Ulusal.az xəbər verir ki, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy Misir prezidenti Əbdülfəttah əs-Sisinin ev sahibliyi etdiyi Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib.
Nazir bu barədə rəsmi “X” (keçmiş Twitter) hesabında paylaşım edərək, muzeyin dünya mədəniyyəti üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb:
“Qədim artefaktlar, o cümlədən Tutankhamonun xəzinələri və Firon Xufunun Günəş gəmisi kimi nadir əsərlərin sərgiləndiyi, ‘Dördüncü Piramida’ adlandırılan bu muzey bəşər tarixinə işıq salan dəyərli mədəni təşəbbüsdür,” – deyə Ərsoy bildirib.
Nazir qeyd edib ki, mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində atılan hər bir addım Türkiyə və Misir arasında dostluq və mədəni əməkdaşlığı daha da gücləndirir.
Qeyd edək ki, Qahirədə yerləşən Böyük Misir Muzeyi dünyanın ən böyük arxeoloji muzeylərindən biri hesab olunur və orada minlərlə qədim Misir əsəri, o cümlədən firon dövrlərinə aid nadir tapıntılar nümayiş olunur.






















