Kəlbəcər Azərbaycanın ən qədim yaşayış mənskənlərindəndir. Gəmiqaya kimi, Qobustan kimi Kəlbəcər də dünya sivilizasiyasının ilkinlərindəndir. Kəlbəcər ərazisində ilk yaşayış yerlərinin tarixi 30 min ildən çoxdur. Ərazidə bəşəri izlərin mövcudluğunu qayaüstü rəsmlər də təsdiqləyir. İstisudan bir qədər aralıda daş formalı bir qaya var. Təbiətən belə yaranıb. Bu, dünyanın Kəlbəcərə bəxş etdiyi daş kitabənin vərəqidir elə bil. Kəlbəcərdə yaşı 6 min illə səsləşən qayaüstü rəsmlər var ki bunlar da bəşəri sivilizasiyanın yayılma arealının göstəricisi kimi qəbul edilməlidir. Bu daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən ən mütərəqqi din olan İslamın Azərbaycanda yayıldığı dövrlərdə yaradılıb.
Ermənistan silahlı birləşmələri Kəlbəcərə də həmlələr, hücumlar edirdi. Kəlbəcəri yerli özünümüdafiə taboru, əhali və yeni yaradılmış ordumuzun bir taboru qoruyurdu. Müxtəlif ərazilərdə ağır döyüşlər getmişdi. Döyüşçülərimiz düşmənin hücumlarını dayandıra bilməmişdi.
1994-cü ilin yanvarında, İkinci Kəlbəcər əməliyyatında da döyüşün ilk vaxtlarında ordu hissələrimiz mühüm qələbələr qazanmışdı, Kəlbəcərin bir hissəsini işğaldan azad etmişdi. Lakin bu qələbələri ümumi qələbə ilə tamamlamaq mümkün olmamamışdı…
Ermənistan işğal etdiyi Kəlbəcərin təbii sərvətlərini talayırdı, 1999-cu ildən etibarən erməniləri Kəlbəcərdə məskunlaşdırırdı. Bu məskunlaşdırma beynəlxalq təşkilatların qətnamələrinə əməl etməməyin təzahürü idi; BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 822 saylı Qətnaməsinə əsasən Ermənistan hərbi qüvvələrini Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarmalı idi. Ermənistan bu Qətnaməni yerinə yetirmədi, beynəlxalq təşkilatlar buna ciddi hüquqi münasibət bildirmədi. Azərbaycan Ordusu ədalətli müharibə ilə 2020-ci ilin noyabrında Ermənistanın torpaq iddiasını döyüşlə həll etdi. Zəfərdən sonra beynəlxalq təşkilatlar, dövlətlər zamanında münasibət bildirmədiyi məsələni yenidən gündəmə gətirmək istəyir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev onların heç bir hüquqi (və siyasi!) əsası olmayan istəyinə qətiyyətli cavab verdi…
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq” fikirləri də İkinci Qarabağ ümharibəsində qazanılmış Zəfər kimi tarixləşdi.
Zəfərdən sonra Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşası başa çatmaqda olan 11.6 kilometrlik tunel regionun böyük logistik layihəsidir. Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. İcra olunan layihələr həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə baxımından böyük əhəmiyyətə malikdir.
2021-ci ilin sentyabrında Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat məqsədi ilə torpaqlarımıza hücum etdi. Ordu hissələrimiz bu hücumun da qarşısını qətiyyətlə aldı. Kəlbəcərdə yaradılmış komando qüvvələri digər qüvvələrlə qarşılıqlı əlaqədə ciddi döyüşlərlə düşməni geri çəkilməyə mıcbur etdi, əks-hücumu davam etdirərərək Kəlbəcərdə və Laçında xeyli ərazini işğaldan azad etdi. Bu qələbələr 2020-ci ildə qazanılmış Zəfərin davamı kimi tarixləşdi.
Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri başladı. Kəlbəcərdə Zəfər muzeyi, Bayraq meydanı inşa edilir, neçə-neçə su-elektrik stansiyası istrifadəyə hazırdır. “İstisu”nun yeni mənbəyində sənaye strukturu yaradılır, bütün vacib infrastrukturlar qurulmaqdadır. Kəlbəcər də yenidən qurulmaqdadır. Yaxın vaxtlarda əhali Kəlbəcərə qayıdacaqdır…
2022-ci il iyun ayının 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimi oldu. “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının açılışı oldu, İşğal və Zəfər muzeyləri komplekslərinin, Rəqəmsal İdarəetmə Mərkəzinin, “istisu” mineral su zavodunun təməlqoyma mərasimləri keçirildi.
Xarici şirkətlər Kəlbəcərdə və Laçında külək elektrik stansiyalarının tikintisini yerinə yerirmək niyyətində olduğunu bildiriblər. Çətin relyefə malik olan Kəlbəcər dağlarından elektrik xətləri çəkilib. “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyası inşa olunur, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyası isə artıq istifadəyə verildi…
Kəlbəcər də yenidən qurulur. Yaxın vaxtlarda kəlbəcərlilər Kəlbəcərə qayıdacaq. Bir şeirdə deyildiyi kimi, ağlaya-ağlaya çıxan Kəlbəcər bir gün gülə-gülə qayıdacaq. O günə az qalıb. Bir səbr qədər…
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı