Naftalan rayon İcra Hakimiyyəti daha bir tenderə yekun vurub.
Bununla bağlı nəticələri dünən açıqlayıb.
Məlumatda bildirilir ki, İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi Naftalan şəhərində avtomobil yollarının əsaslı təmiri işlərini həyata keçirəcək. Bununla əlaqədar tenderin qalibi olmuş “TƏMİR-İNŞAAT” MMC ilə satınalma müqaviləsi imzalanıb. Həmin müqavilənin dəyəri isə 298 min 687 manat təşkil edib.
Açıq mənbələr üzərindən apardığımız araşdırma nəticəsində məlum olub ki, son bir ildə “TƏMİR-İNŞAAT” MMC yalnız Yevlax şəhər İcra Hakimiyyətinin keçirdiyi tenderlərin qalibi olub. Bu tenderlərin sayı isə bir ildə 5 olub. Təkcə 2025-ci il ərazinsə keçirilmiş 3 tender üzrə şirkət Yevlax İcra Hakimiyyətindən 1 milyon manatdan çox pul alıb.
Maraqlı məqamlardan biri də odur ki, sözügedən şirkət Anar Tağıyev Yevlaxa icra başçısı təyin olunduqdan sonra meydana çıxıb. Ona qədər isə bu şirkətin hər hansı tenderlərdə iştirakı barədə məlumat yoxdur. Güman edilir ki, “Təmir-İnşaat” elə icra başçısının yaxınlarından birinə məxsusdur.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Təmir-İnşaat” MMC 15 dekbar 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Yevlax şəhəri, İ.Dəmirov küçəsi, ev 84-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hacıyev Elnur İsa oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.
Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı biri başqa araşdırmaya görə, Naftalanın icra başçısı Vüqar Novruzovun Yevlaxdakı həmkarı Anar Tağıyevlə yaxın dostluq münasibətinə malik olduğu qeyd edilir.
Tərəflərin də mövqeyini dərc etməyə hazırıq. (Tribunainfo.az)






















