Qızılgül (Ayısəsi) Dərələyəz mahalı Keşkənd rayonunda kənddir. Rayon mərkəzindən 20 km şimal-şərqdə yerləşir.
Mənbələrdə kəndin adı Aysəs, Aysayi, Aysası formalarında qeydə alınmışdır. Kəndin adı IX əsrdən xatırlanır. 1988-ci ildə kəndin sakinləri Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.
Qızılgülün Novruz adətləri barədə yazmağımın məqsədi bu bayramın özünəməxsus şəkildə qeyd edilməsini diqqətə çatdırmaqdır.
Qızılgül kəndi
Qızılgül kənd sakini, mühəndis Məmmədova Gülnar Azad qızı – Qızılgül (Ayısəsi) kəndi dağlarla əhatə olunmuşdu. Kənddə hamının bir-biri ilə qohumluq əlaqəsi var idi. Kəndimizin Novruz adətləri barədə danışmaq istəyirəm. Ən sevdiyim Novruz adətlərindən biri bütün çərşənbələrdə və bayram günü ipə asılan kəlağayı idi. Sanki bu qırmızı kəlağayı bayramın gəlişini xəbər verən bir atribut idi. Su çərşənbəsində hamı bir-birinə su atırdı, şaxtalı gün belə olsa, heç kim bu adətə etiraz etmirdi. Od çərşənbəsində hər həyətdə ocaq qalanardı. Kəndin cavanları maşın şinlərini Həsən əmigilin evinin qabağındakı qayaya çıxarıb 7 ocaq qalayardılar. Yel çərşənbəsində buğda qovrulurdu. Sini dediyimiz məcməyidə əvrənirdi. Torpaq çərşənbəsində isə həyətlər təmizlənir və torpağı şumlayırdılar. Təzə paltar da alınardı.
Duzlu kökə bişirib gənc qızlara verərdilər ki, sevdiyi oğlan yuxuda ona su verəcək. Bu bir inanc idi. Bayram süfrəsinə üstündə xoruz əti olan əriştəli aş, qovurmalı yemək, çəlləkdə qoyulmuş turşu, göyərmiş küpə pendiri, itburnu şirəsi və s. düzülərdi. Xonçalara İrəvan kətəsi, müxtəlif meyvələr, çərəzlər, şirnilər, meyvə quruları və s. qoyulardı. Indi işğalda olduğu üçün kəndimizin həsrətindəyik. İnanırıq ki, tezliklə bütün Qərbi Azərbaycanda Novruz bayramı qeyd olunacaq.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi
Osman Əhmədzadə