Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının Əməkdar jurnalisti, tanınmış şair-publisist Tahir Talıblı ilə görüşüb.
Tahir Talıblının dövlət radiousunda uzunmüddətli səmərəli xidmətlərini xatırladan Komitə sədri, yubilyara möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyib. Q.Paşayeva T.Talıblının 75 illik yubileyi münasibəti ilə ona Qarabağ motivli xatirə hədiyyəsi və Mədəniyyət Komitəsi adından Təbrik məktubu təqdim edib. Məktubda deyilir:
“Hörmətli Tahir müəllim, Sizi 75 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, Sizə möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm! Siz 1948-ci ilin fevralın 22-də Qərbi Azərbaycanın Cəlaloğlu elinin Evli kəndində doğulmusuz. Evli kənd orta məktəbini bitirdikdən sonra təhsilinizi 1968-1972-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) Filologiya fakültəsində oxumusz. 1974-cü ildə ildə əmək fəaliyyətinizə doğma kəndinizdə dil-ədəbiyyat müəllimi olaraq başlamış, 1975-1980-ci illərdə həmin orta məktəbin direktor müavini, 1980-1988-ci illərdə isə direktoru vəzifəsində çalışmısız. 1988-ci ildə Ermənistan hakimiyyətinin ekstremizi, təhdid və təzyiqi üzündən dədə-baba yurdunuzü tərk etməyə məcbur qalmısız və həmin ildən Bakı şəhərində yaşayırsız. 1970-ci ildən poetik əsərləriniz, publisistik yazılarınız dövri mətbuatda çap edilib. İlk şeirləriniz “Azərbaycan gəncləri” qəzetinin səhifələrində dərc olunub. Siz “Yeni fikir” qəzetinin əməkdaşı, 1992-1993-cü illərdə isə baş redaktoru olmusuz. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Radio verilişləri redaksiyasının Güney Azərbaycanı şöbəsində redaktor vəzifəsində çalışmısı (1993). Siz 2021-ci ilə qədər Azərbaycan Dövlət Televiziya və Radiosu “Xalq yaradıcılığı” redaksiyasının baş redaktoru vəzifəsində çalışmısız. Çalışdığınız illər ərzində xalq yaradıcılığı redaksiyasında müxtəlif tədqiqat xarakterli verilişlər efirə gedib. “Bulaq”, “Gündoğandan günabatana”, “Yazıya pozu yoxmuş”, “Xeyrə qənşər”, “Aşıq gördüyün çağırar” ,”Yerin-yurdun adın andım”, “İlmə”, “Şirvan nəfəsi”, “Divani” saz-söz məclisi, “Dastan saatı”, “Qərib axşamlar”, “Şirvan şikəstəsi”, “Tərəkəmə” folklor rəqs toplusu, “Yurd yeri”, “Soyumuz-soykökümüz”, “İrəvan çuxuru” kimi doğma adlı, milli yönlü verilişlər yarandığı gündən dinləyicilərin diqqət və marağına səbəb olub. “Xalq yaradıcılığı” redaksiyasının verilişlərində etnoqrafiyamızla, soykökümüzlə, toponimlərimizlə, tarixi adlarımızla, qədimliyimizlə bağlı araşdırmalar səsləndirilir. “Xalq yaradıcılığı” redaksiyasının verilişlərində, dünyanın dörd tərəfinə səpələnmiş türk xalqlarının folklor örnəklərindən geniş söhbət açılır. Üzü Şumerdən bəri gələn “Şu”, “Bilqamış”, “Dədə Qorqud”, “Koroğlu”, “Alpamış”, “Manas” və b. dastanlar ümumtürk varlığının dünya üzündəki varlığı kimi verilişlərin əsas mövzusudur. “Ustad nəfəsi”, “Divani” saz söz məclisi, “Dastan saatı”, “Yurd yeri” və b. verilişlərdə aşıq sənətimiz yaradıcı şəkildə araşdırılır, təqdim olunur. “Sevgi harayı”, “Yazılmamış şeirlər”, “Yollara çıxmışam”, “Bizi yurd saxlar”, “Əziz Əliyev: dövrü, həyatı, şəxsiyyəti”, “Bu tale dediyin”, “Qurdu qəmgin, quşu qərib”, “Vaxt vaxtında gəlir”, “Söz içində söz” – bunlar Sizin oxucu rəğbəti qazanmış kitablarınızın adıdır.
Azərbaycan Prezidentinin 10 noyabr 2011-ci il tarxli Sərəncamı əsasında “Əməkdar jurnalist” fəxri adi ilə təltif olunmusuz. Sizi 75 illik yubileyiniz və yaradıcılıq uğurlarınız münasibəti ilə Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş arzularımı yetirirəm”! Görüş və xoş sözlər üçün təşəkkür edən T.Talıblı şeir kitablarını Q.Paşayeva üçün imzalayıb.