K.Nurullayeva qeyd edib ki, Azərbaycan xalqı 30 il ərzində bu tarixi anı gözləyirdi. Şuşaya hər zaman xüsusi münasibət olub. 270 yaşlı şəhər Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayıb. İşğal zamanı Şuşanı erməniləşdirməyə cəhd etsələr də, buna nail ola bilmədilər. Prezident İlham Əliyevin də söylədiyi kimi, “bu, onlar üçün yad şəhərdir, öz şəhəri saysaydılar, bu vəziyyətə salmazdılar”. Ermənistan Şuşanın azad olunacağına inanmaq istəmirdi. Çünki anlayırdılar ki, Şuşaya sahib olan bütövlükdə Qarabağa sahibdir. İki ildir, Azərbaycan bayrağı Qarabağın döyünən ürəyində – Şuşada dalğalanır. Bayram günlərində Cıdır düzündə zəfər tonqalları yandırırıq. Şuşa bu gün layiq olduğu yerdədir. Öz sahiblərini qarşılayır. Müzəffər Ali Baş komandan İlham Əliyevin də bəyan etdiyi kimi, biz Şuşanı dirçəldirik. Təsadüfi deyil ki, Prezidentin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edildi. Şəhərdə Azərbaycanın mədəniyyət paytaxtı kimi bütün ənənələr bərpa olunmaqdadır. Xarıbülbül festivalı, Vaqif poeziya günləri, ziyalılarımızın ev muzeylərinin, dini-mədəni abidələrin bərpası, güllələnmiş heykəllərin doğma torpağa aparılması, bir sözlə Şuşa yarixi Azərbaycan şəhəri kimi yenidən öz imicini bərpa edir. Mədəniyyət paytaxtı olmaqla yanaşı həm də beyin mərkəzinə çevrilməkdədir. Beyin mərkəzlərinin nümayəndələrinin toplaşdığı məkan kimi qlobal trendlərin, yeni çağırışların müzakirə olunduğu beynəlxalq platformalara ev sahibliyi edir.
Deputat qeyd edib ki, Prezident sərəncamı ilə 2022-ci il “Şuşa ili” elan olunub. Bu çərçivədə həyata keçirilən tədbirlər isə mədəniyyət paytaxtımızın inkişafına və nüfuzunun daha da artmasına zəmin yaradır. Şuşada bütün tarixi binalar bərpa edilir. Şuşa Realnı Məktəbi, Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Qazançı kilsəsi, Bülbülün ev muzeyi, Vaqifin türbəsi, Cıdır düzü tarixi dəyər daşıyır. Bu abidələrin hər biri Şuşa şəhərinin tarixin bütün mərhələlərində Azərbaycan xalqına məxsusluğunu təsdiqləyir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi, Şuşa Qarabağın tacıdır, təkrarolunmaz şəhərdir. Şuşanın yerləşməsi, təbiəti, havası, iqlimi, tarixi abidələri, dini abidələrimiz, şəhərin memarlıq ansamblı bizim milli sərvətimizdir. Biz Şuşaya qayıtmışıq və bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaq.