ABŞ Prezidenti Donald Tramp, NBC telekanalına telefonla verdiyi müsahibədə Rusiya ilə bağlı “çox mühüm bəyanat” verəcəyini açıqlayıb. Tramp qeyd edib ki, Vladimir Putinin Ukraynaya qarşı davam edən kütləvi zərbələrinə görə Rusiyadan məyus olduğunu gizlətmir. Onun sözlərinə görə, Kremlin son addımları ABŞ-nin strateji səbrini tükədib.
Tramp bildirib ki, Konqres yaxın zamanda Rusiya enerji resurslarını alan ölkələrə qarşı “çox ağır və ağrılı” sanksiyalar nəzərdə tutan qanun layihəsini qəbul edəcək. Qanun layihəsi qəbul edilsə belə, onun icrası Prezidentin səlahiyyətində olacaq.
Tramp deyib: “Onlar çox böyük və çox ağrılı qanun layihəsi qəbul edəcəklər, amma onun tətbiq olunub-olunmamasına Prezident qərar verəcək”.
Bu bəyanat həm də onu göstərir ki, Tramp uzun müddət Putin hakimiyyətinə qarşı loyallıq göstərdikdən sonra Rusiyaya qarşı sərt mövqe nümayiş etdirə bilər, əks halda ictimaiyyət qarşısında izahat verməli olacaq.
Donald Tramp müsahibəsində ABŞ ilə NATO arasında Ukraynaya silah göndərilməsini asanlaşdıracaq yeni razılaşmanın əldə olunduğunu da açıqlayıb. Razılaşmaya əsasən, NATO ölkələri ABŞ silahlarını əldə edərək Ukrayna ordusuna ötürəcək və ödənişi özləri həyata keçirəcəklər. “Biz silahları NATO-ya göndəririk, NATO isə həmin silahları Ukrayna ordusuna verir və ödənişi də özü həyata keçirir”.
Bu, eyni zamanda ABŞ-nin hərbi-sənaye kompleksinin Ukrayna müharibəsindən iqtisadi fayda əldə etdiyini göstərir.
Tramp administrasiyası eyni zamanda Ukrayna münaqişəsinin həlli üçün “yol xəritəsi”nin hazırlanması ideyasını dəstəklədiyini bəyan edib. Beləliklə, NATO ilə əldə olunan silah razılaşması ABŞ-nin hərbi sənaye maraqlarının regiondakı münaqişələrdə necə aktiv rol oynadığını bir daha nümayiş etdirir. Trampın açıqladığı “mühüm bəyanat” isə gözlənilən sanksiyalar paketi və ya daha kəskin diplomatik addım ola bilər.“AzPolitika.info”