8 Noyabr Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılmış bir gündür. Bu tarix təkcə bir qələbə günü deyil, həm də xalqımızın iradəsinin, birliyinin və qəhrəmanlığının simvoludur. 2020-ci ilin 8 noyabrında Azərbaycan Ordusu uzun illər işğal altında qalmış Şuşa şəhərini azad etdi. Şuşanın azadlığı ilə Vətən müharibəsi öz zirvəsinə çatdı və bu hadisə müasir tariximizin ən şərəfli səhifələrindən birinə çevrildi.Çünki Şuşa Azərbaycanın mədəniyyət beşiyidir. Burada doğulmuş bəstəkarlar, şairlər və sənətkarlar xalqımızın milli kimliyini, ruhunu yaşadan simalardır. Bu müqəddəs şəhərin azad edilməsi təkcə bir torpaq parçasının deyil, həm də milli ruhumuzun, qürurumuzun bərpası idi.
44 günlük Vətən müharibəsi boyu Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında inanılmaz qəhrəmanlıq göstərdi. Xalq, ordu və dövlət bir yumruq kimi birləşdi. Bu birlik düşmən üzərində qələbənin əsas açarı oldu. Azərbaycan əsgəri çətin şəraitdə, dağ-meşə yollarında, əlverişsiz hava şəraitində belə, torpaq sevgisini, Vətən eşqini özündə daşıyaraq irəli atıldı. Hər bir döyüş, hər bir addım şəhidlərimizin qanı bahasına qazanıldı.8 Noyabrda Şuşanın azad olunması ilə düşmən artıq müqavimət göstərə bilmədi. Bu tarixi hadisə bütün ölkədə sevinc, qürur və göz yaşları ilə qarşılandı. Ulu öndər Heydər Əliyevin “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur” sözləri gerçəkliyə çevrildi.
Bu qələbə Azərbaycan xalqının sarsılmaz ruhunun, ədalət uğrunda mübarizəsinin nəticəsidir. 30 ilə yaxın həsrətinə son qoyduğumuz torpaqlarımıza qayıdış gününün rəmzi kimi 8 Noyabr – Zəfər Günü hər il böyük təntənə ilə qeyd olunur. Hər bir azərbaycanlı bu günü qürurla, minnətdarlıqla, şəhidlərimizin xatirəsinə ehtiramla yad edir.Bu təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qələbəsidir. Çünki bu savaşda ədalət, haqq və vətən sevgisi qalib gəldi. Azərbaycan sübut etdi ki, millətin birliyi, dövlətin iradəsi və xalqın sevgisi ilə heç bir düşmən qüvvəsi onun qarşısında dura bilməz.Bu gün Qarabağda yenidən həyat başlayır. Azad torpaqlarda yeni evlər, yollar, məktəblər, məscidlər tikilir. Şuşada musiqi yenidən səslənir, mədəniyyət dirçəlir. Bu, Azərbaycan xalqının dirçəlişinin, gələcəyə inamının göstəricisidir.8 Noyabr – Zəfər Günü əbədi olaraq xalqımızın qəlbində qalacaq. Bu gün bizə azadlığın, müstəqilliyin və birliyin dəyərini bir daha xatırladır. Qəhrəman əsgərlərimizin fədakarlığı, şəhidlərimizin qanı bahasına qazanılmış bu qələbə Azərbaycanın gələcək nəsillərinə ilham və qürur mənbəyi olacaq.
Baki Qızlar Universiteti tələbəsi Xudaşlı Ləman
Nəsimi rayon gənci






















