Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) 2013-cü ildə Reyhanlıda 53 nəfərin ölümü ilə nəticələnən terror aktını təşkil edən Temir Dükancını həbs edib.
Ulusal.az xəbər verir ki, Temir Dükancı partlayışlarda istifadə edilən partlayıcıların dəniz yolu ilə Türkiyəyə daşınmasına kömək edib, həmçinin onların daşınması üçün maşınları təmin edib.
Fəaliyyətləri MİT tərəfindən araşdırılan Dükancının Suriyadakı son hadisələr nəticəsində Livana qaçmağı planlaşdırdığı aşkar edilib.
Dükancının burada toplayacağı terror təşkilatı üzvləri ilə Türkiyənin xaricdəki nümayəndəliklərinə qarşı terror aktı keçirməyi planlaşdırdığı və buna görə də, saxta pasport əldə etmək istədiyi müəyyən edilib.
Terrorla bağlı axtarışda olanlar siyahısında “narıncı kateqoriya”da yer alan Dükancının yeri dəqiq müəyyən edildikdən sonra əməliyyat keçirilib.
Terrorçu MİT-in Suriya-Livan sərhədində keçirdiyi sərhəd əməliyyatında saxlanılaraq Türkiyəyə gətirilib.
Suriyadan Livana qaçmaq istəyərkən saxlanılan Dükancı Hatay Şəhər Polis İdarəsinə təhvil verilib.
Qeyd edək ki, MİT Reyhanlı hücumunu həyata keçirən terrorçulardan Yusuf Naziki 2018-ci, Məhəmməd Dib Koralı isə 2025-ci ildə Suriyada həbs edərək, Türkiyəyə gətirmişdi.