image-rt-reklam
image-1backend

Bakıda  anadan şok əməl: əri həbsdə idi, özü də… – TƏFƏRRÜAT

image-728x90

Bakının Binəqədi rayonunda əri həbsdə olan 24 yaşlı qadın cinayət törətdiyi üçün məsuliyyətə cəlb olunub.

Ulusal.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Y.Həsənov küçəsində baş verib.

Yevlax rayon sakini, 2001-ci il təvəllüdlü Tamara Babayeva (ad-soyad şərti verilib – red.) qəsəbədə yerləşən 7 nömrəli evin həyətinə girib və 1710 manat dəyərində qızıl əşyalarını oğurlayıb.

İstintaq orqanı tərəfindən T. Babayevanın barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Əhməd ilə ailə qurub və həmin nikahdan 7 uşağı var: “Ərim vətən müharibəsi iştirakçısıdır və bununla əlaqədar medal ilə təltif edilib. Hazırda ərim cinayət törətdiyinə görə məhkum edilib. Yasamal rayonu, 2-ci Alatava qəsəbəsində yaşadığım ev darısqal olduğundan özüm üçün başqa bir kirayə ev axtarırdım. Bu məqsədlə anam ilə birlikdə kirayə ev axtarmaq üçün Rəsulzadə qəsəbəsinə getdik. Qəsəbə ərazisində gəzərək özümə kirayə ev axtardım. Saat 11:00 radələrində qarşıma çıxan evlərdən birinin sakini ilə görüşdüm. Qonşuluqda kirayə ev verilib-verilməməsini öyrənmək istədim. Bu məqsədlə təsadüfi evlərdən birinə yaxınlaşdım. Darvazanın açıq olduğunu gördüm və ev sahibi ilə bu mövzuda söhbət etmək məqsədi ilə anama məni küçədə gözləməsini bildirdim. Özüm isə həyətə daxil oldum. Həyətdə ev sahibini səslədim. Lakin cavab verən olmadı. Həyətdə olan evin pəncərəsinə yaxınlaşdım və oradan içəri baxdım. Gördüm ki, evdə heç kəs yoxdur. Evdə heç kəsin olmadığından əmin olduqdan sonra oğurluq etmək qərarına gəldim. Pəncərəni itələyərək asanlıqla açdım. Həmin pəncərədən içəri daxil oldum və birbaşa yataq otağına girdim”.

Müttəhim xanım qeyd edib ki, yataq otağında termonun üzərində qoyulmuş yaşıl rəngli kiçik qabın içərisinə baxıb: “Orada 2 ədəd balaca bilərzik, 1 cüt sırğa, 1 ədəd boyunbağı və 1 ədəd üzük olduğunu gördüm. Həmin qızıl zinət əşyalarını götürdüm və həyətə çıxdım. Həyətdən də heç nə olmamış kimi küçəyə çıxdım. Anama bildirdim ki, ev sahibini səslədim, lakin səsimə çıxan olmadı. Oradan aralaşdıq və yenə də kirayə ev axtarmağa davam etdik. Bir neçə saat ev axtardıqdan sonra yaşadığım evə qayıtdıq. Evdə oğurluq etdiyimi heç kəsə bildirmədim”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, növbəti gün Memar Əcəmi metrosu yaxınlığında yerləşən “Moskva Univermağı”nın qarşısına gəlib: “Orada bir neçə mağazaya yaxınlaşdım, qızılları satmaq istədim. Lakin şəxsiyyət vəsiqəsi üstümdə olmadığından qızılları almaqdan imtina etdilər. Mağazanın birində tanımadığım bir şəxs məndən nə baş verdiyini soruşdu. Mən isə həmin tanımadığım şəxsə yoldaşımın vətən müharibəsi qazisi olduğunu, tutulduğu üçün pul lazım olduğundan qızıllarımı satdığımı, lakin şəxsiyyət vəsiqəm üstümdə olmadığından qızılları almaqdan imtina etdiklərini bildirdim. Həmin şəxs mənə inandı, köməklik edəcəyini bildirdi. Məndən qızılları götürdü və bir neçə piştaxtaya yaxınlaşdı. Sonuncu piştaxtada qızılları sataraq mənə 1300 manat verdi. Həmin şəxsə köməklik etdiyi üçün 100 manat təklif etdim. Lakin həmin şəxs pulu götürməkdən imtina etdi. Bundan sonra əldə etdiyim pulları ailəmin və şəxsi ehtiyacıma xərclədim”.

Bu cinayət işinə Binəqədi Rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə qadın 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Cəzanın icra olunduğu müddət ərzində təqsirləndirilən şəxsin üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub. Cəzanın icra olunduğu müddət ərzində yaşayış yerini gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək tapşırılıb.

Təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməməsi barədə əlavə cəza verilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90