Elmi, ədəbi və ictimai fikir tariximizdə önəmli xidmətləri olan Ramiz Əsgər düşüncə, mənəviyyat və əxlaqı yüksək səviyyədə öz şəxsində bütövləşdirən dəyərli fikir adamı idi…
Son illərdə səhhətində müəyyən sıxıntıları olsa da, milli-mənəvi dəyərlərə bağlı gənc nəslin yetişməsi yolunda, Türk xalqının soy-kökünün dərki istiqamətində yorulmaq bilmədən çalışırdı…
Elmi, dünyagörüşü, araşdırmaları, ziyalı mövqeyi, ləyaqətli alim duruşu ilə cəmiyyətimizə hələ çox gərəkli idi…
Sözə dərin həssasiyyəti, əqidəsinə sədaqəti, qələminə bağlılığı, elmi təfəkkürə söykənən bədii istedadı ilə öz Yolu, aydın mövqeyi olan Ramiz Əsgər heç kimi təkrarlamayan bənzərsiz bir ömür yaşadı…
Şərəfli bir müəllim ömrü… Fədakar alim ömrü…
Gördüyü misilsiz işlərin alt qatında heç kimdən təmənna ummayan ucakönüllü insan ömrü…
Zahiri baxımdan da sufiyanə görkəmi, elə daxilən də dərvişvari taleyi vardı…
Orxon-Yenisey abidələrinin izi ilə Monqolustana Tuvaya, Xakasiyaya səyahət etmişdi…
Qədim türk yurdlarını qarış-qarış gəzmiş, gördüyü 1500 il yaşı olan tarixi abidələr haqqında kitablar yazmışdı…
Süleyman Dəmirəl 2007-ci ildə Monqolustanla müqavilə bağlamış, həmin abidələri qoruma altına almaq üçün o ərazilərdə böyük muzey kompleksi tikdirmişdi. Müqaviləyə görə, abidələrin əsli muzeyin içinə gətirilmiş, açıq havadakı yerlərinə isə yaponlar tərəfindən yaradılmış maketləri yerləşdirilmişdi. Həmin tarixi abidələrin uçub-dağılmaqdan xilasına Ata ocağının – yurd yerinin salamatlığı kimi nəhayətsiz sevinirdi Ramiz müəllim…
Azərbaycan oxucusunu Ulan -Batorda “Tonyukuk” abidəsinə, türklərin tarixən məskən saldığı ucsuz-bucaqsız bozqırlara – Qaraqorum çöllərinə yazdığı yol xəritələrinin izi ilə xəyalən səyahət etdirmişdi…
Azərbaycan Türkologiya elminin ləyaqət simvolu idi… Bütün Türk dünyasında Ramiz Əsgəri sadəcə alim kimi tanımırdılar, həm də böyük məfkurə adamı kimi onun elmi-nəzəri konsepsiyasını qəbul edirdilər.
Ömrünün ən məhsuldar illərini Bakı Dövlət Universitetinin Türkologiya kafedrasında Türk dünyasına faydalı gənclər yetişdirməyə həsr etmişdi…
Müəllimliyi də alimliyi kimi bənzərsiz idi…
33 müəllif kitabı, 66 tərcümə əsərinin üzərinə imzasını qoymuşdu…
Türk, rus, özbək, qazax, uyğur, türkmən, tatar, başqırd, qaqauz və s. dillərindən tərcümələr etmişdi… Türk dilləri ailəsindən bircə qaraqalpaq dilindən tərcüməsi yox idi.
Unikal yaddaş, qeyri-adi istedad sahibi idi…
Azərbaycanın “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Humay”, Türkiyənin “Türk dünyasına xidmət”, Türkmənistanın “Altın əsr” və TürkSOY-un “Özəl ödül”; Bəkir Çobanzadənin əsərlərinin tərcüməsinə görə Ukraynanın beynəlxalq Bəkir Çobanzadə” mükafatına; Abdulla Tukayın şeirlərinin tərcüməsinə görə Tatarıstanın “Mədəniyyət sahəsində uğurlar” medalına layiq görülmüşdü.
Dahi özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin 580 illik yubileyi münasibətilə onun yaradıcılığını, “Xəmsə”sini və risalələrini, xarici ölkə alimlərinin Nəvai haqda tədqiqatlarını əhatə edən 13 kitabı Azərbaycan dilinə tərcümə edərək çap etdirmişdi.
“Əlişir Nəvai: şəxsiyyəti və sənəti”, “Əlişir Nəvai. Seçilmiş əsərləri”, “Əlişir Nəvai. Əsərləri”, “Əlişir Nəvainin lirikası” kitablarına – Nəvai ilə bağlı elmi araşdırmalarına, tərcüməçilik fəaliyyətinə görə Ramiz Əsgər Özbəkistanın “Turan” Elmlər Akademiyasının akademiki, Nəvai şəhərinin fəxri vətəndaşı adına, Beynəlxalq Türk akademiyasının “qızıl medalı”na, özbək ədəbiyyatı qarşısında müstəsna xidmətlərinə görə Babur adına beynəlxalq mükafata layiq görülmüşdü.
Mahmud Kaşğarinin “Divani-lüğət-it-Türk” kitabının Azərbaycanda ilk mükəmməl nəşrini hazırlamışdı və bu böyük nümunəni Azərbaycan elminə təqdim etmişdi…
Prezident İlham Əliyev tərəfindən “Şöhrət”, “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilmişdi…
Vətən torpaqlarının azadlığına çox sevinmişdi. Yaradıcılığının mayasını xalqın kökündən alan böyük alim əzizlərinin də həsrətlə dünyadan köçdüyü Qərbi Azərbaycanın Dərələyəzini, Qafanını, Göyçəsini, Vedibasarını, doğulduğu Qaraçanta kəndini təəssüflər olsun ki, ziyarət edə bilmədi… Arzu edirdi ki, Göyçədə Aşıq Ələsgərin poeziya günlərini təşkil edə. Və bu arzusunun gerçəkləşəcəyinə böyük ümid bəsləyirdi.
İnanırdı ki, bu istəyi gerçəkləşəcək. Orada yalnız Qərbi Azərbaycandan olan ziyalılarımız deyil, bütün türk dünyasından olan ziyalılar toplaşacaq.
“Ömür mükafatdır! Ömrü yelə vermək olmaz, aldığın son nəfəsə qədər dəyərləndirmək lazımdı..” düşüncəsiylə ömrünün hər anını dəyərli yaşadı Ramiz müəllim…
Müdriklik zirvəsinin 70 ilinə ərməğan olaraq bütün əlyazmalarını toplamışdıq, rəhbəri olduğum Mahmud Kaşğari adına Fondun layihəsi əsasında “Seçilmiş əsərləri”ni nəşrə hazırlayırdıq. Dillərdə əzbər olan “Su pərisi” də həmin kitabda öz əksini tapmışdı. Kitaba yazdığım Ön sözü oxumuş, xeyli mütəəssir olmuşdu…
Təəssüflər olsun ki, kitabın işıq üzü görməyinə ömrü vəfa etmədi…
Zəngin elmi kitabxanasını, Yolunu, türkçü əqidəsini, elmi araşdırmalarını, kitablarını yetirmələrinə mənəvi miras olaraq əmanət edib Haqq dünyasına qovuşdu…
Həyatın qızıl qaydası belədir: Tanrıdan gələn əlbət bir gün Ona dönəcək… Ömür dediyimiz iki nəfəs arasında fasilədi – Tanrıdan qopub gəldiyimiz anla – ilk nəfəslə, doğuluşla Ona döndüyümüz an – son nəfəs arasında zaman məsafəsidi ömür…
Bir gün hamımız gedəcəyik O müqəddəs ünvana. Məsələ getmək yox, necə getmək, Haqqın dərgahına hansı üzlə qayıdacağımızdadı…
Ramiz Əsgər bir gözəl üzlə döndü Tanrının qapısına… Başıuca, üzüağ, alnıaçıq…
Bu gün Onun Haqq dünyasına qovuşmasından 40 gün ötür… Nə qədər ki, Türk milli məfkurəsi yaşayır, Ramiz Əsgər var olacaq, yaşayacaq! Cismən aramızda olmasa da, kitabları, monumental elmi tədqiqatları, tərcümələri ilə həmişə bizimlə olacaq!
Unudulmaz xatirəsi daim qəlbimizdə yaşayacaq!…
Əziz dostumuzun ruhuna dərin ehtiramla,
Cavanşir Feyziyev