“Türkiyə ilə Azərbaycanın da müharibəyə qoşulmasını istisna etmirəm…”
Donbasdakı separatizmin ilk “qaranquşlarından” biri, ultramillətçi və “rus dünyası” ideyasının qatı tərəfdarlarından sayılan, eləcə də Haaqa Tribunalının terrorçu kimi barəsində qiyabi hökm çıxardığı İqor Strelkov (Qirkin) 2023-cü ildə Rusiya ətrafında baş verəcək hadisələrlə bağlı proqnozunda Azərbaycanın da adını çəkib.
Ulusal.az xəbər verir ki, Strelkov Rusiyanı ağır günlər gözlədiyini, NATO və Avropa ölkələrinin Ukraynaya dəstəyinin artacağını, hətta Polşa və Rumıniyanın Rusiya ilə birbaşa savaşa girəcyini mümkün hesab etdiyini söyləyib: “Son iki ayda təbliğatçılar(söyüş söyür-red.), onlara qoşulan bəzi hərbi müxbirlərlə birgə Ukraynanın son nəfəs üstündə olduğuna, bir azdan çökəcəyinə dair mahnılar oxuyurlar. 2014-cü ildən belə nağıllar eşidilir… Hansı ki, bu müharibədə Ukrayna Ordusu Qərbdən aldığı silahlarla bizə ağır məğlubiyyətlər yaşadıb… Bütün bu təbliğat kampaniyaları obıvateli sakitləşdirmək üçündür… Mən bu gedişlə 2023-cü ildə bizim ordunun daha ağır məğlubiyyətlərini, müharibəyə NATO-nun bəzi ölkələrinin – Polşanın, hansısa şəkildə Rumıniyanın, məsələn, Dnestryanı istiqamətində qoşulmasının mümkünlüyünü proqnozlaşdırıram”.
O, həmçinin Türkiyə və Azərbaycan Ordularının da Rusiyanın çöküşü prosesində iştirak edəcəyini istisna etməyib: “Mən hətta hansısa təxribatlar şəklində Türkiyənin də müharibəyə qoşulacağını istisna etmirəm. Hansı ki, görünür, yaxın aylarda Azərbaycanla birgə “dağlıq Qarabağın” qalıqlarını təmizləməyə hazırlaşır. Orada isə hələ ki, bizim sülhməramlılar yerləşir və onlar öz borclarını yerinə yetirməli olacaqlar. Lakin bunu Türkiyə-Azərbaycan birgə qüvvələri qarşısında edə bilməyəcəklər… Qısası, variantlar çoxdur və onların hamısı neqativ xarakter daşıyacaq(Rusiya üçün-red.)”.
Qeyd edək ki, bundan az öncə Qirkin Rusiyanın Ukraynadan sonra mütləq Qazaxıstanla savaşmalı, oradakı rusdilli əhalini “qorumalı olduğunu” bildirmişdi.“AzPolitika.info”






















