image-rt-reklam
image-1backend

Ülvi Quliyev: “Zəfər Gününün məna dərinliyi Xalq-Lider birliyindədir”

image-728x90

Tarixi Zəfərimizin unudulmaz və əbədi yaşayacaq rəmzlərindən biri də 44 rəqəmidir. Çünki Ermənistanın və ona himayədarlıq edən dairələrin Azərbaycana qarşı iki əsrlik məkrli planına cəmi 44 gün ərzində savaş meydanında son qoyuldu.

Sivil dünya ilə yanaşı, hətta bədxahlarımız da sonda etiraf etməli oldu ki, Prezident İlham Əliyevin müharibə günlərində Ermənistana və havadarlarına göstərdiyi “Dəmir yumruq”da bütöv bir xalqın iradəsi və qələbə əzmi birləşib. Zaman keçdikcə məcburən onu da qəbul etdilər ki, həmin “Dəmir yumruq” vətəndaş və dövlət, xalq və lider birliyini ifadə edir. Bəziləri isə yalnız indi başa düşür ki, tarixi köklərinə genetik kod və dəyər səviyyəsində bağlı olan xalq öz övladlarını Vətən uğrunda şəhid verə və bununla qürur duya bilir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.

Müharibə günlərində Prezident İlham Əliyevin şəhər və kəndlərimizin azad edilməsi ilə bağlı hər xəbəri iki əsrlik acımıza nə qədər məlhəm olurdusa, bədxahlarımızı, anti-Azərbaycan planının müəlliflərini də bir o qədər sarsıdırdı. Noyabrın 8-də Şuşanın azad olunması xəbəri isə milli kimliyimizi, milli qürurumuzu təhdid edənlərin təcavüzkar ideologiyasını param-parça etdi. İşğalçı Ermənistana və erməni separatizminə tarixən dəstək verən ölkə və dairələr, nəhayət, anladılar ki, öz xalqına güvənən və xalqın da tərəddüd etmədən inandığı qətiyyətli Lider istənilən gücün qarşısında ləyaqətlə dayana bilir, ədalətli mövqeyindən heç vaxt geri çəkilmir. Çünki həmin Lider öz xalqı və qəhrəman Ordusu ilə birgə əvvəlcədən hər cür fədakarlığa hazır olur.

Ermənistan və onun himayədarları yalnız indi anlayır ki, Prezident İlham Əliyevin müharibədən üç gün əvvəl-sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının  ümumi debatlarındakı çıxışı zamanı verdiyi bəyanat siyasi iradə ilə yanaşı, bu yolda hazır olduğumuz  fədakarlığın mesajı idi: “Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir. Dağlıq Qarabağ qədim və tarixi Azərbaycan torpağıdır. Qarabağ Azərbaycandır!”

44 günlük Vətən müharibəsinin  Şuşa Zəfəri ilə taclandırılması bütün dünyaya göstərdi ki, bu bəyanat sadəcə şüar deyil, onun arxasında Azərbaycan Prezidentinin iradəsi, öz xalqının haqqına olan sarsılmaz inamı və yetişdirdiyi qəhrəman Ordusu dayanır! Prezident İlham Əliyevin qətiyyətli inamı həm də ona söykənirdi ki, o, Ulu Öndər Heydər Əliyevin bu müdrik kəlamında ifadə etdiyi həqiqəti hər birimizdən yaxşı bilirdi: “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”.

8 Noyabr-Zəfər günü həm də Şuşa şəhəri günüdür. Son beş ildə Şuşa yenidən bərpa olunur, artıq keçmiş məcburi köçkünlərin bir hissəsi Azərbaycanın mədəniyyət paytaxtında, öz dədə-baba yurdlarında yaşayır. Bərpa olunmuş  Vaqif məqbərəsi, Xarıbülbül festivalı, Cıdır düzündən ucalan muğam sədası və Şuşa məscidlərindən Qarabağa yayılan Azan səsi bu gün hər birimizi, qardaş və dost xalqları, böyük Türk dünyasını nə qədər qürurlandırırsa, bədxahlarımızı da bir o qədər məyus edir. Hər dəfə onlara xatırladır ki, Azərbaycana qarşı çoxəsrlik məkrli planları iflasa uğradılıb. 

2021-ci il iyunun 15-də-Milli Qurtuluş Günündə qardaş Türkiyə ilə Müttəfiqlik Bəyannaməsinin məhz Şuşada imzalanması tariximizin və Haqqın ədalət qılıncıdır. İki gün sonra Azadlıq meydanında tarixi Qələbəmizin 5-ci ildönümünə həsr olunmuş Zəfər Paradı keçiriləcək. 50 milyon Azərbaycanlının qürur duyduğu Silahlı Qüvvələrimizin, qəhrəman əsgər və zabitlərimizin Zəfər keçidinə hər birimiz yenidən şahidlik edəcəyik. Mütləq onu da xatırlayacağıq ki, qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan beş il əvvəl keçirilən Zəfər Paradında Azərbaycanın Qələbə sevincini bölüşərək bu bəyanatı vermişdi: “Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, əziz qardaşım cənab Prezident İlham Əliyevə aiddir. Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirmişdir. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan ümummilli lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə, inşallah, dastan yazmaqda davam edəcək”.

İki il əvvəl suverenliyimizin tam və mütləq bərpasına xidmət edən birgünlük antiterror əməliyyatı bu dastanın şanlı səhifələrindən biridir. Vaşinqton Sammiti isə diplomatiya tariximizin ən parlaq səhifəsidir. 8 avqustdan sonra hətta bədxahlarımız da anladı ki, Azərbaycanın savaş meydanında qazandığı Zəfərin və Cənubi Qafqazda yaratdığı yeni reallığın nəticələri dünyanın ən qüdrətli dövləti tərəfindən də etiraf olunaraq qəbul edilir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunacaq yeni nailiyyətlərlə xalqımızı, qardaş və dost ölkələri, İnşallah, bundan sonra da sevindirəcək, bədxahlarımızı isə hər dəfə məyus edəcəyik!

Ülvi Quliyev,  Milli Məclisin deputatı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90