Qırğızıstanda kütləvi iğtişaşlar təşkil etməyə və hakimiyyəti zorakılıqla ələ keçirməyə açıq çağırış etməkdə ittiham olunan deputat saxlanılıb.
Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin Mətbuat Xidməti xəbər yayıb.
Məlumata görə, söhbət “Ata Yurd Qırğızıstan” fraksiyasından olan deputatdan gedir. Qurum onun inisiallarını – N.J.K. açıqlayıb.
“Facebook” sosial şəbəkəsinin fəal istifadəçisi olan N.J.K. vaxtaşırı kütləvi iğtişaşların təşkili və hakimiyyətin zorakılıqla devrilməsi və ya ələ keçirilməsi çağırışları da daxil olmaqla, tendensiyalı və təxribat xarakterli materiallar dərc edib”, – deyə məlumatda bildirilib.
“AKIpress” nəşri söhbətin 2012-ci ildən Kerbən şəhər keneşində (məclisində) deputat olan Janarbek Nadırbekovdan getdiyini iddia edib.
Qeyd edək ki, 2024-cü ilin əvvəlindən bu, Qırğızıstanda zorakı yolla hakimiyyəti ələ keçirmə planları ilə bağlı ilk səs-küylü həbs deyil. Apreldə Qazaxıstanla sərhəddə xüsusi xidmət orqanlarının versiyasına görə, kütləvi iğtişaşlar təşkil etməyi planlaşdıran qırğız biznesmeni saxlanılıb. İyulun əvvəlində isə hakimiyyəti ələ keçirməyə cəhd etdiklərinə görə beş qırğız həbs olunub.