Bu gün Bütöv Azərbaycanın iki yerə parçalanmasını o zamankı Qacar dövlətinin üstünə yıxsalar da bu parçalanmanın planı Rusiyada hazırlanmış və onun icraçısı da Qribayedov olmuşdur.
Ermənilərin ideoloqlarından sayılan Zori Balayan “Ocaq” kitabında yazır: “1828-ci ildə məşhur “Türkmənçay” müqaviləsi olmasaydı, Qriboyedov və Abovyan olmasaydı, rus əsgərləri olmasaydı, bu gün müasir kənd və şəhərlərə çevrilən yüzlərlə yeni yaradılan erməni ocaqları olmayacaqdı… Təkcə son onillikdə (60-70-ci illərdə) vətənə iki yüz mindən çox erməni köçmüşdür”.
Bəli, Qirboyedov ermənilərin tarixi qəhrəmanı kimi bu gün də onların yaddaşlarında qalır. XIX əsr Rusiya ədəbi mühitində yetişmiş yazıçı, eyni zamanda siyasətçi Aleksandr Sergeyeviç Qriboyedov 1795-ci ildə polyak əsilli zabit ailəsində anadan olub. Təhsil aldığı müddətdə fransız, ingilis və italyan, alman, daha sonra yunan, latın, fars, ərəb və türk dillərini öyrənir. 1818-ci ildə rus missiyasının katibi kimi İrana göndərilir və burada iki il işləyir. Onun İranda yaşadığı həyat, əsərləri və gündəliklərində yer alır. 1821-ci ildə İrandan qayıtdıqdan sonra Qafqaz generalı A.Yermolovun rəhbərlik etdiyi ordunun diplomatik katibi vəzifəsinə təyin edilir.
Müraciət etdiyimiz mənbələrdə görürük ki, Qriboyedovun ermənilərə xüsusi sevgisi və pərəstişi olmayıb. O, Rusiya təəssübkeşi idi. Onun üçün Rusiyanın cənubunda iki böyük müsəlman ölkəsi sayılan Osmanlı və İranla sərhəddə xristianlardan ibarət bufer zonanın olması vacib idi və o, bu planı canla-başla yerinə yetirirdi.
A.S.Qirboyedov təkcə Cənubi Qafqazda və İranda deyil, Yaxın və Orta Şərqdə Rusiyanın mövqelərinin möhkəmlətmək üçün dəridən-qabıqdan çıxırdı. Onun tərtib etdiyi “Təlimat layihəsi” də bu məqsədlərə xidmət edirdi. A.S.Qirboyedov Cənubi Qafqazın, o cümlədən Şimali Azərbaycanın zəngin yeraltı və yerüstü sərvətlərini Rusiya müstəmləkəçilərinin malı etmək məqsədilə 1827-ci ildə Tiflisdə Rusiya – Zaqafqaziya kompaniyası yaradılması haqqında təkliflər vermiş və bu işə Rusiyanın tanınmış iş adamlarını, sahibkarları cəlb etmişdi. Gələcəkdə tanınmış gürcü və erməni iş adamlarının da bura cəlb olunması nəzərdə tutulmuşdu. Onun bu layihəsində yerli müsəlman iş adamlarının nəzərə alınmaması bu əhaliyə qarşı düşmən mövqeyindən irəli gəlirdi.
Kazakların bu əraziyə köçürülməsi planı pozulduqdan sonra onun erməni varlı ailələri ilə tanışlığı, onlardan aldığı külli miqdarda pullar Türkmənçay müqaviləsinə məhz ermənilərlə bağlı müddəaların əlavə edilməsinə şərait yaratdı.
Türkmənçay müqaviləsinin hazırlanmasında danışıqların aparıldığı və yazıldığı sənədlərin redaktoru idi. Demək olar ki, müqavilənin yazılı formada hazırlanması onun işi idi. Paskeviçin Çara yazdığı məktubda qeyd edilir ki, Türkmənçay müqaviləsinə 12, 14 və 15-ci bəndləri məhz Qirboyedov özü əlavə edib. Onların hüquqi və bədii yazılması prosesində məhz erməni məsələsi onun sayəsində baş vermişdir. (О.И.Попова, Грибоедов в Персии в 1818-23 гг., М. (1929), стр. 73-74.)
1827-ci ilin 9 noyabrında Dehqarqanda keçirilən danışıqlar vaxtı Qriboyedovla Paskeviç görüşərkən keşiş Nersesin Xoydan göndərdiyi nümayəndələr onlardan ermənilərin köçürülməsi qayğısına qalmağı xahiş etmişdilər. Bu xahişin məzmunu aşağıdakı kimidir: “İndi bizim erməni millətinin sədaqətli müdafiəçisi cənab A.S.Qriboyedovdan əsir düşmüş xristianlar haqqında mənim xahişimi unutmamasını və onları rus ağalığının qüdrətli bayrağı altına qəbul etməsini rica etdim. Mən həmçinin İranda olan bütün ermənilər haqqında zati-alidən xahiş etdim və indi cənaba bu barədə yazaraq cənabınızdan da rica edirəm: İvan Fyodoroviç Paskeviçi lütfən sövq edəsiniz ki, barışıq zamanı İranın şəhər və kəndlərində yaşayan ermənilərin böyük Rusiya imperiyası himayəsi altında azad surətdə öz vətəni (?) Ermənistana qayıtması haqqında maddəni müqaviləyə daxil etməyi unutmasın.”( Allen-Paul Muratoff, Kafkas Harekâtı, 1828-1921 Türk-Kafkas Sınırındaki Harplerin Tarihi, Ankara 1966, s. 3-17.)
Erməni varlı ailələri ilə Tiflisdə tanış olan, onlardan böyük miqdarda pul alan Qriboyedov da erməni katolikosunun bu xahişinə əməl etməyi unutmamışdı.
Türkmənçay müqaviləsinin 15-ci maddəsi bütünlüklə ermənilərin xeyrinə yenidən yazılmışdı. (Sir Percy Sykes, A History of Persia, c.II, London, 1921, s. 314)
Çar rusiyasının azərbaycanlılara qarşı həyata keçirtdiyi işğalçılıq siyasətinin carçılarından olan Rusiyanın İranda fövqəladə və səlahiyyətli səfiri Aleksandr Qribayedov Peterbruqda öz hesabatında yazırdı:
“… bu millət birdir və hamısı özünü türk sayır.Azərbaycanı ya bütövlükdə işğal etməliyik ya da parçalayıb Arazdan şimalda yaşayanlara “tatar” adı qoymaqla onları bir-birilə ayrı seçkiliyı təşfiq etməliyik”
Lakin sonradan səfir vəzifəsini yerinə yetirdiyi devirdə özünü diplamat kimi yox ermənipərəs bir anormal kimi aparması, özünü imperiya şəxsi kimi təqdim etməsi Tehranda müsəlman əhalisi tərəfindən narazılıqla qarşılanır.
1829-cu il yanvar ayının 30-da Tehranın din xadimi Mirzə Məsihin Adinə məscidində camaatı cihada çağırmağından sonra başlanan hadisələr zamanı erməni əsilli Mirzə Yaquba onu öldürməyi tapşırılar.
Mirzə Yaqub Markaryants, xacəlikdən əlavə həm də Şah sarayının xəzinəsinin hesabdarı idi, böyük var-dövlət sahibiydi. Ancaq erməni xacə qayıtmaqda israr edir. Qriboyedov razılaşır və ona evində sığınacaq verərək, səfərini sabaha saxlayır. Az keçməmiş Şahın qohumu və Asəf-əd Dövlə ləqəbli Baş Vəzir Allahyar Xanın iki siğəli erməni (bəzi mənbələrə görə, gürcü) arvadları da səfirliyə gətirilirlər.
İran şahı xacəni pul oğurlamaqda ittiham edir, xacə isə Qriboyedovla görüşməyə can atırdı. Qriboyedov onu qəbul etmək istəməsə də, xacə rüşvət müqabilində Qriboyedovun qəbuluna düşə bilmişdi. İngilislər İran tərəfinin oğru bir şəxsin rus səfiri tərəfindən himayə olunmasının mənfi reaksiya doğuracağını yəqin etmişdilər. Yaqub xan isə öz növbəsində Qriboyedova şahın vəziri Asəf-əd Dövlənin sarayında iki erməni qadının vəziyyəti barədə danışaraq onların əsir kimi yaşadıqlarını və öz vətənlərinə dönmək istədiklərini söylədi. O bunu onunla əsaslandırırdı ki, Asəf-əd Dövlə bu qadınları məcburi şəkildə müsəlmanlaşdırıb və örtünməyə məcbur edib. Belə olduqda Qriboyedov Allahyar Asəf-əd Dövlənin siğə qadını sayılan iki erməninin səfirliyə gətirilməsinə göstəriş verdi. Hadisədən xəbərdar olan vəzir şaha bildirmədən ruhaniləri topladı və namusunun tapdalandığını bildirdi. Tezliklə xəbər bütün Tehrana yayıldı. Əhalinin dindar kəsimi keçmiş vəzirin “namusunu təmizləmək” üçün bir qığılcıma bənd idi. Ruhanilərin verdiyi fətfa qüvvəyə mindi və gözü qanla dolmuş əhali Tehranın Adinə məsçidindən hərəkətə başladı. Cümə namazından sonra Qribayedovun ölümünə fitva verirlər. Hadisələr elə sürətlə cərəyan etdi ki, hətta Tehran valisi belə müdaxilə etmək üçün lüzum görmədi. Onlar səfirliyin qarşısına çatdıqda Qriboyedov əhalini pulla ələ almağa cəhd etsə də, nəticə vermədi. Radikallaşmış əhali səfirliyə daxil olaraq səfir də daxil olmaqla qarşılarına çıxan hər kəsi qətlə yetirdilər. Yalnız səfirliyin katibi olan Malzov soyadlı şəxs qaçıb qurtula bildi.
35 kazakdan ibarət mühafizə konvoyu etirazçılarla döyüşə daxil olur.Səfirliyin giriş qapısına gələn A. Qriboyedov da silahlı müqavimət göstərir. Qısa döyüş zamanı bütün kazaklar və Qribayedov öldürülür.Qribayedovun cəsədi o dərəcədə tanınmaz halda olur ki, onun kimliyi yalnız əynindəki səfir mundirinin hissələri ilə müəyyənləşir.
Qribayedovu Tiflisdə dəfin ediblər həyat yoldaşı ilə birlikdə.
Zaur Əliyev, dosent