“İlin sonunda ən çox müraciətlərdən biri limitlərin sıfırlanması ilə bağlıdır”.
Ulusal.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “Facebook” səhifəsindəki canlı yayımda vətəndaşların suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, smart-kart tipli sayğaclarda 2023-cü il limitindən istifadə 1 yanvar gecə saat 00:00-dan sonra mümkün olacaq:
“Söhbət ödəniş terminalında həyata keçirilən əməliyyatın vaxtından gedir. Bəziləri dekabrın 30-31-i karta vəsait yükləyirlər və yanvarın 1-i pulu sayğaca yükləyəndə limitin bərpa olunmadığını deyirlər”.
R.Əliyev sonra bildirib ki, smart-kart tipli sayğacda bunlar ödəniş etdiyiniz gündən hesablanır:
“Ona görə də yanvarda karta ödəniş edənlər artıq 2023-cü ilin limitindən istifadə edə biləcəklər. Mexaniki tipli sayğacların istifadəçiləri üçün isə maksimum çalışırıq ki, sayğacların oxunması yanvarın 7-də başa çatsın”.