1990-cı illərin əvvəllərində Azərbaycan ciddi təhlükə və təhdidlərlə üz-üzə qalmışdı. AXCP-Müsavat cütlüyünün səriştəsizliyi, iqtisadi tənəzzül, ictimai-siyasi sabitliyin pozulması, torpaqlarımızın Ermənistan tərəfindən ard-arda işğalı ölkəni sürətlə uçuruma aparırdı. Ölkə artıq vətəndaş müharibəsi və qardaş qırğını ərəfəsində idi. Bütün bu təhdidlərin və faciələrin qarşısını Ulu Öndər Heydər Əliyev öz həyatını təhlükəyə ataraq aldı.
Ölkənin belə bir ağır dövrdə olduğu zamanda ölkənin gələcəyini düşünən bir qrup ziyalı və ictimai xadim bir araya gələrək Yeni Azərbaycan Partiyasının yaradılması təşəbbüsünü irəli sürdülər. Qısa müddətdə Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə Yeni Azərbaycan Partiyasının formalaşması istiqamətində ciddi addımlar atıldı. Həmin dövrdən başlayaraq Yeni Azərbaycan Partiyası sürətli inkişaf mərhələsinə daxil oldu, Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynadı. Beləliklə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə gəldi. Əgər Ulu Öndər Heydər hakimiyyətə gəlməsə və təxribatların qarşısını qətiyyətlə almasa bəlkə də bu gün Azərbaycan yox idi. Çünki ermənilərin əsas məqsədi və hədəfi bütövlükdə Azərbaycanı işğal etmək idi. Onun hakimiyyətə gəlməsi və həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində Ermənistanın bu məkrli və çirkli planının qarşısı alındı. Ulu Öndər uzaqgörən və müdrik addım ataraq Ermənistanla atəşkəs sazişinin imzalanmasına nail oldu. Bu Azərbaycana gücünü toplamaq, ordu quruculuğunu uğurla aparmaq, inkişafa nail olmaq üçün yeni imkanlar yaratdı.
Beləliklə həmin dövrdən başlayaraq Azərbaycan mərhələli şəkildə düşdüyü ağır durumdan çıxmağa başladı. İqtisadi inkişaf, ictimai-siyasi sabitlik təmin olundu, ordu quruculuğu istiqamətində ciddi addımlar atıldı. Azərbaycan ordusu tezliklə dünyanın güclü orduları sırasına daxil oldu.
Sonrakı dövrdə bu qəhrəman ordu sayəsində Azərbaycan 44 günlük müharibədə torpaqlarımızı Ermənistanın işğalından azad edərək şanlı qələbəsini təmin etdi. Son 250 illik tarixində ilk dəfə Azərbaycan torpaq itirmədi, işğala qalmış ərazilərini 44 günlük müharibədə qəhrəmancasına azad etdi. Azərbaycan xalqı məğlub xalqdan qalib xalqa çevrildi.
Sonrakı dövrdə Prezident İlham Əliyev bu siyasəti böyük uzaqgörənliklə və müdrikliklə davam etdirdi. Ulu Öndər Heydər Əliyevin başlatdığı işləri uğurla sona çatdırdı. Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından biri Qarabağın azad olunması idi. 2020-ci ildə onun bu arzusu da Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, xalqımızın birliyi, həmrəyliyi, qəhrəman vətən övladlarının rəşadəti nəticəsində həyata keçdi.
Bu gün Yeni Azərbaycan Partiyası öz fəaliyyətində Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi prinsip və ideyalara sadiqlik nümayiş etdirərək Azərbaycanın ictimai və siyasi həyatında fəal rol oynayır. Vətən müharibəsində qələbədə Yeni Azərbaycan Partiyasının xüsusi payı var. Partiya mənsubları bütün platformalarda Azərbaycan həqiqətlərinin təbliği, erməni vəhşiliyinin ifşası istiqamətində böyük fəallıq nümayiş etdirir, informasiya müharibəsinin ön cərgəsində liderliklərini qoruyurlar. Bu gün Yeni Azərbaycan Partiyası uğurlu fəaliyyəti, qurduğu əməkdaşlıqlarla Qafqazın ən böyük, ən mütəşəkkil partiyasına çevrilib. Qarşıda isə çox ciddi hədəf və məqsədlər bizi gözləyir.
Beləliklə tam əminliklə söyləyə bilərik ki, Yeni Azərbaycan Partiyası Azərbaycanı qələbələrə aparan, müstəqilliyimizn və qələbəmizin möhkəmlənməsində ciddi payı olan partiyadır. Vətən Müharibəsində mütləq qələbə, Azərbaycanın keçdiyi uğurlu inkişaf bu fikri bir daha təsdiq etdi.
Heç şübhəsiz ki, Yeni Azərbaycan Partiyası bundan sonra da Azərbaycanın tarixində, ictimai-siyasi həyatında öz nüfuzunu və mövqeyini qoruyaraq ölkəmizin inkişafına öz ciddi töhfəsini verəcək. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”.
Ceyhun Məmmədov
Millət vəkili