Müstəqil Azərbaycanı müasir, güclü, davamlı iqtisadi inkişafa malik dövlətə çevirmək üçün ümummilli lider Heydər Əliyev gələcək siyasi-iqtisadi islahatların köklü transformasiyasının əsası olacaq neft strategiyasını müəyyənləşdirdi. Bu strategiya xarici sərmayədarların Azərbaycanın neft yataqlarının işlənilməsinə cəlb edilməsini, xam neftin daşınması yollarının şaxələndirilməsini, neft gəlirlərinin səmərəli idarə olunmasını və Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin edib.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də Azərbaycanın XX əsr tarixində siyasi, iqtisadi və strateji əhəmiyyətinə görə ən mühüm müqavilələrdən biri – Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” neft yataqlarının və “Günəşli” neft yatağının bir hissəsinin müştərək işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş – “Əsrin müqaviləsi” imzalanıb. Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi”ndə dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta) iştirak edib. Onlar tezliklə işçi strukturlar – Rəhbər Komitə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və Məsləhət Şurası yaradıblar. Saziş 1994-cü il dekabrın 12-də Azərbaycan parlamentində ratifikasiya olunub.
İlkin hesablamalara görə “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən, neft ehtiyatı 1.072 milyard ton həcmində müəyyən edilib.
Ümumilikdə, Azərbaycan neftinin Xəzər dənizindən dünya bazarlarına çıxarılması üçün Yer planetinin ekvatorunun uzunluğunun 1/10-i həddində neft kəmərləri tikilib: Bakı-Novorossiysk (1330 kilometr), Bakı-Supsa (833 kilometr) və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (1768 kilometr).
2022-ci ilin əvvəlinədək “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənilməsinə 41milyard ABŞ dollarına yaxın sərmayə qoyulub və bu blok üzrə 546 milyon ton neft hasil edilib, 49 milyard kubmetrdən artıq səmt qazı hasil olunaraq Azərbaycan hökumətinə verilib.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1999-cu il dekabrın 29-da imzaladığı Fərman ilə karbohidrogen gəlirlərinin səmərəli idarə edilməsi, nəsillərarası ədalətli bölgünün təmin olunması və həmin vəsaitlərin prioritet sahələrin inkişafına yönəldilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Fondu yaradılıb. Qısa müddət ərzində dünyanın ən şəffaf fondlarından birinə çevrilən Dövlət Neft Fondu vəsaitlərin səmərəli və şəffaf idarə olunması sayəsində hazırkı və gələcək nəsillər üçün uzunmüddətli maliyyə gəlirliliyini təmin edir.
2017-ci il sentyabrın 14-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və hasilatın pay bölgüsü haqqında yeni Saziş imzalanıb. Bununla da, “Azəri-Çıraq-Günəşli” nəhəng neft yataqları blokunun işlənilməsində yeni dövr başlanıb. Sazişi Azərbaycan hökumətinin, SOCAR-ın, BP, “Chevron”, IMPEX, “Statoil”, “ExxonMobil”, “TP”, ITOCHU və “ONGC Videsh” şirkətlərinin rəsmiləri imzalayıblar. Hasilatın Pay Bölgüsü haqqında yenidən işlənmiş və 2049-cu ilin sonunadək uzadılmış sazişə əsasən, BP fəaliyyətini layihənin operatoru kimi davam etdirir, SOCAR-ın payı 11 faizdən 25 faizə artırılır, mənfəət neftinin isə 75 faizi Azərbaycana qalır. Bu Sazişin ardınca 2019-cu ildə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun müqavilə ərazisində əlavə bir hasilat platformasının tikintisi üzrə razılaşma əldə olunub.
“Yeni əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın neft strategiyasının yeni mərhələsinin əsası qoyulub. Bu, müasir Azərbaycan tarixində yeni eranın başlanması, ölkənin siyasi və iqtisadi təhlükəsizliyinə əlavə təminat, yeni investisiya qoyuluşu, ÜDM-in artımı, yeni iş yerləri və sosial rifahın yaxşılaşdırılması deməkdir.
2021-ci ilədək xarici neft şirkətləri ilə “Hasilatın pay bölgüsü” tipli 37 saziş imzalanıb.
2018-ci il oktyabrın 18-də Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilib. Azərbaycan və Türkiyənin dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər. “Star” zavodunun ümumi neft emalı gücü 10 milyon ton olmaqla, müxtəlif həcmlərdə dizel yanacağı, təyyarə yanacağı, yüngül nafta və digər emal məhsullarını istehsal etmək imkanına malikdir. Zavod Türkiyənin təyyarə yanacağına olan tələbatının böyük hissəsini ödəmək iqtidarındadır.
Azərbaycan ötən müddət ərzində təkcə təchizatçı deyil, həm də etibarlı tranzit ölkəyə çevrilib. Xəzərin şərq sahillərində yerləşən ölkələr beynəlxalq bazarlara öz karbohidrogen ehtiyatlarını Azərbaycan ərazisindən nəql edirlər. Həmçinin Rusiya şirkətləri bu ölkənin Xəzər dənizi sektorundan çıxarılan nefti Bakı-Tbilisi-Ceyhan vasitəsilə beynəlxalq bazarlara nəql etməyə üstünlük verir. Xəzərdəki ən böyük donanma da Azərbaycana məxsusdur.
Azərbaycanın beynəlxalq bazarlarda iştirakının genişləndirilməsi ölkənin qüdrətini daha da artırır.
2020-ci ildə “Qarabağ” yatağı isə müstəqilliyimiz dövründə kəşf edilmiş ilk neft yatağı olaraq tarixə düşüb. Yatağın ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 60 milyon ton neftdən artıqdır.
2021-ci il yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.
Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır. Xəzər Neft və Qaz Sərgisi təşkilatçılarının rolu həqiqətən çox vacib idi ki, diqqəti və sərmayələri cəlb etmək mümkün olsun. Bu konfransın keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan etdi.
Ötən əsrin sonunda Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı baş tutdu. Bunun sayəsində Azərbaycan ixraca başlaya bildi və bir çox ölkələrin tələbatlarını təmin etdi. Eyni zamanda, ölkəmiz tərəfdaşlarla birgə qaz yataqlarının, xüsusən də, dünyada ən iri qaz yataqlarından biri sayılan “Şahdəniz” yatağının kəşfiyyatına başladı. 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi başa çatdı. Bakı–Tbilisi–Ceyhan və Azərbaycanın bütün digər enerjinin nəql olunması infrastrukturu hər hansı fasilə olmadan istismar edilir. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildi, Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı.
Cənub Qaz Dəhlizinin icrası zaman Azərbaycan boru kəməri ərazisindən keçən ölkələrlə, eləcə də beynəlxalq maliyyə təsisatları, enerji şirkətləri, aparıcı ölkələrin hökumətləri və Avropa Komissiyası ilə çox sıx əməkdaşlıq əlaqələri qurub. Cənub Qaz Dəhlizin Məşvərət Şurasının hər ilin fevralında Bakıda keçirilən illik toplantısı həmin komanda işinin bariz nümunəsidir. Bu il fevralın 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısı keçirildiyi zaman bəlli oldu ki, planlarımızın ən böyük hissəsi artıq icra olunub və Cənub Qaz Dəhlizi işləyir.
Gülnarə Hacıyeva
YAP üzvü, Nəsimi rayon İctimai Şuranın sədr müavini