image-rt-reklam
image-1backend

Bir partlayışın izi ilə – almanlar diversantları müəyyən edib, ancaq ruslar qane olmur

image-728x90

Avqustun 26-da Rusiyanın çağırışı ilə BMT Təhlükəsizlik Şurasndaı 2022-ci ilin sentyabrında Danimarkanın Bornholm adası yaxınlığında “Şimal axını” qaz kəmərinin üç xəttinin partladılması ilə bağlı yaranmış yeni hallarla əlaqədar iclas keçiriləcək.

Buna səbəb dünya mətbuatında təxribat iştirakçılarından birinin həbs edilməsi ilə bağlı yayılan xəbərlərdir.
Xatırladaq ki, təxminən 3 il öncə Rusiya qazını Avropa ölkələrinə nəql edən bu qaz kəmərinin partladılması nəticəsində Rusiyaya külli miqdarda maddi ziyan dəyib, Avropa ölkələri qazla təminatda məhdudiyyət yaşayıb və bu hadisədən sonra dünya bazarında mavi yanacağın qiyməti xeyli artıb.

Ancaq bu diversiya aktına görə heç bir ölkə və ya təşkilat məsuliyyəti öz üzərinə götürməyib. Heç bir ölkədə təxribatın kimlər tərəfindən törədildiyinə dair mötəbər dəlil-sübutlar yoxdur. Eləcə, gümanlar var.
Hətta məsələyə “bu cinayət kimə sərf edirdi” deyə aydınlıq gətirməyə çalışan qədim Roma hüquqşünasları kimi yanaşanların da gümanı bir neçə səmtə gedirdi. Prinsipcə, bu diversiyanın törədilməsində Rusiyanın hərbi təavüzünə məruz qalan Ukrayna maraqlı olmalıydı. Moskvanın əndazəsini aşmış hərbi aqressiyası bu dövləti özünüqoruma instinkti ilə düşmənə hər cür zərbə vurmağa, onu sabit maliyyə qaynağından məhrum etməyə sövq edə bilərdi.

sevpot.jpg (112 KB)

Məsələ ondadır ki, bir çox Avropa ölkələri Ukraynaya yardım göstərsələr də, Rusiyanın təcavüzünü qınasalar da, ona qarşı növbənöv sanksiyalar tətbiq etsələr də, bu dövlətdən o dövr üçün ucuz qaz almaqdan imtina etmirdilər. Bu isə Rusiyanın əlini gücləndirirdi.

“Şimal axını”nın partladılmasının ikinci sərf etdiyi ölkə ABŞ-dir. Həmin vaxt hakimiyyətdə olan Bayden administrasiyası Rusiyaya qarşı olduqca barışmaz mövqedəydi, bacardığı qədər onu zəiflətməyə çalışırdı. Bu diversiya da Kremlə qarşı yönəlmiş aktlardan biri ola bilərdi. ABŞ-nin kəmərə müdaxiləsi versiyasını amerikalı jurnalist Seymur Herş də dəstəkləyib. Onun əlində etibarlı faktlar olmasa da, güman edirdi ki, minalar NATO-nun həmin vaxt baş verən hərbi dəniz manevrləri zamanı döşənib.

Bu hadisənin Rusiyanın özü tərəfindən törədilə biləcəyinə dair ehtimallar isə bir sıra Qərb mediası tərəfindən ehtimallara əsaslanaraq irəli sürülüb. Bu versiyanın yaranmasına sığorta ödənişləri ilə bağlı problemlər səbəb olub, çünki qaz kəmərləri bir sıra Britaniya, Almaniya və İsveçrə şirkətləri tərəfindən sığortalanıb, bunun üçün qəzanın günahkarını tapmaq və ona milyardlarla avro məbləğində hesab təqdim etmək vacib idi. Ancaq bu versiyanın doğruluğunu sübut etmək istiqamətində uğur əldə etmək mümkün olmayıb.
Avropa ölkələrinin bu işdə roluna gəlincə, buna az ehtimal verilir. Qazı kəsilən, qaza görə milyardlarla avro həcmində ziyana düşən Avropadır və onun “qızıl yumurtlayan toyuğu” kəsməsi absurd olardı.

Hazırda Almaniya mediası qaz kəmərlərinə qarşı təxribatda iştirak etdiyi iddiaolunan şəxsin İtaliyada həbs edilməsi barədə məlumat yayıb. Söhbət ailəsi ilə birlikdə Adriatik dənizindəki Rimini kurortunda istirahətdə olan 49 yaşlı Sergey Kuznetsovdan gedir. O, Ukrayna ordusunun kapitanıdır. Almaniya Federal Prokurorluğu Ukrayna vətəndaşının həbsi və Almaniyaya ekstradisiyası zərurətini əsaslandıraraq qeyd edir ki, şübhəli şəxs “Andromeda” yaxtasında qaz kəmərinin partlaması zonasında 6-7 nəfərlik qrupun tərkibində olub, onlardan ikisi Ukrayna hərbçisi, dördü isə, ehtimal ki, mülki şəxsdir.

almprok.jpg (75 KB)

Almaniya prokurorluğu güman edir ki, bu qrup qaz kəmərləri sahəsinə təxribatdan bir neçə ay əvvəl gəlib və borulara heksogenlə doldurulmuş, çəkisi 20 kq-a qədər olan dörd partlayıcı qurğu yapışdırıb. Partlayış sentyabrın 26-da məsafədən həyata keçirilib.

Almaniya qanunlarına görə, şübhəli şəxs təqsirli bilinərsə və prokurorluq onu təxribatın təşkilatçısı hesab edərsə, onu 15 ilə qədər həbs gözləyir.

Həbs edilən şəxs İtaliyanın Bolonya şəhərinin məhkəməsi qarşısına çıxıb, lakin həmin vaxt Ukraynada olduğunu əsas gətirərək təqsirini boynuna almayıb. Onun təqsirini etiraf etməkdən imtina etməsi məcburi şəkildə Almaniya tərəfinə verilməsini nəzərdə tutur.

Bura qədər diversiya aktının istintaqı Danimarka, İsveç və Almaniyanın polis orqanları tərəfindən aparılıb. Rusiyanın istintaqda iştirakına icazə verilməyib, lakin onlar da öz hərəkətlərini bir-biri ilə əlaqələndirməyiblər. Tezliklə danimarkalılar və isveçlilər işlərinin effektsiz olduğunu etiraf edərək hərəkətlərini məhdudlaşdırıblar. Bu, ondan xəbər verirdi ki, əslində isveşlilər və danimarkalılar diversiyanın müəlliflərinin izinə düşüblər, sadəcə, gedib üstünə çıxmaq istəmirlər.

Ancaq bu işdə tək qalan almanlar istintaqı davam etdiriblər.

Alman müstəntiqləri partlayışlardan bir gün əvvəl Almaniyanın ərazi sularına daxil olan “Andromeda” yaxtası cəlb edib. Bu, altı mühərriklə təchiz edilmiş polad gövdəli motorlu yaxtadır. Yaxta Kayman adalarının bayrağı altında üzür. Başqa sözlə, tam hüquqlu çoxməqsədli gəmidir. Yaxta ukraynalılar tərəfindən icarəyə götürülüb. O, Almaniyanın ərazi sularına daxil olarkən bu ölkənin sərhəd orqanlarına sərnişinlərin siyahıları təqdim olunub. Buna görə də yaxtanın ukraynalı heyətinin bütün adları Almaniya polisinə məlumdur.

Təxribatdan sonra ukraynalılardan biri bir müddət Almaniyada olub və dərhal almanlar tərəfindən axtarışa verilib. Lakin o, Polşaya qaça bilib, oradan da Ukraynaya qayıdıb. Almaniya prokurorluğunun tələbinə baxmayaraq, polyaklar iddianın gec daxil olması səbəbindən şübhəli şəxsi saxlamayıblar. Nəticədə almanlar İnterpolla əlaqə saxlayıblar.

borrr.jpg (130 KB)

Rusiya mediası və bəzi rəsmi qurumlar hesab edirlər ki, Almaniya istintaqı diqqəti amerikalılardan yayındırmaq üçün aldadıcı manevrdir. Bir metr diametrli örtüklü polad boruların partladılması əməliyyatının yalnız xüsusi avadanlıqdan istifadə etməklə , həm də peşəkar üzgüçülər tərəfindən partladılması mümkündür. 80 metr dərinlikdən qalxmaq (professional üzgüçülərin hazırda endiyi maksimum dərinlik) altı saat çəkərdi.

Bundan əlavə, heç bir iz buraxmadan belə miqyasda təxribatı həyata keçirmək mümkün deyil. Bəzi sənədlər qalmalı idi və Baydeni əvəz edən Tramp əvvəlki administrasiyanın nümayəndələrini təqib etmək üçün bu sənədlərdən istifadə edərdi. Amma bu baş verməyib.

Ruslar hesab edir ki, NATO-ya üzv ölkələrin xüsusi xidmət orqanlarının dəstəyi olmasaydı, ukraynalılar ən dayaz yerlərdə belə qaz kəmərlərinin koordinatlarına daxil ola bilməzdilər. Demək, bu işdə onlara hansı xüsusi xidmət kömək edib. Rusiya NATO-dan şübhələnir.

Ancaq ən paradoksalı odur ki, 3 il 6 ayda Ukraynanın paytaxtı da daxil olmaqla onlarla şəhər və qəsəbələrini darmadağın dağıdan, ölkəyə trilyonlarla dollar həcmində zərər vuran Moskva durub-durub “tərs şillə” kimi qəbul ediləcək bir hadisənin davasını aparır. Moskva Kiyevə qarşı total və hibrid müharibə aparırsa, Kiyevin də ona eyni cür cavab vermək haqqı yoxdurmu?

Sən yerüstü kəmərləri vura bilirsən, sənin də dənizaltı kəmərini dağıdırlar.

Araz Altaylı, Musavat. com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90