İyunun 21-də Bakı Expo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz- “Caspian Oil və Qaz”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji- “Caspian Power” sərgiləri keçirilib. Sərgi zamanı Prezident İlham Əliyevin “Euronews” a müsahibəsi də yayımlanıb.
Prezident müsahibə zamanı gələcək hədəflər, prioritetlər, planlar barəsində məlumat verdi. Burada əsas diqqət yetirilən mövzu enerji sahəsi idi. Prezidentin də bildirdiyi kimi gündəlikdəki hədəf ənənəvi enerji istifadəsindən bərpaolunan enerjiyə keçiddir. Azərbaycanın bu sahədə geniş imkanları mövcuddur. Bu layihələrin həyata keçirilməsi və şaxələnməsi planetimizin iqliminə müsbət töhfələr verəcəkdir. Təbii olaraq, bu cür layihələrin reallaşdırılması üçün sərmayə mühüm rol oynayır. Buna görə də, bərpaolunan enerji sahəsində “Masdar” əsas tərəfdaş olaraq qeyd edilir.
Prezident İlham Əliyev bildirib ki: “Masdar” bizim bərpaolunan enerji sahəsində strateji tərəfdaşımızdır. Ötən ilin oktyabrında biz 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışını etdik. Bu gün isə ümumi gücü 1 qiqavat olan üç günəş və külək enerjisi stansiyalarının təməlqoyma mərasimini keçirdik. Bu, yalnız başlanğıcdır, çünki biz orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq. Hədəfimiz belədir. Potensial var. Siz Günəşi, istəyimizi və o cümlədən küləyi görə bilərsiniz. Yaxşı sərmayə mühiti var. Bu, həqiqətən göstərir ki, ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir”. Bəli, Prezidentin də qeyd etdiyi kimi artıq bu sahədə bir sıra yeniliklər həyata keçirilmişdir və bu yeni layihələr davamlı olaraq baş tutacaqdır. Ənənəvi enerjinin də əsas töhfəsi oradan əldə edilən gəlirlərin planetimizin mühafizəsi üçün sərf edilməsidir. Xüsusilə qeyd etmək istərdim ki, ölkəmizd keçiriləcək COP29 beynəlxalq konfransa ev sahibliyi edəcək dövlət olduğumuz üçün bu mühüm təşəbbüsdür. Bu konfransın da məqsədi iqlim dəyişiklikləri, yaranacaq fəsadların qarşısını almaq və bunun üçün müəyyən qabaqlayıcı tədbirlər həyata keçirilməsidir. Əks halda, bu dünya əhalisinin məhvinə səbəb olacaq hadisələrə yol aça bilər.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Bu da ölkəmizin iqlim problemlərinə necə böyük diqqət göstərdiyinin və yaranan problemlərin həlli üçün qabaqlayıcı addımlar atılması üçün tək ölkəmizdə deyil, bütün dünya sakinlərinin diqqətini cəlb etmək və hər kəsin bu istiqamətdə öz töhfəsini verməyə, dəstəyini göstərməyə çalışmaqdır. Prezidentin də bildirdiyi kimi, “biz ev sahibliyi edən ölkə kimi əsas məqsədlərimizdən biri birliyi və həmrəyliyi yaratmaqdır. Biz COP zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirik ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər”.
Prezident müsahibə zamanı bərpaolunan enerjinin həyata keçirilməsi üçün yarana biləcək çətinlikləri də qeyd etdi: “ Çətinliklərə gəldikdə, bu, milli enerji şəbəkəsi ilə bağlıdır, çünki biz onu gücləndirməliyik ki, sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul edə bilsin. Digər çətinlik ötürülmə xətləri ilə bağlıdır, çünki bu halda biz öz qonşularımızla fəal çalışmalıyıq. Azərbaycanın özünə planlaşdırdığımız qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun”.
Beləliklə, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün ölkələr həmrəylik, birlik göstərməli, birgə çalışmağa nail olmaq lazımdır. Çünki, bu planetimizin müdafiəsi üçün atılacaq vacib addımdır.
Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru