image-rt-reklam
image-1backend

Nə plan, evlənmək də planladır? – Kinomuzun Şirin kişisi sevdiyi qızı qaçırdıbmış

image-728x90

-Ölmədik oğul, axır ki, bu günü də gördük.-Otur, oğul, otur. Toyundur!

-Hələ mən evlənmək haqqında düşünmürəm.

-Naz eləmə, lap ürəyindəndir.

-Ata, evlənmək barədə mənim öz planım var.

-Nə plan? Evlənmək də planladır?

Çətin ki, Şirin kişinin bu sözlərini xatırlamayan tapıla. O, həyatda da eynən sənətdəki kimi seçilirdi. Bu gün elə həyatda da yaxşı kişi, şirin kişi kimi tanınıb sevilən xalq artisti Məmmədrza Şeyxzamanovun anım günüdür. Publika.az bu yazı ilə böyük sənətkarı bir daha yad edir.

 

Şeyxzamanovlar nəslinin övladı idi Məmmədrza. 1915-ci il avqustun 4-də Gəncədə dünyaya göz açıb. Sovet hökuməti yerini möhkəmlətdikcə, varlılara qarşı münasibəti daha da kəskinləşirdi. Bu, onların da ailəsindən yan keçməyib, qayğı dolu uşaqlıq həyatı yaşayıb. Ehtiyac içində yaşadıqlarını, anasının dolanışıq üçün əzablara qatlaşdığını görən, ona kömək etmək istəyən Məmmədrza Şeyxzamanov on iki yaşından işləyərək evə qazanc gətirib. Gəncə İnşaat Texnikumuna daxil olandan sonra təqaüd də alıb.

Bir gün məktəbdən evə sevincək qayıdıb. Anası onun üzünə baxanda anlayıb ki, oğlunun həyatında nəsə böyük bir hadisə baş verib. Doğrudan da, həmin gün texnikumun dram dərnəyinə qəbul olunmasını Məmmədrza Şeyxzamanov özü üçün əsl səadət sayıb. Şeyxzamanovlar kimi böyük, sanballı nəslin övladı olsa da, evdə “Sənin teatr aləmində nə işin var?” deyə narazılıq edən, onu bu yoldan çəkindirməyə cəhd göstərən olmayıb.

Anasının təsəllisi, ümid yeri olan Məmmədrza Şeyxzamanovu tezliklə Gəncə Dram Teatrının rejissoru Həbib İsmayılov teatrın nəzdindəki studiyaya dəvət edib. O, aktyor kimi Gəncədə yavaş-yavaş tanınmağa başlayıb. Bir gün Səməd Vurğunun “Vaqif” dramını tamaşaya hazırlayırlar. Müəllif özü də məşqə baxmağa gəlib. Məmmədrza Şeyxzamanovun Eldar obrazını necə ifa etdiyini görüb, bəzi məsləhətlər verib. Bu sənət ocağı gənc aktyor üçün düşərli olub. Gələcək həyat yoldaşı ilə də elə bu teatrda tanış olub Məmmədrza Şeyxzamanov. Ağbəniz, qədd-qamətli, gözəgəlimli iyirmi dörd yaşlı gəncin pərəstişkarları az deyildi. Elə sevib-seçdiyi Nigar xanım da Məmmədrza Şeyxzamanovun pərəstişkarı idi. Nigar xanımın ailəsi kasıb artistin elçilərinə “yox” deyiblər. Ancaq gənclər sevgilərindən dönməyiblər. Məmmədrza Şeyxzamanov sevdiyi qızı qaçırıb. Bir ildən sonra – 1939-cu ildə qızları Leyla dünyaya gəlib.

Gəncliyi də uşaqlığı kimi əzab-əziyyətli, çətinliklərlə dolu olur. Sürgün həyatı yaşamaq da yazılır ömür payına. Amma sınmır, qırılmır, inamı ona həmişə güc verir. Dövlət Akademik Dram Teatrının yaradıcı heyətinin 1955-ci ildə Gəncəyə qastrol səfəri ona uğur gətirib. Rejissor Adil İsgəndərov Məmmədrza Şeyxzamanovu həmin teatra dəvət edib. Ailəsini də götürüb Bakıya gəlib. Bu teatrda ilk dəfə “Göz həkimi” tamaşasında professor Şahbazov kimi səhnəyə çıxıb. Elə birinci rolu ilə tamaşaçıları ovsunlaya bilib istedadlı aktyor.

Məmmədrza Şeyxzamanov uzun illər Akademik Dram Teatrında bir-birindən fərqli, maraqlı, yaddaqalan obrazlara həyat verib. “Vaqif”də Eldar, Qacar, “Xosrov və Şirin”də Xosrov, “Yaşar”da İmamyar, “İliç buxtası”nda Əşrəf, “Aydın”da Aydın, “Qış nağılı”nda Poliksen, “İblis”də İxtiyar… olub.

Aktyorun milli kinomuzdakı uğuru isə onun yaradıcılığının ayrı bir səhifəsidir. Məmmədrza Şeyxzamanovun qismətinə maraqlı, yaddaqalan, bu günə kimi sevilən obrazları ifa etmək düşüb. “Bəxtiyar” “Bir qalanın sirri”, “Nəsimi”, “Tütək səsi”, “Yeddi oğul istərəm”, “Telefonçu qız”, “Əhməd haradadır”, “Görüş” və bu kimi 50-dən çox ekran əsərində rolları böyük ustalıqla canlandırıb.

Sənətini həddindən artıq sevib. Aktyor kimi təhsil almasa da, bu sənətə aid çoxlu kitablar oxuyub. Böyük-kiçikliyindən asılı olmayaraq ona həvalə edilən hər bir rola məsuliyyətlə yanaşıb, öz üzərində ciddi işləyib. Onu həyatda səmimi, təvazökar, mehriban, ciddi adam kimi tanıyıblar.

Məmmədrza Şeyxzamanov son dərəcə faciəli və keşməkeşli bir həyat yaşayıb. Bu kədər, bu yanğı onun səsindən, ən çox da mənalı gözlərindən duyulurdu. Onun səsinin tembri, zahiri görünüşü, həm teatrda, həm kinoda, həm də müxtəlif filmlərin dublyajında yaratdığı xarakterlər hər zaman yaddaşlarda, xatirələrdə qalacaq. Çünki Məmmədrza Şeyxzamanov böyük sənətkar idi, sözün hər mənasında. Böyük sənətkarlar isə tək bir zamanın deyil, bütün dövrlərin yaddaşına həkk olunur.

Şeyxzamanov 1984-cü il, yanvarın 25-də Bakıda vəfat edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90