image-rt-reklam
image-2backend

Qənirə Paşayeva “Azərbaycan dili və ədəbiyyatı forumu”nda çıxış edib, vacib çağırışlar edib

image-728x90

MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şamaxı rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə bu gün Şamaxı şəhərində açılış mərasimi keçirilən “Azərbaycan dili və Ədəbiyyatı Forumu”nun l panelində çıxış edib. O, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik əlamətdar yubileyi çərçivəsində və ilk dəfə keçirilən forumu çox təqdirəlayiq hadisə kimi dəyərləndirib. Komitə sədri bir sıra önəmli məqamlara və forumun müzakirəyə çıxardığı mövzular üzrə həllivacib məsələlərə toxunub, çağırışlar edib.

Q.Paşayeva forumda aparılan müzakirələrin gələcək fəaliyyət üçün ciddi baza rolunu oynayacağına inamını bildirib.
“İnanıram ki, bu gün Azərbaycan dili və ədəbiyyatının böyük hamisi Ümummilli liderimizin, Şamaxıdan ədəbiyyata, mədəniyyətə Günəş kimi doğmuş klassiklərimizin timsalında, haqq dünyasında olan bütün ustadların ruhu şaddır. Dilimizin, ədəbiyyatımızın keşiyində durmuş bütün klassiklərimizi rəhmərlə anır, yaşayan dilçilərimizə, ədəbiyyat xadimlərimizə uğurlar arzulayırıq”! – Bu fikirləri söyləyən Q.Paşayeva
ana dilimizi milli varlığımızı müəyyən edən başlıca amillərdən biri kimi xarakterizə edib.
Dövlət dilinin tətbiqi məsələləri ilə bağlı vətəndaşların Milli Məclisin Mədəniyyət Komitəsinə də çoxsaylı müraciətlər etdiyini deyən Q.Paşayeva, o müraciətlərin aidiyyatı qurumlara göndərildiyini və bəzən qeyri-adekvat cavablar alındığını bildirib.
Sözünə davam edən Komitə sədri deyib: “Reklamların dili, müəssisələrin, obyektlərin, məhsulların adı və s. ilə bağlı müraciətləri özəlliklə vurğulaya bilərəm. “Paytaxtın Azərbaycanca danışmayan küçəsi” deyə bir həyacanlı müraciəti xatırlayıram. – Bu, Bakının bir məşhur küçəsi ilə bağlı deyilmişdi. Yəqin, bir çox digər küçələr, meydanlar haqqında da bu və bənzəri cümlələr qurmaq olar. Məncə cavabdeh qurumlar bu məsələlərə biganə qalmamalıdır. O cümlədən TV-lərimiz, radiolarımız dövlət dilinin tətbiqi, habelə Dünya azərbaycanlılarının ana dilimizi, əlifbamızı öyrənməsi üçün zaman-zaman qaldırılmış müxtəlif təkliflərə dair nə işlər görüb – onun haqqında, heç bir iş görməyibsə də bunun səbəbləri barədə belə forumlarda məlumat verməlidir. Çünki Dünya azərbaycanlıları fərqli əlifbalarda yazıb-oxuyur və dilimizi də əsasən məişət səviyyəsində bilir. Biz problemlərə geniş planda baxmalı, həllini də ona uyğun tapmalıyıq”.
Komitə sədri dil və dövlətçilik təfəkkürünün bir-biri ilə üzvi bağlılığına vurğu edib.
Cümləsinin, ümumən nitqinin, fikrinin, dilinin, mədəniyyətinin qayğısına qalmayan toplumun dövlətinin qayğısına necə qalacağını sual edib.

Q.Paşayeva Dövlət dilimizin Qanunla qorunduğunu, Ümummilli lider Heydər Əliyevin 30 sentyabr 2002-ci ildə imzaladığı Qanunun respublikamızda Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamladığını xatırladıb: “Qanunda yazıldığı kimi, “Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır”.
Q.Paşayeva bu Qanundan öncə – 2001-ci il iyunun 18-də dövlət dilinin yeni inkişaf dönəmində yaranmış durumunu nəzərə alan Ümummilli liderin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladığını da yada salıb: “İlk növbədə, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna önəm daşıyan bu Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş bilgiləri özündə ehtiva edir”.

Q.Paşayeva Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli Fərmanını da forumda qədirşünaslıqla qeyd edib. O, dövlətin, şəxsən dövlət başçısının siyasi iradəsini, o cümlədən müvafiq Qanunu, dilimizin qorunması və inkişafı baxımından yetərli hüquqi əsaslar kimi şərh edib, aidiyyatı qurumların hüquqi, ziyalıların, şair-yazıçıların, jurnalistlərin isə mənəvi məsuliyyətindən danışıb.

“Bəli, biz etiraf edirik ki, dövlət dilimizin geniş imkanlarından yetərincə, düzgün yararlanılmır, belə hallar az deyil. Özəlliklə, televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və bayaq da vurğuladığımız kimi, reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud pozulması, leksik, qrammatik qaydalara əməl edilməməsi danılmaz faktlardır. Üstəlik, TV və radiolarda məişət danışığından istifadə olunması, yeri gəldi-gəlmədi yabançı sözlərin, ifadələrin işlədilməsi halları sanki adi hala çevrilib.
Deməli, dilin qayğısına yalnız dövlət orqanları deyil, topumun irəlidə gedən aydınları qalmalıdır, onlar öz şəxsi örnəkləri ilə görünməlidir, özləri örnək olmalıdır”.

“Reklam lövhələrində, iaşə obyektlərinin adlarında Azərbaycan dilinə hörmətlə bağlı ciddi problemlər baş alıb gedir.
Əslində, bununla bağlı qanun var, lakin qanunu həyata keçirənlər ona əməl etmir.
Sual olunur: bəs əlaqədar qurumlar hara baxırlar”?

Komitə sədri Azərbaycan dilinin tədrisi ilə bağlı məktəblərdə yanaşmanın dəyişməli olduğunu da vurğulayıb:
“Azərbaycan dili məktəblərdə formal olaraq keçirilməməlidir. Azərbaycan dilinin tədrisi ilə bağlı çox ciddi yanaşmalar olmalıdır”.
Q.Paşayeva “rus bölmələrində Azərbaycan bölmələrindən yaxşı təhsil verilir” mifini dağıtmağın vaxtının çoxdan çatdğını sözünə əlavə edib.

Dili hər bir millətin öz simasını səciyyələndirən, onu fərqləndirən önəmli amillərdən biri – milli sərvət adlandıran Komitə sədri,
Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsinin haqlı olaraq, millətimizin öz taleyinin yiyəsi olmasının, dövlətçilik ənənələrinin unudulmamasının, milli ruhun cəsarəti kimi xarakterizə edib.

Q.Paşayeva deyib: “Ümummilli liderin ana dilimizin qorunması ilə bağlı siyasi xətti hazırda Prezident İlham Əliyev tərəfindən sədaqət, ləyaqət və peşəkarlıqla davam və inkişaf etdirilir”. O, Prezident İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamına əsasən latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunan əsərlərdən, həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də, 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları da məmnuniyyətlə qeyd edib.
Komitə sədri çağdaş dönəmin tələblərini və gerçəkliklərini nəzərə alan Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının, zənginliyinin qorunması baxımından önəmli hadisə adlandırıb.

Xalq şairi Bəxtiyar Vahabzadədən, Şəhriyardan ana dili ilə bağlı təsirli misallar çəkən Komitə sədri, forumun işinə uğurlar arzulayıb, qaldırılan məsələlərə dair əlaqədar qurum və quruluşların yaxından iştirakı və dəstəyi ilə ciddi əməli addımlar atılacağına inam ifadə edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90