image-rt-reklam
image-media-media-difai-32p1wz6l7e5cgo0s4b8i-1xrfw4engpbkjayi8s0c-620x326backend

Gözəgörünməzlər erməni daşnaklarını necə məhv edirdi?: Faktlar

image-728x90

Sübh tezdən erməni keşiş Nikosyan Ter-Ovanesyanın öldürülməsi xəbəri bütün Şuşaya yayıldı. Şuşada keşiş kimi fəaliyyət göstərən, amma əslində “Daşnaksütyun” partiyasının əsas simalarından biri olan Nikosyan Ter-Ovanesyanın öldürülməsi şəhər əhalisini heç də narahat etmədi. 1905-06-cı il erməni-müsəlman davasında ermənilərə başçılıq edən, kod adı “Nikol Duman” olan keşiş bütün şəhərin baş bəlasına çevrilmişdi. Artıq hər kəs onun vətənpərvərlərdən ibarət “Difai”çilər tərəfindən öldürüldüyünü danışırdı.

1905-ci il… Bakı şəhərində Azərbaycanın görkəmli türkçü-ziyalısı Əhməd bəy Ağaoğlu tərəfindən “Fədai” adlı gizli bir cəmiyyət yaradılır. Bu, Azərbaycan Türkünün özünümüdafiə instinkti, illərdən bəri toplanmış passionar enerjinin vulkantək püskürməsi demək idi. Türk həmişə olduğu kimi bu dəfə də hücumda olmalıydı. Böyük türkçü-publisist Yusif bəy Akçuralı 1928-ci ildə nəşr etdirdiyi “Türk ili” kitabında Əhməd bəy Ağaoğlunun tərcümeyi-halını yazarkən qeyd edir: “Türklərin ermənilərə qarşı mübarizə aparmaq üçün bir təşkilata böyük ehtiyacları vardı. Bu ehtiyacı təmin etmək üçün Əhməd bəy Ağaoğlu 1905-ci ildə Bakıda “Fədai” adlı gizli bir cəmiyyət təşkil etməyə müvəffəq oldu”.

“Fədai” cəmiyyətinin fəaliyyəti çox keçmir ki, öz bəhrəsini verir. Artıq ermənilər Azərbaycan türklərinin nəyə qadir olduqlarını anlamağa başlayırlar. Əhməd bəy Azərbaycanın bütün ərazilərində təşkilatlanmağı lazım bilirdi. İlk olaraq o Azərbaycanın ikinci paytaxtı sayılan Gəncəyə yola düşdü. Gəncədə tanınmış vətənsevər millətçilərlə görüşərək orada “Difai” təşkilatını yaratdı. Ələkbər bəy Xasməmmədov və qardaşı Ələsgər bəy Xasməmmədov, doktor Həsən bəy Ağayev, Ələkbər bəy Rəfibəyli, Şeyxülislam Axund Molla Məhəmməd Pişnamazzadə, gimnaziya müəllimi Mirzə Məhəmməd Axundzadə, müəllim Mirzə Cavad, gənc müəllimlərdən İdris Axundzadə və başqaları Gəncədə təsis edilən “Difai” Təşkilat Komitəsinin üzvləri idilər.

Nağı bəy Şeyxzamanlı özünün “Azərbaycan İstiqlal Mücadiləsi Xatirələri”ndə yazır: “O vaxt gizli təşkilatımız ilhamını bir neçə irəli gələn millətpərvərlərimizdən alırdı. Onların başında Ələkbər bəy, iki qardaş Xasməmmədli Ələkbər və Ələsgər, Yusifbəyli Nəsib bəy, doktor Həsən Ağaoğlu dururdu. Bu böyüklərimiz Ağaoğlu Əhməd bəyi axşam yeməyinə dəvət edərkən xeyli söhbət aparırlar. Azərbaycan xalqının gələcəyi qaranlıq olduğu və qarşıda ruslar ermənilərin əli ilə hər bir pisliyi edə biləcəkləri üçün yenidən xalqı birləşdirmək, rus idarəsi ilə mücadilə etmək və ruslara anlatmaq ki, asanlıqla məhv olmayacağıq. Rusların gözlərini qorxutmaq üçün gizli bir firqə yaratmaq qərarına gəlirlər və həmin təşkilatı “Difai” firqəsi adlandırmağa qərar verirlər.”
Bu minvalla Azərbaycanın hücuma məruz qalan vilayətlərində yaradılan “Difai” təşkilatının yerli şöbələri erməni silahlı dəstələrinə qarşı mübarizəyə başladı. Partiyanın fəaliyyəti və rəhbərliyi barədə Tiflisdəki quberniya jandarm idarəsinə vaxtaşırı məlumatlar verildi.

1905-06-cı illərdə Gəncədə baş vermiş erməni-türk qarşıdurması zamanı “Difai” sözün əsl mənasında “Qafqazı qanlı səhnə halına salmaq” barədə verdiyi vədə əməl etdi. Gəncədə yerləşən “Cəmiyyəti-Xeyriyyə” və “Nəşri-Maarif” cəmiyyətlərinin binası qərargaha çevrilmiş və Gəncənin ən mötəbər, tədbirli, xalq arasında sözü keçən adamlarından biri – Ələkbər bəy Rəfibəyli bu hərəkata rəhbər seçilmişdi. Hüseyn Baykara yazır: “Əks-hücum gecə, qaranlıq düşəndən sonra başlayacaqdı, erməni kəndləri və məhəllələri dağlıq tərəfdən əhatəyə alınaraq hücum ediləcəkdi. Bu hərəkatda əli silah tuta bilən bütün şəhər camaatı və dağlardan enərək köməyə gələn Dəli Alının silahlı dəstəsi Ələkbər bəyin rəhbərliyi altında vuruşacaq.”

“Difai” firqəsinin ilk “nəhəng” qurbanı Gəncə qubernatorunun müşaviri Kreşçinski olur. Kreşçinski Şuşada olduğu zaman ermənilərə köməklik etmişdi. Kreşçinskini öldürmək üçün “Difai” partiyası Gəncə təşkilatının üzvləri öz aralarında püşk atırlar və püşk Gəncənin Topalhəsən kəndinin sakini Səmədə düşür. Kreşçinski çox keçmir ki, Gəncədə elə öz evinin qabağındaca layiq olduğu cəzanı alır. Qətlin ertəsi gününün gecəsi “Difai” firqəsinin möhürüylə divarlara bəyannamələr yapışdırılır. Bu rus məmurlarında böyük qorxu yaradır.

“Rus idarəsinin hər təşkilatında “Difai”nin adamları var idi, xüsusilə də Rus Milli Təhlükəsizliyində tərcüməçi və katib Sədrəddin adında çox qiymətli bir təşkilatçı vardı. Bir gün o “Difai” firqəsinin üzvü olduğunu təxmin edən birisinə xəbər verir ki, Molla Hadı adında bir nəfər gizli olaraq Rus Milli Təhlükəsizlik Komitəsinə gəlib və beş dəqiqə sonra tanımadığım bir erməni müfəttişini otağına aparır, zənnimcə, erməni Molla Hadıya tərcüməçilik edir, uzun-uzadı söhbət edirlər. “Difai” toplantılarına ara verir, ancaq bütün qüvvələri ilə rusların nəyi təqib etdiklərini öyrənməyə çalışırlar. Digər tərəfdən Sədrəddin bəyə məsələ ilə maraqlanmasını məsləhət görürlər. Molla Hadı pusqu altına alınır. Təhqiqat nəticəsində Molla Hadının ruslara satıldığı öyrənilir. Molla Hadının qohumları araşdırılır, haradan və nə zaman Gəncəyə gəldiyi anlaşılmır. Ancaq öyrənilir ki, Molla Hadını mülki paltar geyinmiş bir polis nəfəri hər axşam evinə qədər mühafizlik edir. Gündüz vaxtı da həmin polis nəfəri onu təqib edir. “Difai” firqəsi Molla Hadının qətlinə qərar verir və bir gün sonra o, öldürülür. Polislər cənazəni dəfn edə bilmirlər… Mollalardan heç kəs cənazə namazını qılıb, dəfn etməyə cəsarət göstərmir. Nəhayət, Molla Musa adında bir nəfər “Difai”nin üzvü təxmin etdiyi birisinə yanaşır və deyir, “cənazə evdə qalıb. Sən izn ver, gedib namaz qılıb, dəfn etdirim”. Həmin kəs hirslənərək mollaya cavab verir: “Mənə nə, niyə məndən soruşursan, kim sənə bir şey edər?!” Molla Musa bunu “Difai” tərəfindən izin sayaraq Molla Hadını dəfn etdirir”

Şuşada ermənilər qırğın törətdikləri zaman onlara köməklik edən general Qoloşanov çarın naibi, eyni zamanda, çarın əmisi Nikolay Nikolayeviçə raport vermək üçün Tiflisə gedir. Bu xəbəri əldə edən “Difai” Partiyasının Şuşadakı təşkilatı tərəfindən xalq arasında igidliyi ilə seçilən və tanınan Hüsü adlı birisinə Tiflisdə Qoloşanovun axırına çıxmaq tapşırılır. Bir həftə keçməmiş bu əmr Tiflisdə yerinə yetirilir. “Difai”çilər Hüsünün təhlükəsizliyini qorumaq niyyətilə onun İrana qaçmasına köməklik edirlər. Şuşada xalq arasında “dəli sudya” adı ilə tanınan rus hərbi məhkəməsinin prokuroru Lunyakin ermənilərə kömək etdiyi üçün “Difai”nin Şuşa Komitəsinin qərarı ilə aradan götürülür. Gəncədəki polis rəisi Bannikov, Tərtərdəki polis rəisi Felikinski də eyni səbəbdən partiyanın qərarı ilə “daimi istirahət”ə göndərilirlər. Bu siyahını uzatmaq da olar. Bütün bunları əlbəttə ki, Azərbaycanda xalqın azadlıq uğrunda mübarizəsinin başlanğıcı kimi qiymətləndirməliyik. Bu hadisələrdən sonra “Difai” partiyasının üzvlərinə qarşı əməliyyata başlanılır. 1907-ci ildə “Difai” təşkilatının qanadı “Qarabağ məclisi”nin fəalları kütləvi həbsə məruz qaldılar. Martın 23 və 24-də Hüseyn Münşiyevi, Əfrasiyab Əzimоvu, Məşədi Şamil Hacıyevi, Zülfüqar bəy Haqverdiyevi, Xuduş Quliyevi, Kazım bəy Kazımbəyоvu və Məmmədcəfər Muxtarоvu Şuşa həbsxanasına saldılar. Tutulanların hamısını Həştərxan quberniyasına sürgün edildi.

Azərbaycan türklərinə düşmən kəsilmiş məmurların öldürülməsinə qərar verən “Difai” hər belə qətldən sonra məsuliyyəti öz üzərinə götürməklə yanaşı, öz möhürü ilə bəyannamədə yayırdı. “Difai”nin möhürü Azərbaycan türkü üçün bir intiqam günəşinə və bu millətin qanını içməyə hazır olan yadelli məmurlar üçün ölüm hökmünə dönmüşdü. M.Şeyxzamanlı: “Ancaq bir həqiqət vardı ki, rus idarəsinin ən qəddar işçilərinin gözləri əməlli-başlı qorxmuşdu. Beləcə, rus idarəsi ilə “Difai” mücadiləsi 1906-cı ildən 1909-cu ilin ortalarına qədər davam etdi. “Difai” təşkilatı Azərbaycan tarixində bəlkə də yeganə qurum oldu ki, “qana qan” şüarı ilə erməni terroruna qarşı savaş açdı. “Difai” Partiyasının Bəyannaməsində bu açıqca yazılmışdı: “Əvvəllər olduğu kimi, erməni terror təşkilatları müsəlmanların üzərinə xain və qəddarcasına hücumlar edərsə, bizdən layiqli cavab alar və Qafqaz başdan-başa, bitməz-tükənməz bir qanlı səhnə halına düşər. Daşnak partiyası əmin olsun ki, heç bir vaxt biz öz millətimizin bədbəxtliyi üzərində erməni millətinin səadət və xoşbəxtlik qurmasına yol vermərik”.

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90