image-rt-reklam
image-5backend

Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü

image-728x90

Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci ildir ki, qeyd olunur.
Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və suverenliyin tam bərpası yolunda atılan mühüm addımlardan biri də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri gününün təsis edilməsidir. Prezident İlham Əliyevin 2023-cü ilin sentyabr hadisələrindən sonra imzaladığı sərəncama əsasən, 20 sentyabr tarixi həmin şəhərlərin rəmzi olaraq qeyd olunmağa başlanmışdır. Bu gün artıq ardıcıl ikinci dəfə ölkə miqyasında xüsusi əhəmiyyət daşıyan bayram kimi qeyd edilir.

Xatırladaq ki, 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyimiz tam bərpa olundu. Bir sutkadan az vaxt ərzində 406 kvadratkilometr ərazi tam nəzarət altına alındı, separatçı silahlı dəstələr tərksilah edildi və ölkəmizin konstitusiya quruluşu bərpa edildi. Bununla da illərdir işğal altında qalan Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Azərbaycanın rəsmi idarəçiliyinə qaytarıldı.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin həmin şəhərlərdə Dövlət Bayrağını ucaltması isə bu qələbənin rəmzi ifadəsi oldu. Artıq “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur, Xocalı da daxil olmaqla bir sıra yaşayış məntəqələrinə ailələrin köçürülməsi davam edir. Bu fakt həm dövlətin sosial ədaləti bərpa etmək əzmini, həm də regionda dayanıqlı inkişafın təmin olunmasına yönəlmiş siyasətini əks etdirir.

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü yalnız qələbə simvolu deyil, həm də Azərbaycanın ərazi bütövlüyünün, milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Bu günün ardıcıl olaraq ikinci dəfə qeyd olunması göstərir ki, artıq ölkəmiz öz tarixi ədalətini bərpa edib və gələcək nəsillərə müstəqil, suveren və güclü bir Azərbaycan miras qalacaq.

Rəvanə Kərimova, Nəsimi Rayon Gənci.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90