image-2000x150
image-4backend

Heydər Əliyevin Milli Mədəniyyətə Qayğısı

image-728x90

1993–2003-cü illər ərzində yeni mədəniyyət siyasətinə uyğun olaraq dövlət tərəfindən çoxsaylı və mühüm əhəmiyyətli işlər görülmüşdür. İlk növbədə, mədəniyyət siyasətinin həyata keçirilməsinin ən əsas vasitələrindən biri olan hüquqi cəhətdən mükəmməl, dünya standartlarını və milli özəllikləri nəzərə alan qanunların hazırlanmasına ciddi diqqət yetirilmişdir. Bir sıra qanunlar, o cümlədən “Mədəniyyət haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Turizm haqqında”, “Nəşriyyat işi haqqında”, “Muzeylər haqqında”, “Arxiv fondu haqqında”, “Memarlıq fəaliyyəti haqqında” qanunlar, bir sözlə, 2003-cü il daxil olmaqla 21 qanun Milli Məclisdə qəbul edilmiş və ölkə Prezidenti tərəfindən təsdiqlənmişdir. Təhsil və səhiyyə sistemlərində islahatlara başlanılmış, elm, ədəbiyyat və mətbuatda ideoloji senzura ləğv olunmuş, idmanda böyük uğurlar əldə edilmişdir.

Azərbaycan dövləti mədəniyyət sahəsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, o cümlədən, “Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında”, “Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında”, “Arxeoloji irsin qorunması haqqında” konvensiyalara qoşulmuşdur. 1997-ci ildə Mədəniyyət haqqında Avropa Konvensiyasını ratifikasiya etdikdən sonra Azərbaycan Avropa Şurasının Mədəniyyət, Siyasəti üzrə Departamenti ilə də yaxından əməkdaşlıq edir. Nəticədə bir sıra maraqlı proqramlar həyata keçirilmişdir. Məsələn “Azərbaycan Respublikasında mədəniyyət siyasəti” məruzəsi hazırlanmış, Strasburq şəhərində təqdimatı keçirilmiş və müxtəlif dillərdə çap olunmuşdur. Yeni mədəniyyət siyasətinə müvafiq olaraq yaradıcı xadimlərə dövlət köməyi də nəzərdə tutulmuşdur, o cümlədən, respublika Prezidentinin sərəncamına əsasən onlara fərdi pensiyaların, dövlət mükafatlarının, fəxri adların, gənc yazarlara isə təqaüdlərin verilməsinə başlanmışdır. Azərbaycan mədəniyyətinin görkəmli şəxsiyyətlərinin yubileyləri və əlamətdar hadisələrin təntənəli qeyd edilməsi, beynəlxalq səviyyəli festival, müsabiqə, konqres və konfransların keçirilməsi də təqdirəlayiqdir. Xüsusi vurğulanmalıdır ki, Azərbaycan UNESCO-nun nəzdindəki Ümumdünya İrs Mərkəzi ilə də uğurlu əməkdaşlıq edir. Bunun nəticəsi olaraq 2000-ci ildə Bakı şəhərinin tarixi mərkəzi “İçərişəhər”, “Şirvanşahlar” sarayı və “Qız qalası” ilə birlikdə həmin mərkəzin siyahısına daxil edilmişdir.

Ədəbiyyata məhəbbət Heydər Əliyev siyasətinin ən dəyərli tərkib hissələrindən biri idi. Hələ sovet dönəmində S. Rüstəm, R. Rza, M. İbrahimov, S. Rəhimov kimi yazıçılara, Q. Qarayev, Niyazi, F. Əmirov, T. Salahov, M. Hüseynov kimi bəstəkar, rəssam və memarlara o zaman SSRİ-də ən yüksək fəxri adlardan olan Sosialist Əməyi Qəhrəmanı adının verilməsi Heydər Əliyevin böyük xidməti, onun Azərbaycanın görkəmli sənətkarlarına yüksək qayğısı idi. Onu da qeyd edim ki, sovet dönəmində Ulu Öndərə qədər heç bir sənətkar bu fəxri adlara layiq görülməmişdir. O, bununla milli ədiblərimizin və insənət xadimlərinin geniş şöhrət qazanmasına nail olurdu. Bəşəri düşüncəyə malik bu dahi şəxsiyyət istiqlal dövründə də Azərbaycan yazıçılarının əməyini yüksək qiymətləndirərək İ. Əfəndiyev, B. Vahabzadə, X. Rza, M. Araz, M. Dilbazi, İ. Şıxlı, Elçin, Anar, H. Abbaszadə, Qabil kimi yazıçı və şairləri ölkənin ən yüksək mükafatları ilə təltif etdi. Heydər Əliyevin mədəniyyət siyasətində ədəbiyyata bütöv bədii sistem kimi nəzər salınır, həmişə klassiklərlə müasirlər arasında tarixi-mənəvi əlaqələrin, varislik münasibətlərinin qorunmasına diqqət yetirilirdi. Elə buna görə də o, klassik bədii irsimizin dünya şöhrəti qazanması naminə bu irsi yaradanların yubileylərinin təntənəli tarixi hadisə kimi qeyd olunmasına həssaslıqla yanaşır, böyük önəm verirdi. Onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 70–80-ci illərdə dahi Nizaminin 840, Nəsiminin 600, M. F. Axundovun 170, böyük romantik, filosof şairi H. Cavidin 100 illik yubileyləri keçirilmişdir. “Kitabi Dədə-Qorqud”un 1300 illiyi, M. Füzulinin 500 illiyi ilə bağlı milli istiqlal məfkurəsi işığında keçirilən möhtəşəm tədbirlər, Heydər Əliyev epoxasının mədəniyyət üzrə zirvə məqamları Azərbaycan Prezidentinin milli-mənəvi keçmişə məhəbbət və ehtiramının, xalqın gələcəyinə inamının tarixi ifadəsidir.

 

Cəfərova Nazənin

Azərbaycan Dillər Universiteti

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90