Rusiya Müdafiə Nazirliyi bu gün Donetsk vilayətinin Çasov Yar şəhərinin “ələ keçirilməsi” ilə bağlı məlumat yayıb.
Ulusal.az Ukrayna mediasına istinadla xəbər verir ki, Ukrayna “Xortitsa” Əməliyyat-Strateji Qüvvələr Qrupunun sözçüsü Viktor Trequbov Rusiyanın Çasov Yarı işğal etməsilə bağlı məlumatı təkzib edib: “Çasov Yardakı vəziyyət son aylarda olduğu kimidir. Ruslar sadəcə olaraq yenə yalan danışırlar ki, bu, heç olmasa təkzib şəklində yayılsın”.
Bununla yanaşı, Ukrayna Müdafiə Nazirliyinə yaxın “DeepState” layihəsinin iyulun 30-na olan məlumatına görə, Çasov Yar şəhərinin yalnız şərq və şimal hissələri Rusiya qoşunlarının nəzarəti altındadır.
Pokrovsk istiqamətində isə vəziyyət daha gərgindir. Hərbi ekspert Denis Popoviç qeyd edib ki, Pokrovsk istiqamətində Ukrayna tərəfi üçün təhlükəli vəziyyət yaranıb. Xüsusilə, Konstantinovka yaxınlığında vəziyyət mürəkkəbdir. Belə ki, orada düşmən Kleban-Bık su anbarının arxasına keçməyə çalışır və buna nail olarsa, ruslar Konstantinovkanın ətraf rayonlarını təhdid edəcəklər: “Düşmənin bu cür manevrləri Çasov Yarı müdafiə edən Ukrayna hərbçiləri üçün də təhlükə yaradacaq”.