İlk dəfə olaraq ABŞ-ın Azərbaycanın əsas ərazisini öz Naxçıvan bölgəsi ilə birləşdirəcək nəqliyyat kommunikasiyalarının (“Zəngəzur dəhlizi”) idarəçiliyini öz üzərinə götürməyə hazır olduğu rəsmən təsdiqlənib. Bunu ötən həftə Ankarada keçirdiyi brifinqdə ABŞ səfiri Tom Barak deyib.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan və Ermənistan liderləri arasında Əbu-Dabidə birbaşa danışıqlar zamanı diplomatik mənbələr ABŞ administrasiyasının Zəngəzur dəhlizi ilə bağlı öz planını tərəflərə təqdim etdiyini bildirmişdi. Karnegi Fondunun bu mənbələrə istinadən yaydığı son hesabatda qeyd olunub ki, bu plana əsasən, özəl Amerika şirkəti dəhlizə gömrük nəzarətini öz üzərinə götürməlidir.
Əvvəllər Avropa İttifaqı oxşar variantı – dəhliz üzərində nəzarəti üçüncü ölkədən olan neytral özəl şirkətə verməyi təklif etsə də, tərəflər razılığa gələ bilməyib.

Diplomatik mənbələr Amerika planının Türkiyə ilə razılaşdırıldığını da qeyd ediblər. Londonda nəşr olunan “Middle East Eye” analitik nəşri bu məsələnin Əbu-Dabidə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına dair danışıqlarda müzakirə edildiyini yazıb. Nəşr yeni məqaləsində yazır ki, Azərbaycan mövqeyini dəyişməyib: Bakı İrəvanın dəhlizə tam nəzarət etməsini qəbuledilməz hesab edir, çünki marşrutun təhlükəsizliyi məsələlərində Ermənistana etibar etmək olmaz.
Ermənistan dəhlizə nəzarətin hər hansı üçüncü tərəfə verilməsinin qəti əleyhinədir.
32 kilometrlik yol Bakı ilə İrəvan arasında uzunmüddətli sülhə ciddi maneəyə çevrilib.
“Onlar 32 kilometr yol üzərində mübahisə edirlər, lakin bu, xırda şey deyil. Onlar 10 ildir – 32 kilometrdən çox mübahisə edirlər”, – Barak Nyu-Yorkda keçirdiyi brifinqdə jurnalistlərə bildirib.
“Və baş verən budur ki, Amerika içəri girir və deyir: “Yaxşı, biz bu yolu ələ keçirəcəyik. Bu 20 mil yolu bizə 100 illik icarəyə verin və hər kəs ondan istifadə etsin.”

Middle East Eye-a görə, Barrakın şərhləri Tramp administrasiyasının həqiqətən də dəhlizin neytral qarant kimi çıxış edəcək özəl Amerika operatoru vasitəsilə idarə olunmasını təklif etdiyinə dair ilk rəsmi təsdiq idi.
Nəşr qeyd edir ki, Türkiyə qeyri-rəsmi olaraq Bakını sülh sazişi imzalamağa çağırıb, Azərbaycan hakimiyyətinə dəyişmiş regional vəziyyəti – xüsusən də İranın təsirinin azaldığını xatırladıb.
Danışıqlara yaxın mənbə Middle East Eye-a bildirib ki, dəhlizi idarə edən özəl şirkət ideyasını ilkin olaraq Türkiyə təklif edib və bu, həm Ermənistan, həm də Azərbaycan tərəfindən müsbət qarşılanacaq.

“Lakin Ermənistan tərəfi bu şirkətdən dəhlizin Naxçıvan hissəsində də işləməyi tələb edib və bu, Bakı üçün qəbuledilməz olub”, – mənbə bildirib.
Nəşr onu da yazır ki, Türkiyə hakimiyyəti Ermənistanı Türkiyəni birbaşa Orta Asiya ilə birləşdirəcək “Orta Dəhliz”in əsas halqası kimi görür. Bundan əlavə, Türkiyə şirkətləri Ermənistanda mümkün infrastruktur layihələrində iştirak etməkdə maraqlıdırlar.
Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndinə əsasən, Zəngəzur dəhlizinə nəzarət Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları tərəfindən həyata keçirilməli idi. Lakin Ermənistan əvvəlcə bu bəndin icrasını gecikdirdi, sonradan Rusiya və ya hər hansı üçüncü tərəfin nəzarətinə qarşı çıxdı.

Digər tərəfdən, İran Zəngəzur dəhlizinin açılmasını öz milli təhlükəsizliyinə təhdid adlandırıb və onun həyata keçirilməsinə də mane olmağa başlayıb. Nəticədə danışıqlar dalana dirəndi və Azərbaycan Tehranla alternativ marşrut – İran ərazisindən keçən “Araz yolu” adlanan yol haqqında razılığa gəldi. Bu məqsədlə Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində Araz çayı üzərində avtomobil körpüsünün tikintisinə başlanılıb və artıq başa çatmaq üzrədir. Gələcəkdə “Araz marşrutu” ilə dəmir yolunun, yüksək gərginlikli elektrik xətlərinin və digər kommunikasiyaların çəkilməsi də nəzərdə tutulub.
Bu arada Türkiyənin daha fəal iştirakı sayəsində son vaxtlar Bakı ilə İrəvan arasında Zəngəzur dəhlizi ilə bağlı Rusiyanın iştirakı olmadan birbaşa danışıqlar intensivləşib. Analitiklərin fikrincə, ABŞ-Türkiyə ortaq planı reallaşarsa, Zəngəzur dəhlizinin açılması Moskvanın Cənubi Qafqazda mövqelərini daha da zəiflədəcək.
Əbu-Dabidəki danışıqların yekunu üzrə açıqlanan rəsmi məlumata görə, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin paraflanması və imzalanması, habelə nəqliyyat kommunikasiyalarının açılması və sərhədlərin demarkasiyası məsələləri üzrə birbaşa dialoq həm yüksək səviyyədə, həm də işçi qrupları formatında – vasitəçilərsiz davam etdiriləcək.haqqin.az