image-rt-reklam
image-4backend

Bu gün “dördüncü hakimiyyət”in üzərinə böyük məsuliyyət düşür

image-728x90

XXI əsrin mediası dünyaya indiyə qədər mümkünsüz görünənləri göstərdi. İnternet artıq dünyanın hər yerində insanların vaxtilə əlçatmaz olan istəklərini, tələblərini qarşılayır. İnformasiya-kommunikasiya texnologiyaları əsrində  yeni media da davamlı olaraq rəqəmsal cihazlarda mövcud olan və məzmunun yaradılmasında, paylanmasında istifadəçilərin fəal iştirakını nəzərdə tutan kütləvi informasiya vasitələrinin mövcudluğu üçün yeni bir formatdır. Danılmaz faktdır ki, artıq ölkəmizdə dünya standartlarına uyğun media, elektron və yazılı KİV formalaşıb. Yəni, medianın son 10-15 ildə yaşadığı inkişaf tendensiyaları xüsusilə təqdirəlayiqdir. Cəsarətlə demək olar ki, son illər milli mediamızın əldə etdiyi nəticələr, əslində məzmununa və keyfiyyətinə görə ötən tarixi dövr ərzində əldə olunmuş nailiyyətlərlə müqayisədə daha üstündür.

İnternet jurnalistikası da inkişaf edir. Bu gün Azərbaycanda gündəlik, həftəlik və aylıq qəzetlər cəmiyyətin informasiya tələbatının ödənilməsində öz dəstəyini göstərir. Ölkə əhalisinin 80 faizindən çoxu fəal internet istifadəçisidir. Sosial mediadan istifadə edənlərin sayı isə 2 milyondan artıqdır.

Son illərdə, həmçinin media orqanlarına dövlətin maliyyə dəstəyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması, sosial müdafiəsi, KİV nümayəndələrinin mənzil şəraitinin yaxşılaşdırılması, media ilə cəmiyyətin əlaqələrinin möhkəmləndirilməsi, eyni zamanda, media ilə dövlət orqanları arasında sədlərin götürülməsi və birləşdirilməsi yönündə böyük işlər görülüb. 2021-ci il yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzaladı. Fərmana əsasən yaradılan  Medianın İnkişafı Agentliyi və atılan bir çox başqa addımlar media sahəsinin inkişafı məsələlərinin dövlətin diqqətində olduğunu bir daha təsdiq etdi. 2022-ci il dekabrın 14-də söz və mətbuat azadlığı sahəsində dövlətin yeni hədəflərini müəyyənləşdirməyə, onun iqtisadi bazasını, kadr potensialını və peşəkarlıq səviyyəsini artırmağa, KİV sahəsində suverenliyimizi qorumağa xidmət edəcək “Media haqqında” qanun layihəsi Milli Məclisdə qəbul edildi.

Hər bir ölkənin inkişafını təmin edən ən mühüm amillərdən biri dövlət-cəmiyyət münasibətlərində harmoniyanın təmin edilməsidir. Bu harmoniyanın yaradılmasında medianın da öz rolu var. İnkişafına dövlət tərəfindən daim dəstək göstərilən media vasitələri ölkədə ictimai nəzarətin gücləndirilməsində əhəmiyyətli rol oynayır. İctimai nəzarətin əsas məqsədi məsul şəxslərə icra etdikləri vəzifələrini vicdanla yerinə yetirməyi, səmərəli  olmağı öyrətməkdir.  İctimai nəzarətin missiyası vəziyyəti düzəltməkdir. Bu baxımdan “dördüncü hakimiyyət” kimi dəyərləndirilən medianın üzərinə də böyük məsuliyyət düşür.

2022-ci il yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində medianın ictimai nəzarət rolunu vurğuladı: “Eyni zamanda, biz cəmiyyətdə də elə ab-hava yaratmalıyıq ki, ictimai nəzarət güclənsin. Siz yaxşı bilirsiniz ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm. Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin. İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin”.

Ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıyan yubileylə bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Milli Mətbuatın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı yerini, mədəniyyətin, maarifçiliyin inkişafında rolunu, müasir cəmiyyət quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsində töhfələrini nəzərə alaraq, Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi ölkəmizdə geniş qeyd olunur. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası ilə birlikdə ölkə ərazisində yubiley tədbirlərinin keçirilməsini təmin edirlər.

Bu da önəmli faktdır ki, mətbuatın inkişafı, tərəqqisi üçün göstərilən dövlət dəstəyi digər xarici ölkələrdə mövcud deyildir. Məhz bununla da Azərbaycan dövləti obyektiv və qərəzsiz mətbuatın inkişafında maraqlı olduğunu dünyaya həmişə açıq şəkildə göstərir.

Təranə Tağıyeva – BDU,  Beynəlxalq munasibətlər və iqtisadiyyat fakultəsinin dosenti,  Tarix üzrə fəlsəfə doktoru

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90