image-rt-reklam
image-1backend

Tramp “Coca-Cola”dan qarğıdalı siropunu çıxardı… ölümə aparır – Bəs Azərbaycan?

image-728x90

Prezident Donald Tramp Amerikanın içki bazarında bəzi şirələrin reseptini dəyişdirmək üçün “Coca-Cola” ilə razılığa gəldiyini açıqlayıb.

Onun sözlərinə görə, ABŞ-də satılan məhsullarda bundan sonra təbii qamış şəkərindən istifadə olunacaq.

“ABŞ-də kolada əsl qamış şəkərinin istifadəsi barədə “Coca-Cola” ilə danışıqlar apardım və onlar razılaşdılar. “Coca-Cola”da qərar qəbul edən hər kəsə təşəkkürümü bildirirəm”, – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, 1980-ci illərdən bəri “Coca-Cola” şirkəti ABŞ üçün nəzərdə tutulan içkilərdə şəkəri yüksək fruktoza tərkibli qarğıdalı siropu ilə əvəz edib. Bu da istehsal xərclərinin azalmasına səbəb olub.

Meksikada isə şirkət hələ də qamış şəkəri ilə içkilər istehsal edir və bu məhsullar amerikalılar arasında da populyardır.

Trampın əsas üstünlük verdiyi içki dietik koladır. Hətta Oval kabinetdə onun üçün bu içkidən sifariş verməyə imkan yaradan xüsusi düymə quraşdırılıb.

Fruktoza tərkibli qarğıdalı siropu, digər adıyla yüksək fruktozalı qarğıdalı siropu (YFQS) qarğıdalı nişastasından istehsal olunan və tərkibində fruktoza, qlükoza olan şirinləşdiricidir. Bu sirop digər şəkər növlərinə nisbətən daha ucuz və daha şirin olduğu üçün bir çox qida məhsulunda istifadə olunur.

Qazlı içkilərdə, şirniyyatlarda, konservləşdirilmiş qidalarda, çörək və digər məhsullarda istifadə olunur. Daha uzun raf ömrünə malikdir.

Yüksək fruktozalı qarğıdalı siropunun sağlamlıqla bağlı riskləri də var. Həddindən artıq fruktoza qəbulu qaraciyərdə piylənmə riskini artıra, həmçinin qanda triqliserid səviyyəsini yüksəldə və sidik turşusunun miqdarını artıra bilər. Həddindən artıq istehlakı 2-ci tip diabet riskini artırır, kökəlməyə səbəb olur.

Qaraciyərin piy distrofiyası ABŞ-də bütün qaraciyər xəstəlikləri arasında birinci səbəbə çevrilib. Müxtəlif şəkərlərin, xüsusilə fruktozanın həddindən artıq istehlakı nəticəsində qaraciyər transplantasiyası əməliyyatları ən çox edilənlər sırasında önə çıxır, bununla yanaşı, donorlara olan tələbat da sürətlə artır.

Bu arada isə iri farmasevtik şirkətlər qaraciyər dağıntısını geriyə çevirəcək yeni dərman hazırlamaq üçün yollar axtarmağa davam edirlər. Halbuki reallıqda sadəcə qidalanma tərzini dəyişmək kifayət edərdi.

Qarğıdalı siropu tez-tez qida şirkətləri tərəfindən ucuz və yüksək konsentrasiyalı şəkər əvəzedicisi kimi istifadə olunur. Qarğıdalıdan əldə edilən fruktoza yüksək kalorili məhsuldur və üstəlik, çox vaxt “fast food” məhsullarında istifadə olunur. Onu müxtəlif souslarda, qazlı içkilərdə, peçenye və un məmulatlarında, siroplarda və digər sənaye məhsullarında görmək olar. Beləliklə, yüksək konsentrasiyalı qarğıdalı siropunun insan sağlamlığına təsiri ilə bağlı tədqiqatlar yekdilliklə onun mənfi təsirini bildirirlər.

Qida eksperti Fərid Səfərov məsələ ilə bağlı Musavat.com-a açıqlamasında bu qərarın “Coca-Cola”nın daha təbii olmasının və yüksək fruktozalı qarğıdalı siropuna (HFCS) yönəlmiş tənqidlərin qarşısını almaq məqsədi daşıdığını bildirib.

Ekspertin sözlərinə görə, HFCS insan sağlamlığı üçün bir sıra risklərlə əlaqələndirilir:

“Bu maddə piylənmə, insulinə qarşı həssaslığın azalması və qaraciyər yağlanması kimi problemlərlə bağlı mənfi fikirlərlə qarşılanır.

Azərbaycanda satılan “Coca-Cola” məhsulları yerli “Coca-Cola Bottlers Azerbaijan” zavodunda istehsal olunur və tərkibi Avropa bazarına uyğunlaşdırılıb”.

Ekspert deyib ki, ABŞ-dən fərqli olaraq burada şəkər qamışı deyil, əsasən çuğundur şəkəri və ya adi ağ şəkər (saxaroza) istifadə olunur. Yəni “Coca-Cola”nın Azərbaycanda istehsal olunan yerli məhsullarında HFCS yoxdur:

“Hazırda bu dəyişiklik yalnız ABŞ bazarına aiddir. Azərbaycan və digər Avropa ölkələrində HFCS artıq istifadə olunmadığı üçün tərkibində dəyişiklik gözlənilmir”.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90