Rusiyanın təbii qazını Şərqi Sibirdən Çinin sıx məskunlaşmış şimal və şərq bölgələrinə çatdırmaq üçün tikilən boru kəməri istifadəyə verilib.
Çin dövlət televiziyası “CCTV”nin xəbərinə görə, şimal-şərqdə yerləşən Heylonqciyan vilayətinin Heyxə şəhərindən başlayaraq ölkənin şərq sahilindəki ən böyük şəhəri olan Şanxaya qədər uzanan boru kəmərindən qazın nəqlinə başlanılıb. “Şərq marşrutu” adlanan 5 min 111 kilometrlik bu boru kəməri vilayət səviyyəli 9 bölgədə təxminən 450 milyon əhaliyə ildə 38 milyard kubmetr təbii qaz təmin edəcək.
Kəmərin Tsiansu vilayəti ilə Şanxay şəhəri arasındakı cənub hissəsinin tikintisinin keçən ay tamamlandığı açıqlanmışdı.
Rusiyanın “Sibir gücü” boru kəmərinə əlavə olaraq yeni bir boru kəmərinin inşası üçün Çinlə 4 fevral 2022-ci ildə 30 illik qaz tədarükü müqaviləsi imzalanmışdı. Həmin tarixlərdə Rusiya-Ukrayna müharibəsinin başlamasının ardından ABŞ və Avropanın tətbiq etdiyi sanksiyalarla üzləşən Rusiyanın enerji nəqli üçün Çinə yönəldiyi müşahidə olunur.
Müharibə səbəbilə Avropa ilə Rusiya arasındakı təbii qaz axınının kəsildiyi bu dövrdə Çin böyük əhalisi və inkişaf etmiş sənayesi ilə Rusiyanın təbii qazı üçün alternativ istiqamət kimi diqqət çəkir.