8 Noyabr – Zəfər Günü xalqımızın tarixinə qızıl hərflərlə yazılmış ən möhtəşəm səhifələrdən biridir. İkinci Qarabağ müharibəsində qazanılmış bu parlaq Qələbə Prezident İlham Əliyevin rəhbərliyi, xalqımızın əzmi və iradəsi, müasir ordumuzun gücü və xalq-iqtidar birliyinin təntənəsi kimi tarixə düşüb
“İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev QHT.az-a açıqlamasında 8 Noyabr – Zəfər Günü ərəfəsində qeyri-hökumət təşkilatlarının (QHT) ölkədə gördüyü mühüm sosial fəaliyyətlərdən danışıb. Ramil Əliyev qeyd edib ki, Azərbaycan QHT-ləri birinci Qarabağ müharibəsindən bu günə qədər şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının yanında olublar:
“Biz artıq Zəfərimizin beşinci ilini qeyd etməyə hazırlaşırıq. QHT-lər bu illər ərzində təkcə 44 günlük Vətən müharibəsindən sonra deyil, 1990-cı illərdən bəri şəhid ailələrinə və qazilərə daim mənəvi və psixoloji dəstək göstəriblər. Onların adlarının əbədiləşdirilməsi üçün filmlər çəkilib, kitablar yazılıb, tədbirlər təşkil olunub. İnkişafa və İslahatlara Dəstək İctimai Birliyi də bu istiqamətdə aktiv fəaliyyət göstərir. Biz bu günə qədər 50 qazi, 150 şəhid haqqında film və həyat hekayəsi hazırlayaraq ‘ÖndərTV’ internet televiziyasında yayımlamışıq. Məqsədimiz Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızın xatirəsini yaşatmaqdır.”
Ramil Əliyev vurğulayıb ki, dövlətin şəhid ailələrinə və qazilərə göstərdiyi yüksək qayğı və sosial dəstək QHT-lərin fəaliyyətini daha da gücləndirib:
“Dövlətimizin qayğısı yüksək səviyyədədir, amma QHT-lər də bu prosesdə mühüm rol oynayır. Biz sosial reabilitasiya, psixoloji dəstək və rifah layihələrini həyata keçirərək ailələrin həyat keyfiyyətinin yüksəlməsinə çalışırıq. Azərbaycan QHT-ləri Zəfərdən sonra həm sosial, həm də vətənpərvərlik istiqamətində mühüm təşəbbüslərlə çıxış ediblər. O, xüsusilə ekoloji aksiyalar və ictimai etiraz təşəbbüsləri ilə Azərbaycanın haqlı mövqeyinin müdafiəsində fəallıq göstərildiyini xatırladıb. Gələcəkdə QHT-lərin fəaliyyətinin daha da səmərəli olması üçün dövlət-ictimai əməkdaşlığın genişləndirilməsi və keyfiyyətli layihələrin dəstəklənməsi vacibdir.
QHT-lər əsasən layihə əsasında fəaliyyət göstərirlər. Bu sahədə yeni ideyalar və innovativ yanaşmalar vacibdir. Son beş ildə QHT-lərin fəaliyyəti həm genişlənib, həm də şəffaflaşıb. Prezident İlham Əliyevin çıxışlarında QHT-lərə xüsusi diqqət ayrılması bizə əlavə ruh və motivasiya verir. Əminəm ki, gələcəkdə də QHT-lər dövlətin sosial siyasətinə mühüm töhfə verəcək.”






















