Rusiyanın Azərbaycana qarşı hələ də təxribatçı informasiya siyasətini davam edir. Bu fikirləri Ulusal.az saytına açıqlamasında politoloq Arzuman Muradlı deyib.
“Rusiya prezidenti Vladimir Putinin Düşənbədə Azərbaycan lideri ilə görüşü və çıxışında təyyarə insidentinə görə üzr istəməsi, kompensasiya vəd etməsi müsbət siqnallar olsa da, Rusiya mediasının davranışı real vəziyyətlə ziddiyyət təşkil edir.” -deyə Arzuman Muradlı bildirib.
“Azərbaycan tərəfi humanist yanaşma nümayiş etdirərək Sputnik əməkdaşını azad etdi. Amma Rusiya mediası – xüsusilə də Kremlin təbliğat ruporları – Azərbaycana qarşı piar kampaniyasını davam etdirir. Bu, Rusiyanın hələ də imperialist təfəkkür və xülyalardan əl çəkmədiyini göstərir. Kabanovun dünənki çıxışı da bunu bir daha sübut edir”, – politoloq bildirib.
Arzuman Muradlı hesab edir ki, əgər Moskva Bakı ilə münasibətləri doğrudan da normallaşdırmaq niyyətindədirsə, ilk növbədə öz təbliğat siyasətinə yenidən baxmalı, yönəldilən ritorikanı dəyişməlidir.
“Hazırda ağır vəziyyətdə olan Rusiyaya Azərbaycanın siyasi və iqtisadi dəstəyi həyati əhəmiyyət daşıyır. Rusiya iqtisadiyyatı çökmə həddindədir və bu, Kreml tərəfindən də yaxşı başa düşülür. Bundan əlavə, Rusiya bir sıra böyük beynəlxalq layihələrdən kənarda qalaraq ofsayt vəziyyətinə düşüb”, – deyə Arzuman Muradlı əlavə edib.