarşılanır”.

Lakin “Qarabağ atı” ofisdəki heç də yeganə rəsm əsəri deyil.
Diqqətimizi şirkətin İctimaiyyətlə Əlaqələr üzrə Marketinq Direktoru Tuğba Kamerin otağının divarlarını bəzəyən rəsmlər cəlb etdi. Diqqətlə baxdığımızı görən Tuğba xanım “bunları qızım Yağmur çəkib. Rəsm çəkməyə böyük marağı var. Biz də ilk olaraq bura, divara asaraq 10 yaşlı qızıma mənəvi dəstək olduq. Amma düşünürük ki, Yağmurun rəsmlərindən ibarət bir sərgi təşkil edək. Özü də bunu çox istəyir”.
Qeyd edək ki, bir-birindən maraqlı rəsmlərdə Yağmur dünyaya, ətrafa, cəmiyyətə baxışlarını əks etdirib. Nəhayət, keçək yazımızda qeyd etdiyimiz məqamlardan sonucusuna.
Birinci sualımız o idi ki, şirkətdə Azərbaycandan olan işçilərin sayı nə qədərdir? Serkan bəy bu suala dərhal və qətiyyətli cavab verir: “Əslində şirkətimizdə, o cümlədən şirkətimizin fəaliyyət sahələrində çalışanların mütləq əksəriyyəti azərbaycanlılardır. Yaxın vaxtlarda digər layihələrimiz, o cümlədən dərman istehsalı ilə bağlı layihəmiz də reallaşacaq və orada da azərbaycanlı çalışanlar üstünlük təşkil edəcək”.

İkinci sualımız isə qlobal tələblərdən irəli gələn daha təhlükəsiz şəhər konsepsiyasına şirkətin yanaşması ilə bağlı oldu. Həmin sualımızı cavablandıran Türkiyədəki şirkətlər qrupunun qurucusu Mustafa Demirmenci dedi ki, təkcə dünənin və bu günün deyil, sabahın da aparıcı şirkəti olmaq iddiasını ortaya qoyan digər şirkətlər kimi “SBC Otomasyon Sistemləri Sənaye və Ticarət A.Ş.” şirkəti də qlobal çağırışlara hazırdır: “Biz də fəaliyyətimizi qlobal çağırışlara uyğun qururuq. O cümlədən sualınızla bağlı deyə bilərəm ki, biz yeni təhlükəsiz şəhər konsepsiyasında daha əlçatan, dinamik yanğınsöndümə mexanizminin olmasını vacib sayırıq. Bununla bağlı konkret təklif və fəaliyyət mexanizminə malikik. Təbii ki, digər sahələrdə də yeniliklər hazırıq, yaxud da o yenilikləri təklif edirik”.
Beləliklə, oz işini günün tələbləri prizmasından quran şirkətlə bağlı təəssürat yazımızı tamamlayırıq. Sonda isə onu qeyd etmək yerinə düşər ki, “SBC Otomasyon Sistemləri” şirkətinin ofisinə baş çəkən iş dünyasının təmsilçiləri təkcə müsbət bir fəaliyyət keçmişinə malik qurumla yaxından tanış olmur, həm də burada sanki incəsənət aləminə düşür. Necə deyərlə, bu ofisdə iş dünyası ilə sənət aləmi bir araya gəlib.






















