image-rt-reklam
image-ramil8backend

“Fərhad Əhmədov səs yazısını öhdəliyində olan ölkənin aidiyyatı qurumuna, yəqin, sızdırıb” – Ramil Məmmədli

image-728x90

“Şəhid polkovnik Babək Səmidlinin səs yazısı yayılandan sonra bildirdim ki, bu cür məsələlərin yayılması Azərbaycan Ordusunun nüfuzuna təsir edir, cəmiyyətdə Orduya qarşı inam və etibara xələl gətirir. Mətbuat, o cümlədən ictimaiyyət nümayəndələri arasında  mənimlə eyni fikirdə olan şəxslər də var idi. Təəssüf ki, fikirlərimiz başqa cür yozuldu, tənqid və təhqir obyektinə çevrildik. Lakin müəyyən müddətdən sonra hər şey açıqlandı. Məlum oldu ki, bu məsələdə maraqlı tərəf var. Allah şəhid polkovnik Babək Səmidliyə rəhmət eləsin. O, sözün əsl mənasında düşmən qarşısında illərdir xidmət edən, yüksək rütbəli zabit olub. Lakin Babək Səmidlinin mülki bir şəxslə, xarici ölkə qarşısında öhdəliyi olan, rusiyalı iş adamı, sərvətinin çoxu Rusiyada olan Fərhad Əhmədovla Orduda baş verən prosesləri, müharibə zamanı yaranan problemləri və s. danışmasının özü doğru deyildi. Bu informasiylar həm də hərbi strukturdaxili məxvi informasiyalardır ki, artıq bu gün Ermənistan və digər ölkələrin aidiyyatı hərbi kəşfiyyat strukturlarında qeydə alınıb. Yəqin ki, Babək Səmidli sağ olsaydı, özü də bu hala düzgün qiymət verərdi, etdiyi hərəkətin yanlış olduğunu deyərdi…”

Bu sözləri Pravda.az-a açıqlamasında Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi eskpert Ramil Məmmədli deyib.

R.Məmmdəlinin sözlərinə görə, səs yazısından da hiss olunur ki, sual verən tərəf, yəni Fərhad Əhmədov sistemli suallar verir: “O, sanki istintaq gedişi zamanı müstəntiqin verdiyi suallar formasında sual verir. Qarşı tərəf də bütün detalları ilə suallara cavab verir. Belə olan halda, ortaya bir sual çıxır: Rusiya vətəndaşı olan, orada öhdəliyi olan xarici bir vətəndaşla hərbi söhbətləri edən zaman bu cür sistemli şəkildə məlumat vermək nə dərəcədə doğru idi; bu sualların verilməsində və verilən cavabları diktofona, yaxud telefona qeyd edilməsində məqsəd nə idi? Məndə artıq bu məsələ ilə bağlı şübhə yoxdur. Belə başa düşürəm ki, mediaya ötürülməmişdən əvvəl Fərhad Əhmədov həmin səs yazısını öhdəliyində olan ölkənin aidiyyatı qurumuna, yəqin, sızdırıb. Yaxud kiminsə vasitəsilə bu materiallar ötürülüb. Ola bilər, dediklərimdə konkret ittiham məqamı olsun. Amma bir reallıq var – səs yazısının qeydə alınmasında və sonradan ötürülməsində məqsəd, istək nə idi? Qərbə bağlı olan Meydan TV vasitəsilə məlumatın yayılmasında diqqəti yayındırmaq məqsədi olub ki, Fərhad Əhmədov bununla məsələni öz üzərindən atıb”.

Ekspert başqa bir məqama da diqqət çəkib: “Sanki bu səs yazısı yayılandan sonra bəzi media qurumlarında, xüsusən sosial platformada, əsasən “Facebook”da Orduda xidmət etmiş bir qrup keçmiş hərbçi sistemli şəkildə həmin səs yazısını ölkə rəhbərliyinə, o cümlədən Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı istifadə etməyə başladı. Ayrı-ayrı adamların hər biri eyni informasiyanı söylədi. Həm sosial şəbəkədə, həm ümumi görüşlərdə səs yazısının bir iş adamı, biznesmen tərəfindən yazıldığını, sual verənin də həmin şəxs olduğunu dedilər. Ortaya belə bir nüans çıxır – uzun illərdir, Azərbaycan Ordusu, Silahlı Qüvvələrin rəhbər şəxsləri haqqında şaiyə, əsassız ittihamlarını səsləndirən, həmçinin Ordunun, dövlətin maraqlarını güdən, fikirlərində əsas bu xətti – dövlət maraqlarını tutan hərbi şərhçilərin hədəfə alınması da məhz həmin o zəncirin halqaları tərəfindən icra olunur. Fərhad Əhmədov və Babək Səmidlinin səs yazısı məsələsində də həmin şəxslər bu informasiyanın iş adamı tərəfindən həyata keçirildiyini qeyd etdilər. Sanki səs yazısı yayılmamışdan əvvəl artıq  hazırlıqlı olan şəxslər səs yazısı yayılan kimi bu məsələ ilə bağlı geniş açıqlama verdilər. Hesab edirəm, aidiyyatı qurumlar, hüquq-mühafizə orqanları, bu istintaq əməliyyatını aparan strukur araşdırmalıdır. Onlar bu açıqlamalarında Müdafiə Nazirliyinin rəhbər şəxslərini hədəf aldılar. Diqqəti səs yazısını qeydə alan, sualları verən, ümumiyyətlə bu prosesi hazırlayan adamlardan uzaqlaşdırmağa çalışdılar. Fərhad Əhmədov, yaxud səsi yazan iş adamı, prosesin icrasında əli olan adamlar nə qədər məsuliyyət daşıyırlarsa, bu məsələdə tərəf saxlayan, bunun Azərbaycan Ordusuna qarşı yönəlməsinə, cəmiyyəti bu istiqamətə yönəltməyə və əsas məsələdən diqqəti yayındırmağa çalışan sosial şəbəkə “qəhrəmanları”, ictimai şəxslər də o qədər məsuliyyət daşıyırlar, araşdırılmalı, istintaqa cəlb olunub, tənbeh edilməli, yaxud cəzalandırılmalıdırlar”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90