image-rt-reklam
image-1backend

LAVROVUN SSRİ “BURCUTMASI”… – XİN başçısı öz mesajından niyə imtina edir?

image-728x90

Rusiya XİN başçısı Sergey Lavrovun Alyaska görüşünə nümayişkaranə şəkildə üzərinə SSRİ yazılan köynəklə gəlməsi çoxları tərəfindən Rusiya rəhbərliyinin həyasız və primitiv imperiyaçılıq “tryuku” kimi qiymətləndirildi. Əlbəttə, Tramp da bu baxımdan Kremldəkilərdən fərqlənmədi və Putinin başının üzərindən “B-52” ağır bombardmançısını uçurmaqla onun da “jestlər dilində danışmağı bacardığını” göstərdi.

Lakin ümumilikdə hər iki “jest” dünyanın ən iri nüvə potensialına malik ölkələrinin qətiyyən adekvat, təmkinli və məsuliyyətli adamlar tərəfindən idarə oluinmadığını bir daha ortaya qoydu…

Alyaska görüşündən xeyli vaxt ötsə də, Ukraynadakı işğalçılıq müharibəsinin davam etməsi fonunda Lavrovun “SSRİ köynəyi” öz simvolik aktuallığını saxlayır. Hətta “NBC News”-a müsahibəsi zamanı da ona bununla bağlı sual verilib.

O isə cavabında deyib: “SSRİ-yə gəlincə. Əgər siz öz köklərinizi xatırlamırsınızsa, uşaqlıq, gənclik, ilk məhəbbət, dostlar haqqında nostalji xatirələriniz yoxdursa, o zaman bəşəriyyəti və insani dəyərləri demək olar ki, təmsil edə bilməzsiniz”.

Lavrov qeyd edib ki, Rusiya bütün keçmiş sovet respublikalarını müstəqil dövlət kimi tanıyıb və guya onlarla bərabər tərəfdaş kimi davranır: “Biz onlarla tam müstəqil dövlətlər kimi münasibətlərimizi inkişaf etdiririk. Amma Ukrayna kimi ölkələr rusluğa aid hər şeyi fiziki və hüquqi cəhətdən məhv etməyə başlayanda… Təsəvvür edin ki, hansısa başqa ölkədə ingilis dilini, Amerika tarixini qadağan edirlər…”.

Təbii ki, Rusiya işğalı başlamazdan əvvəl Ukraynada rusluğa aid heç nəyə dəyib toxunan yox idi. İndi isə Kreml istəyir ki, törətdiyi bütün vəhşiliklərdən – işğaldan, qırğınlardan sonra ukraynalılar rusluğa aid hər şeyi öpüb gözləri üstə qoysunlar. Digər yandan ABŞ-nin indiyə qədər hansısa ölkəyə qarşı onun ingilis dilinə, yaxud ABŞ tarixinə “hörmətsizliyinə” görə müharibə başlatması faktına rast gəlinmir…

Nəhayət, Rusiya XİN rəhbəri ölkəsinin SSRİ-nin bərpasında guya qəti maraqlı olmadığını iddia edib: “Xeyr. Biz Sovet İttifaqında doğulmuşuq. Rusiya Prezidenti Vladimir Putin dəfələrlə deyib ki, SSRİ-nin dağılmasına peşman olmayanların ürəyi yoxdur. Amma onu bərpa etmək istəyənlərin də başı yoxdur. Bu, tamamilə doğru ifadədir”.

 

 

Bəli, SSRİ-ni bərpa etmək istəyənlərin doğrudan da başı yoxdur. Lakin Putinin bütün bunları deyərkən nə dərəcədə səmimi olduğu böyük sual altındadır və çox zaman onun dedikləri ilə etdiklərinin 180 dərəcə əks xarakter daşıdığını görmüşük. Başa gəlincə, Rusiya Ukraynaya qarşı müharibəyə başlamağa qərar verən gündən artıq zatən başını itirib, o cümlədən də onun başında duranlar, Kreml təbliğatçıları, imperiyaçılar, şovinistlər, “Z bloqerlər” və sair. Ona görə də bu başla onun SSRİ-nin bərpasına çalışması təbiidir…

Bir sözlə, Lavrovun hansı köynək geyməsindən asılı olmayaraq, Rusiya siyasi rəhbərliyi və Lavrovun özü həm işğalçılıq müharibəsindən, həm də böyük ümidlər bəslənən Alyaska görüşündən istədiyi nəticəni, effekti ala bilmədi. Tramp birmənalı şəkildə Ukarynadan imtina edərək, Rusiyanın çaldığı havaya oynamadı. Rusiyaya qarşı sanksiyalar ləğv edilmədi, yumşaldılmadı, Ukraynaya silah yardımı davam edir, kəşfiyyat məlumatları ötürülür, onun təhlükəsizlik zəmanətləri aktiv şəkildə müzakirə olunur (bu zəmanətlərdə ABŞ də rol oynayacaq) və sair. Bütün bunlar heç də Lavrov kimilərin SSRİ xülyaları ilə qəti uzlaşmır və uzlaşmadığı üçün də Rusiya XİN başçısı SSRİ maykasını geyməsinin gerçək səbəblərilə bağlı əminliklə danışa bilmir… “burcudur”.

Əlbəttə ki, Lavrov da, onun Kremldəki “şefi” də xəyallarında SSRİ-nin, və yaxud hansısa digər formada Rusiya imperiyasının bir vaxtlardakı qüdrətinin və ərazisinin bərpasını istəyirlər. Bundan ötrü ürəkləri gedir, burunlarının ucu göynəyir. Amma gücü çatmır, alınmır… və heç vaxt da alınmayacaq!“AzPolitika.info”  

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90