Müdafiə Nazirliyinin təşkilatçılığı ilə jurnalistlərin Kəlbəcərə – dekabrın 14-də mina partlayışları baş vermiş əraziyə səfəri başlayıb.
Ulusal.az xəbər verir ki, məqsəd erməni hərbi birləşmələrinin 2020-ci ildən mina basdırılan ərazilərlə tanış etmək və onların terror hərəkətlərini dünya ictimaiyyətinə çatdırmaqdır.
Qeyd edək ki, dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.
Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə həlak olub.