image-rt-reklam
image-2backend

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının fəal tərəfdaşlarından birinə çevrilir

image-728x90

Dünyanın yeni təlatümlər və dəyişikliklər dövrünə qədəm qoyduğu bir vaxtda narahatlıq doğuran bütün qlobal məsələlərin beynəlxalq münasibətlər sistemində mövcud olan ənənəvi yanaşmalarla həll edilməsi mümkünsüz görünür. Bu fonda Şanxay Əməkdaşlıq Təşkilatı alternativ hərtərəfli əməkdaşlıq platforması kimi təqdim edilir. 2001-ci ildə yaranan Şanxay Əməkdaşlıq Təşkilatı ciddi transformasiya yolu keçib. Hazırda doqquz üzvü olan təşkilat müşahidəçilər və dialoq üzrə tərəfdaşlarla birlikdə 26 ölkəni bir araya gətirir. Başqa sözlə, təşkilat üç milyarddan çox insanı – dünya əhalisinin 40 faizindən çoxunu birləşdirir. ŞƏT-in əsas prinsipləri olan qarşılıqlı etimad və mehriban qonşuluq münasibətlərinin gücləndirilməsi çoxsaylı ölkələri birləşdirən dəyərlər kimi çıxış edir.
Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən ŞƏT-in Zirvə toplantısında regional təhlükəsizlik, iqtisadi və siyasi əməkdaşlıq məsələlərini müzakirə etmək üçün 16 ölkənin liderləri bir araya gəliblər. Sammitdə qlobal inkişafa mane olan siyasi, iqtisadi və humanitar problemlər də daxil olmaqla çoxsaylı məsələlərin həllində ŞƏT-in roluna diqqət yetirilib.
“Təbii ki, terrorizm, separatizm və ekstremizmlə mübarizə ŞƏT-in əsas prioriteti olaraq qalır. Eyni zamanda, Belarus Astana Sammitində təşkilata tamhüquqlu üzv qəbul edilib. Bununla da üzv dövlətlərin sayı 10-a çatıb. Belarusun təşkilata qoşulmasından sonra artıq ŞƏT Avropadan, Yaxın Şərqdən Cənubi və Şərqi Asiyaya qədər geniş coğrafi ərazini əhatə edir.
ŞƏT-in nüfuzu və beynəlxalq statusu hər il daha da artır. Təşkilata qoşulmaq üçün müraciətlərin sayının artması da bunu sübut edir. Bunun başlıca səbəbi ŞƏT-in “inkişaf naminə əməkdaşlıq” formulunu təklif etməsidir. Qarşılıqlı etimad, qarşılıqlı fayda, bərabərlik, məsləhətləşmələr, mədəni müxtəlifliyə hörmət və ümumi inkişafa can atmaq kimi əsas dəyərləri özündə ehtiva edən “Şanxay ruhu” təşkilat daxilində inteqrasiya proseslərində vacib rol oynayır.
ŞƏT bir təşkilat kimi güclənməsinə baxmayaraq, bu gün, həmçinin bir sıra çağırışlarla üz-üzə gəlir. ŞƏT ölkələrinin bu gün qarşılaşdığı ən ciddi problemlərdən biri iqlim və ətraf mühit məsələsidir. Xüsusilə Mərkəzi Asiya regionu iqlim dəyişikliyinə qarşı həssasdır, qlobal istiləşmə və dəyişkən hava şəraiti bölgə ölkələrinin ekosistemlərini pozur. Xəzər dənizinin suyunun çəkilməsi və çirklənməsi, Mərkəzi Asiyada buzlaqların, Sırdərya və Amudərya hövzələrində suyun həcminin azalması, Aral gölünün quruması arzuolunmaz nəticələrə gətirib çıxarır. Bu baxımdan Astana Sammitində COP29-a ev sahibliyi edəcək Azərbaycan xüsusi diqqət mərkəzində olmuşdur.
Azərbaycan ŞƏT ilə fəal əməkdaşlıq qurmaqda maraqlı olduğunu dəfələrlə bəyan edib. Prezident İlham Əliyevin son illər ŞƏT-in sammitlərində müntəzəm iştirakı bunun bariz nümunəsidir. Azərbaycan Prezidentinin 2022-ci ilin sentyabrında Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Sammitdən sonra Astanada keçirilən Zirvə toplantısına da dəvət edilməsi dolayısı ilə Azərbaycanın artan nüfuzunun üzv ölkələr tərəfindən qəbul olunmasının göstəricisidir. Azərbaycan bu təşkilata bütün dünyada sabitliyin bərqərar olması işinə fəal töhfə verən bir mexanizm kimi baxır. Rəsmi Bakı, həmçinin ŞƏT-ə ümumi əməkdaşlıq platforması kimi baxmaqla yanaşı, üzv dövlətlərlə uğurlu ikitərəfli münasibətləri inkişaf etdirməyi xarici siyasətinin prioritetlərindən biri hesab edir.
ŞƏT Azərbaycanı özünün fəal tərəfdaşlarından biri hesab edir və Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafına əhəmiyyət verdiyini bəyan edib. Azərbaycan da, öz növbəsində, ŞƏT çərçivəsində Orta Dəhliz və “Bir kəmər, bir yol” təşəbbüsünün sinerjisi ilə Avropa ilə Asiya arasında nəqliyyat əlaqəsini təşviq etməyi təklifini irəli sürüb.
Beləliklə, Astana Sammiti ŞƏT-in bütün üzvlərinə və tərəfdaşlarına fayda gətirəcək həllər tapmağa kömək edə biləcəkdir. Təşkilatın yaxın gələcəkdə inkişaf trayektoriyasını davam etdirəcəyi və cəlbediciliyini artıracağı gözlənilir.

Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90