Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 17 dekabr tarixindən etibarən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Bakı və Abşeron ərazisində təşkil olunan “Kənddən Şəhərə” Yeni il yarmarkaları davam edir.
Ulusal.az xəbər verir ki, yarmarkaların təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və bayram ərəfəsində şəhər sakinlərinin kənd təsərrüfatı və qida məhsullarına olan tələbatlarını təbii məhsullarla dolğun şəkildə qarşılamaqdır.
“Kənddən Şəhərə” Yeni il yarmarkasında 50-ə yaxın regiondan 70-dən artıq fermer iştirak edir. Bu həftəsonu iştirakçı fermerlər sırasında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” aqroturizm layihəsinə qoşulmuş fermerlər də yer alacaqlar. Yarmarkada aqroekoturizm layihələrinin təqdimatı keçiriləcək. Şamaxı, İsmayıllı, Lənkəran və Astara rayonlarından gələn fermerlər şəhər sakinlərinə öz aqroturizm təsərrüfatları barədə geniş məlumat verəcək, eyni zamanda təsərrüfatlarında yetişdirdikləri və istehsal etdikləri məhsulları alıcılara təqdim edəcəklər.
Qeyd edək ki, “Kənddən Şəhərə” Yeni il yarmarkalarında iştirak tamamilə ödənişsizdir. Burada fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi, soyuducu və digər ləvazimat və avadanlıqlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edirlər. Məhsullarının daşınmasında çətinlik yaşayan fermerlərə isə təşkilatçı qurum tərəfindən loqistik dəstək göstərilir.Yarmarkalarda satışa çıxarılan məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Belə ki, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərir.
“Şəhərdən Kəndə” layihəsinin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır.
Layihə çərçivəsində bu günə qədər yerli və əcnəbi mütəxəssislər tərəfindən həyata keçirilən təlimlərdə 115 təsərrüfat sahibi iştirak edib. Ümumilikdə isə layihəyə qoşulmaq üçün 200-dən artıq aqrar sahibkar qeydiyyatdan keçib. Baxış keçirilən 134 fermer təsərrüfatından 97-si aqroturizm fəaliyyətləri üçün uyğun hesab edilib.