Rusiyada inqilabdan əvvəl əksər orta məktəblərdə (gimnaziya, internat, real məktəblər və s.) qızlar və oğlanlara dərslər ayrı-ayrılıqda tədris olunub. Lakin onlara verilən biliklərin həcmi eyni olmayıb. Oğlanlara oxumaq və yazmaq, dəqiq elmlər və hərbi işlər, qızlara isə oxumaq və yazmaq, xarici dil, rəqslə yanaşı, ilk növbədə evdar qadına faydalı olacaq əl işləri və digər fənlər də öyrədilib.
1917-ci ildən bolşeviklər cinslərin tam bərabərliyinə can atıblar və bu, digər şeylərlə yanaşı, hər iki cinsdən olan uşaqların eyni fənnlər üzrə birgə təhsil almasını əhatə edib. İş və təhsillə bağlı kişi və qadın arasındakı sərhədlər burjuaziyanın qalıqları kimi tanınıb və buna görə də məhv edilməsi nəzərdə tutulub.
Odur ki, 1918-ci il mayın 18-də xalq maarif komissarı A.V. Lunaçarski qız və oğlanların birgə təhsilinin məcburi olması barədə göstəriş verib. İdeya çox məhsuldar olub: yenilikdən sonrakı ilk illərdə təhsilin səviyyəsi xeyli yaxşılaşıb. Lakin 24 oktyabr 1942-ci ildə başqa bir əmr ortaya çıxıb: ibtidai və ilk hərbi hazırlıq siniflərində oğlan və qızlar üçün ayrıca təhsil.
Stalin hələ II dünya müharibəsi başlamazdan əvvəl çıxışlarında orta məktəblərdə ayrıca təhsilin tətbiqi ilə bağlı danışıb. Onun fikrincə, sovet xalqının həyatının bütün sahələrində gender bərabərliyinə artıq nail olunub və odur ki, indi nümunəvi məktəblər yaratmaq üçün fərqli cinsdən olan uşaqların psixofizioloji inkişafının xüsusiyyətlərini nəzərə almağa başlamaq lazımdır.
Maarif komissarlığının məlumatına görə, birgə təhsil həm tələbələr, həm də müəllimlər üçün çoxlu çətinliklər yaradıb. 1943-cü il sentyabrın 1-dən ayrı-ayrılıqda təhsilə başlanılıb. Layihəyə əsasən, qız və oğlan məktəbləri müxtəlif binalarda yerləşdirilib, öz hərbi-təlim, idman və digər zəruri avadanlıqlarına malik olublar.
Lakin hakimiyyət öz planlarını yalnız böyük şəhərlərdə həyata keçirə bilib. Həm yer, həm də müəllim çatışmazlığı olan kəndlərdə təhsil müştərək olaraq qalıb. Yalnız idman və hərbi hazırlıq dəyişib: oğlanlar üçün çağırışaqədərki hazırlıq dərsləri, qızlar üçün isə tibbi hazırlıq keçilib.
İllər sonra tarixçilər Stalinin müharibə dövrünün dəhşətli reallığına görə belə bir təcrübəyə qərar verdiyini bildiriblər. Həm cəbhədə, həm də “Böyük terror” vaxtı çoxlu sayda kişi sürgün edilərək öldürülüb və nəticədə müharibə üçün hazırlanması planlaşdırılan yeni müdafiəçilərə ehtiyac yaranıb.
Həmin illərdə bir çox uşaq atasız qalıb, ona görə də müəllimlər oğlanlara döyüş oyunları, boks məşqləri öyrətməyə, onlar kəşfiyyatçılıq və döyüşçülük dərsləri verməyə çalışıblar. Qızların təhsilində əsas diqqət ev təsərrüfatına və ilkin tibbi yardıma verilib.
Tezliklə aydın olub ki, ayrıca təhsil ideyası açıq-aşkar uğursuzdur. Müəllimlərin böyük əksəriyyəti qızların siniflərində akademik göstəricilərin oğlanların siniflərinə nisbətən daha yüksək olduğunu qeyd edib.
Oğlanlara dərs deyən müəllimlər bu qədər itaətsiz “atasız uşağ”ın öhdəsindən gələ bilməyiblər. Dərslərdə praktiki olaraq heç bir nizam-intizam olmayıb, oğlanlar ciddi xəsarət alana qədər döyüşüb, siqaret çəkib, söyüş söyüb, bəziləri hətta məktəbdə spirtli içki içiblər.
Kiçik şəhərlərdə xuliqanlar cinayətkar dəstələr yaradaraq, digər uşaqlara, bəzən böyüklərə də hücum edib, onları qarət edib döyüblər. Hətta Omskda 13-18 yaş arası olan bir qrup yeniyetmə öz həmyaşıdlarını öldürərək cəsədlərini kinoteatrın çardağında gizlədiblər.
Bir çox şagirdlər məktəbə bıçaqla və ya oğurluq travmatik silahlarla gəliblər. Bu da öz növbəsində müəllimlərin qorxu içərisində dərs keçməsinə səbəb olub. Həmin şagirdlərdən dərs davamiyyəti barədə soruşmaq nədir, hər hansı bir sual vermək ağır nəticələrə gətirib çıxarıb. Müəllimlər bütün hadisələri hesabatlarda qeyd ediblər, lakin məlumat geniş ictimaiyyətə açıqlanmayıb. Çünki heç kimin SSRİ hökumətinin hərəkətlərinin düzgünlüyünə şübhə etməyə haqqı yox idi.
Müəyyən müddət sonra uşaqların özləri də birlikdə oxumaq istəyiblər. Bundan əlavə, aydın olub ki, qarışıq cinsli qrupda təkcə akademik göstəricilər deyil, həm də nizam-intizam yaxşıdır. Bir çox oğlanlar qızların qarşısında özlərini mədəni aparıblar və davadan çəkiniblər.
Beləliklə məktəblərdə oğlan və qızların ayrı-ayrı siniflərdə dərs keçməsi təcrübəsi uğursuz olub və 1954-cü ildə Stalinin ölümü ilə başa çatıb. Sovet ölkəsində müştərək təhsil cins ayrılığı üzərindəki təhsildən daha yaxşı olub. 1944-1951-ci illərdə dəfələrlə verilən məktəb intizamının gücləndirilməsi haqqında sərəncamlar və ictimai xadimlərin nəzarəti nəticə verməyib. Stalini əvəz edən Nikita Xruşov bircinsli təhsilin ləğvini məqsədəuyğun hesab edib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün