“Azərbaycan xalqının tarixində ən önəmli və heç vaxt unudulmayacaq bir səhifə var. O səhifə qeyrət qalamız, Türk dünyasının mədəniyyət beşiyi Şuşanın erməni işğalından azad edilən gün – 8 noyabr tarixində Müzəffər Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi və ordu-xalq birliyi sayəsində 44 günlük müharibədə əldə edilən Zəfərlə yazılıb”.
Ulusal.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aydın Hüseynov səsləndirib. Millət vəkili bildirib ki, bu Şanlı tarix 30 illik işğalın sonunu gətirdi:
“Qarabağ azadlığına qovuşdu, başımızın dik durması üçün xalqımız əlindən gələni əsirgəmədi, ordumuz da dünyaya səs salacaq bir qəhrəmanlıq səlnaməsi yazdı. Azərbaycan xalqı özü öz gücünə BMT-nin qəbul etdiyi, lakin 30 ilə yaxın bir müddətdə kağız üzərində qalmış qətnamələrini icra etdi. Ali Baş Komandan İlham Əliyev Azərbaycanı qalib ölkəyə, Azərbaycan xalqını qalib xalqa çevirdi”.