image-rt-reklam
image-1backend

ABŞ-İran savaşı an məsələsidir – qarşısıalınmaz proses, yoxsa…

image-728x90

Artıq dünya mediası, ictimaiyyəti ABŞ-İran müharibəsindən təlaşla danışır. Təhlilçilər bildirir ki, bu müharibə artıq qaçılmaza çevrilir. Görünən budur ki, İran təhdidlərdən qorxub geri çəkilmək niyyətində deyil, əksinə, bölgədəki Amerika bazalarını vurmağa başlayır.

İordaniyanın şimal-şərqindəki ABŞ hərbi bazasına pilotsuz uçuş aparatları ilə hücum edilib. Hücum nəticəsində 3 ABŞ əsgəri ölüb, çoxlu sayda əsgər yaralanıb. ABŞ prezidenti Co Bayden İranı günahlandırsa da, İran ittihamları rədd edib. Bayden hücumu “qəbuledilməz” hesab edib və sərt cavab vəd edib, lakin bu, onu respublikaçı fiqurların sərt tənqidlərindən xilas edə bilməyib. Keçmiş prezident Donald Tramp “üçüncü dünya müharibəsi”nin astanasında olduğumuzu iddia edir, respublikaçı senator Lindsey Graham isə Baydeni İrana zərbə endirməyə çağırır.

Məlumata görə, 3 əsgərin ölümünə səbəb olan hücumdan sonra Ağ Ev qisas üçün hazırlıqlara başlayıb. Bildirilir ki, ABŞ prezidenti Co Bayden dünən axşam şəxsi təhlükəsizlik komandası ilə iki ayrı görüş keçirib.

ABŞ Dövlət katibi Entoni Blinken Vaşinqtonun cavabının tədricən ola biləcəyini vurğulayıb. Britaniyanın “The Telegraph” qəzeti Baydenin “təhdidlərə birbaşa cavab verməsi” üçün böyük təzyiq altında olduğunu yazıb və “ABŞ-ın İranla birbaşa müharibə aparmaqdan başqa çarəsi olmadığını” qeyd edib.

ABŞ-ın İrana birbaşa hücumu haqda isə birmənalı rəylər yoxdur. Bu, ən qorxunc ssenari hesab olunur. Bəzi ekspertlər isə deyir ki, qəfildən İrana ABŞ bombardmançılarının daxil olması da istisna deyil.

Faktiki olaraq vəziyyət 2010-2012-ci illərdəki kimi kritikə gəlib çatıb. O dönəmdə bir sıra ekspertlər hətta Amerikanın İrana hücum tarixlərini də açıqlayırdılar. Ancaq bu reallaşmadı. Bəs indi necə olacağı proqnozlaşdırılır? Böyük savaşdan yenə də yan keçmək variantı varmı?

Politoloq Oktay Qasımov  bildidi ki, Amerika-İran münasibətləri kifayət qədər mürəkkəb sxemə malikdir. Belə ki, İranda hazırkı rejim hakimiyyətə gələndən Amerika ilə başlanan gərgin münasibətlər özünün indi daha gərgin dövrünü yaşayır. Müxtəlif dövrlərdə münasibətlər kritik həddə çatıb. İndi də ən kritik hədd olduğunu müşahidə edirik: “Məlum 11 sentyabr terrorundan sonra ABŞ-ın o zamankı prezidenti Corc Buş İranı şər üçbucağının əsas ölkələrindən biri kimi dəyərləndirmişdi. Məhz o dövrdən bəri Amerikanın İrana hücum planlarının mövcudluğu haqqında dünya mediasında müxtəlif fikirlər yayılıb. Bir çox siyasi ekspertlər, siyasilər bunun nə zamansa baş verəcəyini söyləyirlər. Bu gərginliklər permanent xarakter daşıyır. Yəni ABŞ-İran münasibətləri gah gərginləşir, gah nisbətən səngiyir. Hətta bəzən belə iddialar irəli sürülür ki, əslində Amerika ilə İran arasında gizli əməkdaşlıq var. 10-12 il öncə də münasibətlər kifayət qədər gərgin idi. Lakin nə qədər gərginləşsə də müharibə fazasına keçmədi. Hətta o zaman İrana hərbi hücumun çox qısa zamanda həyata keçəcəyi ilə bağlı fikirlər səslənirdi, tarix göstərilirdi. Lakin heç vaxt bu fikirlər reallaşmayıb. Hesab edirəm ki, bu gün də Amerika belə bir avantüraya getməyəcək. Çünki İran nə Suriya deyil, nə İraq, Əfqanıstan deyil. Bütün neqativlərinə baxmayaraq İran köklü dövlətdir, iqtisadi və hərbi potensialı yüksəkdir, əhali sayı kifayət qədər yüksəkdir. Yəni İrandan Amerikaya olacaq müqavimət heç bir ölkə ilə müqayisə olunmayacaq səviyyədə olar və bu savaş Amerika üçün bataqlığa çevrilər. Məhz bu baxımdan mən düşünmürəm ki, Amerika ilə İran arasında böyük müharibə baş verəcək”.

Politoloq qeyd etdi ki, son aylarda yaxın və orta şərqdə baş verənlər, xüsusilə İsrail-HƏMAS savaşı, Livanda “Hizbullah”ın aktivləşməsi, Qırmızı dənizdə husilərin dünya ticarətinə vurduğu zərərlər, Amerika və İsraili dəstəkləyən gəmilərin hədəfə alınması təbii ki, İranla əlaqəli prosesin tərkib hissəsidir: “ABŞ da məhz husilərə zərbələr endirməklə İrana mesajlar verməyə çalışır. İran təbii ki, borclu qalmır. İran Amerikanın Ərbildəki konsulluğunu hədəf aldı, İordaniya sərhədində ABŞ hərbi bazasına edilən hücum əlbəttə Amerika üçün cavablardır. ABŞ prezidenti də bu zərbələrin cavabının veriləcəyini bəyan edib. Amma ABŞ-ın cavabı İranla böyük müharibəyə getmək olmayacaq. Uzağı İranın proksi qüvvələrinə yönəlik addımlar atılacaq, İranın müəyyən şəhərlərində yerləşən xüsusilə də nüvə proqramı ilə məşğul olan strateji mərkəzlər hədəfə alına bilər. Yaxud İslam İnqilabı Keşikçiləri Korpusunun müəyyən obyektləri İran ərazisində vurula bilər. Amerika bunu edə bilər, amma bütün hallarda bunlar hamısı kiçik miqyaslı qarşılıqlı zərbələr şəklində həyata keçiriləcək və iki dövlət arasında böyük müharibə şəklini almayacaq.

Ən azından hazırda ABŞ seçki ilinə qədəm qoyub, həmçinin Ukrayna müharibəsi hələ də bitməyib və Vaşinqton həm də bura ilə məşğuldur. Bu amillər də İranla müharibəni istisna edir. Digər tərəfdən, İrana qarşı daha sərt mövqeyi ilə tanınan Donald Tramp seçkidə hakimiyyətə gəlsə, o zaman da Amerikanın İrana qarşı müharibəyə başlayacağını düşünmürəm”.“Yeni Müsavat”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90