ABŞ-ın Federal Ticarət Komissiyası (FTC) “Microsoft” şirkətinə qarşı genişmiqyaslı antiinhisar araşdırması aparır.
Ulusal.az-ın Bloomberg-ə istinadən verdiyi məlumata görə, araşdırmanın mərkəzində “Microsoft”un Office proqram təminatı və təhlükəsizlik tətbiqlərindən istifadə edərək istifadəçiləri öz bulud xidmətlərinə bağlamaq cəhdləri dayanır.
“Microsoft” müxtəlif hökumət qurumlarının, o cümlədən Pentaqonun böyük müqavilələrini icra edən iri dövlət podratçısıdır. Araşdırma çərçivəsində komissiya şirkətin kibertəhlükəsizlik sahəsindəki çatışmazlıqlarını da diqqətə alır. FTC bu məsələnin “Microsoft”un bazardakı dominantlığını daha da problematik hala gətirdiyini düşünür.
FTC nümayəndələri qeyd edirlər ki, belə bir vəziyyət bazarda ədalətli rəqabətə mane ola bilər və digər texnologiya şirkətlərinin imkanlarını məhdudlaşdıra bilər. Araşdırmanın nəticələri “Microsoft”un fəaliyyətində dəyişikliklərə səbəb ola və ya şirkətə qarşı hüquqi tədbirlər görülməsinə gətirib çıxara bilər.
“Microsoft” hələlik araşdırma ilə bağlı rəsmi açıqlama verməyib. Araşdırma texnologiya sektorunda antimonopoliya nəzarətinin gücləndirilməsi istiqamətində ABŞ hökumətinin son illərdə atdığı addımlardan biri hesab edilir.