image-rt-reklam
image-1backend

Xələfin sələfi söyməsi ənənəsi – O Qorbaçov, bu Tramp…

image-728x90

9 gündən sonra Ağ Evə qayıdışının, oval kabinetə girişinin, prezident kürsüsündə oturuşunun 6 ayı tamam olacaq Donald Trampın bizə çoxdan, lap çoxdan tanış olan bir xasiyyəti var.

Ancaq bunu indidən deyim ki, ondan əvvəl o postda oturan 45 prezidentdən heç birində o xasiyyət olmayıb və heç biri onun kimi etməyib – ən azı publik olaraq.

Tramp isə vəzifəsinin icrasına başladığı ilk gündən sələfinin dalınca danışır: “Bayden ölkəni batırıb”; “Baydenin yarıtmaz idarəçiliyi ölkəyə çoxlu problemlər bəxş edib”; “Baydenə nə qədər lənət oxusaq azdır”; “Baydeni mühakimə etmək lazımdır”; “Baydendə bacarıq olsaydı, ölkə bu günə düşməzdi”; “Baydendən daha pis prezident olmayıb ABŞ tarixində” və s. və i.a.

Yəni Trampa görə, Bayden “cümlə xəyanətlərə bais iblis”in özüdür. Bu gedişlə Tramp vəzifəsindən getdiyinə günə qədər Amerikanın problemlərinə görə Baydeni suçlayacaq.

Bu, bir SSRİ ənənəsidir. (Yəqin ki, bərbad gündə olan başqa ölkələrdə də var). İl olmuşdu 1987, bolşevik inqilabının qələbəsindən 70 il keçirdi, bütün SSRİ ərazisində aparılan təbliğatın əsas cümlələri beləydi: “Çar dövründə xalqlar əzilirdi, zülm görürdülər”; “Stolıpinin islahatları burjua sinfinin mənafeyinə uyğun idi”; “Kapitalistlər xalqı amansızcasına istismar edirdilər” və s.

Televiziyada çar dövrünün qəddarlıqlarına aid filmlər, tamaşalar verirdilər. Millət baxırdı, deyirdi, nə yaxşı, Leningil bizi o əclaf məxluqlardan xilas edib. Konkret olaraq, bizdə “Şərqin səhəri” adlı bir tele-tamaşa verirdilər, onun axırında Bakıdan qaçmağa hazırlaşan bir neftxuda bəy üzünü camaata tutub deyirdi: “Yaxşı, Bakı, səninki ilə mənimki qalsın sonraya”.

Adam qorxurdu ki, bu bəy nə vaxtsa Bakıya qayıdıb gəlsə, bakılılara dra-dra dedirdəcək. (Allahdan, o vaxtlar bolşeviklər artıq Bakıda camaata “ura-ura” dedirdilər).

Təbliğat belə gedirdi, bolşeviklərin varisləri 70 il əvvəl devrilmiş hökumətlərdən əl çəkmirdilər.
“Bu 70 il əvvəl olub, siz bu gündən danışın, görək, xalq indi necə yaşayır, işləyir” demək mümkün deyildi, tutub adama zülm verərdilər, adını da “mənfur kapitalistlərin tör-töküntüsü” qoyardılar.

Əslində bolşevik rəhbərlər özləri də bir-birinin dalınca danışmağı, problemlərə görə sələfləri günahlandırmağı çox sevirdilər. Yalnız Stalin istisnadır. O, Leninin dalınca heç vaxt danışmayıb, mətbiatda ona qarşı təbliğat aparmayıb, xatirəsini əziz tutub, sadəcə, onun silahdaşlarını məhv edib.

Amma Xruşov Stalinin dalınca nələr deyib, nələr danışıb, kitablara sığmır. Adamı Yeziddən betər günə qoyublar, heykəllərini uçurdublar, cəsədini mavzoleydən çıxarıblar

Xruşov devriləndən sonra Brejnevgil də sübut elədilər ki, SSRİ-ni yaman günə qoyan Nikita Sergeyeviç olub. Təkcə qarğıdalı məsələsinə görə adama itin sözünü dedilər.

Andropov da Brejnevi problemlərin baiskarı elan etməkdəydi, ölkənin “bolt-qaykasını sıxmaq” barədə düşünürdü, amma vaxtı çatmadı, öldü. Çernenko isə heç bilmədi, sələflərindən kimi küt çıxarsın, o da öldü. Əvəzində Qorbaçov Lenindən başqa bütün sələflərini yerdən-yerə vurdu. Aşkarlığa çıxdı ki, Stalin qaniçən cəllad, Xruşov başıxarab dəmdəməki, Brejnev orden-medal manyakı, Andropov amansız “kaqebeşnik”, Çernenko xəstə qoca olub və heç biri dövləti yaxşı idarə etməyib. (Əslində bunlar yalan deyildi). “Qorbaçov isə islahatçı rəhbərdir” – deyirdilər.

Onun necə islahatçı olduğunu gördük. Yeltsin isə onun dalınca danışmadı, birbaşa qabağınca, üzünə danışdı və SSRİ dağıldı.

Amma bu “ənənə”nin xüsusi fəlsəfəsi var. Sələfin dalınca danışmaq, problemlərə görə məsuliyyəti onun belinə yükləmək o deməkdir ki, problemlər həddən artıq çoxdur və onları həll etməyə mövcud rəhbərin gücü çatmır. Belə olanda gərək xalqa deyəsən ki, bu, məndən əvvəlki problemlərdir, onları mən yaratmamışam. Çünki xalqın xasiyyətidir, deyir, mənə dəxli yoxdur, hökmdar sənsən, filan problemi həll elə.

Görünür, Tramp da “illərlə yığılıb qalan problemləri” həll edə bilmir, ona görə də bolşeviklərin üsulundan yararlanır, bütün suçu Baydenin, bəzən də Obamanın üstünə yıxır.

Əgər 4 ildən sonra prezident postunda oturan yeni xələf də Tramp kimi danışsa, onda görəcəksiniz ki, bu qızılbaş ser ABŞ-ni necə bərbad edibmiş.

Samir SARI

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90