“Paşinyan Ermənistanda ona mane olan qüvvələri sıradan çıxarmaqla öz istəyini reallaşdırmaq niyyətindədir. Bu, asan olmasa da, Nikol Paşinyan bunu bacaracaq”.
Bu fikirləri Ulusal.az saytına açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloqun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaqda, eləcə də sərhədlərin açılmasında israrlıdır.
“Paşinyan anlayır ki, Ermənistanın xilası Rusiyada deyil, Qərb isə çox uzaqdadır. ‘Ən yaxın dost qonşudur’ prinsipini həyata keçirmək istəyən Paşinyan Türkiyə və Azərbaycana üz tutub. Lakin bu istiqamətdə ona mane olmaq istəyən və Rusiyadan təlimat alan qüvvələr var. Bu prosesdə əsas rolu erməni kilsəsi oynayır”, – deyə Arzuman Muradlı qeyd edib.
Politoloq əlavə edib ki, Paşinyan artıq bu qüvvələrə qarşı ciddi addımlar atmağa başlayıb.
“Artıq dünən və bu gün kilsə ətrafında təxribat törədən bəzi erməni din xadimləri saxlanılıb. Bu isə Paşinyanın qətiyyətini bir daha göstərir”, – deyə Arzuman Muradlı vurğulayıb.
Arzuman Muradlı həmçinin bildirib ki, Paşinyan Ermənistan iqtisadiyyatının dirçəldilməsi yollarını da açıq şəkildə ifadə edib:
“Paşinyan dünənki çıxışında bildirdi ki, Ermənistanın iqtisadi dirçəlişi Türkiyə və Azərbaycanla iqtisadi əlaqələrin qurulması və gücləndirilməsindən keçir”, – deyə politoloq əlavə edib.























