Son dövrlərdə gənc qızlar arasında sosial şəbəkələr üzərindən tarot kartı ilə fala baxmaq trendə çevrilib. Bəzi istifadəçilər 2-5-10 manat qarşılığında başqalarına kart falı təqdim edir.
Ulusal.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan xəbərə görə, artıq bununla bağlı hüquq-mühafizə orqanları daxil olmuş şikayətlər əsasında tədbirlər həyata keçirir. Belə ki, ötən günlərdə bu əmələ görə tələbə qız polisə dəvət olunub. Bu haqda həmin tələbənin tanışı yazıb:
“Tanıdığım bir tələbə qız marağa 1 aydır səhifə açıbmış, 2-3 manata fala baxırmış. İndi işi polisdədir. Qızlar durduğu yerdə çətinliyə düşməsin deyə bunu tanıdıqlarınıza deyin! Çünki həvəskar hər bu işlə məşğul olan dələduz, cinayətkar ola bilməz, amma qanun qanundur, orada duyğusal yanaşma yoxdur!”
Məsələnin hüquqi tərəfini “Yeni Sabah”a şərh edən vəkil Toğrul Məmmədov bildirib ki, falçılıq Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə qiymətləndirilir:
“Çünki bu işlə məşğul olanlar yalan vəd vermə, etibardan sui-istifadə etməklə pul alırlar. Yalandan vəd verib insanların inamından istifadə etdiklərinə görə onların barəsində dələduzluq ittihamı ilə iş başlanılır. Alınan pulun məbləğinə görə cəza dəyişir. Burada uzun müddətə qədər azadlıqdan məhrum edilməyə qədər cəzalar da mövcuddur.
Bu zaman şəxs Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə — yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Təqsirkar şəxs vurulan ziyanı ödəyərsə, bu zaman işə xitam verilir. Yox əgər 178-ci maddənin 2-ci bəndinə əsasən təkrarən eyni əməli törədərsə, bu vaxt vurulan ziyanı ödəyib, zərərçəkənlə barışıb və ziyanın 25 faizini dövlətə ödəyərsə, cinayət işinə xitam verilir. Yox əgər sözügedən maddənin 3-cü bəndi ilə ittiham edilirsə, bu zaman yeni eyni proseslərdən keçməlidir. Burada fərq odur ki, dövlət hesabına vurduğu ziyanın 50 faizini ödəyir”.